Ukrayna böhranında Qərbin səhvi Dünya

Ukrayna böhranında Qərbin səhvi

"Ayrı-ayrı şəxslərə tətbiq edilən bank hesablarının dondurulmasının nəticəsi yoxdur"

ABŞ senatorları Obamanı Ukraynanı slahlandırmağa çağırdılar

Cavid

Ukraynada vəziyyət gərgin olaraq qalmaqdadır. Rus hərbi texnikasının yenidən Ukrayna ərazisində olduğu görüntülər sosial şəbəkələrdə yayılıb. Rəsmi Moskva isə Ukraynada hərbi texnikasının olmadığını israr edir. Qərb isə hələ də Ukraynaya hərbi yardımı ilə bağlı verdiyi vədini yerinə yetirməkdə ləngilir.
Sabiq senator respublikaçı Qordon Hemfri bildirib ki, Ukraynanı parçalamaq məsələsində Ağ Ev artıq Putinə mane olmaq istəmədiyini göstərib. Hakimiyyətin qolu olan Konqres Obamanın məsuliyyətini öz üzərinə götürməyi bacarmalıdır.
Onu fikrinə görə, Senat yanvar ayını gözləmədən dərhal hərəkət etməlidir. Ukraynaya silah verilməsinin növbəti dəfə ertələnməsi Putinə qüvvələrini cəmləşdirib yenidən hücuma keçmək şansı verəcək. Gecikmə NATO və Pribaltika ölkələri üçün də təhlükədir.
Ukraynaya silah verilməsini ilk təklif edənlər senatorlar Karl Levin və Robert Menendes olub.
Böyük Britaniya isə yeni "soyuq müharibə" istəmədiyini, lakin Ukraynada vəziyyətin gərginləşdiyi halda, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazır olduğunu bildirib. Bunu Böyük Britaniyanın Baş naziri Devid Kemeron bəyan edib.
"Rusiyanın hərəkətləri Avropa üçün ciddi təhlükə kəsb edir", deyə Kemeron bildirib. Baş nazir əlavə edib ki, Ukraynada vəziyyət dəyişməsə, Böyük Britaniya Rusiyaya qarşı təzyiqləri artıracaq.
Bundan əvvəl Niderland hökuməti Rusiyaya qarşı sanksiyaların ləğvi üçün əsas olmadığını bildirmişdi.
Sabiq ABŞ dövlət katibi, Nobel sülh mükafatçısı Henri Kissincer isə Ukrayna böhranında Qərbin səhvinin olduğunu etiraf edib. Bu açıqlamanı "Şpigel" jurnalına verib.
Kissinncer deyib: "Krım xüsusi haldır. Əgər Qərb ədalətli olmaq istəyirsə, səhv buraxdığını qəbul etməlidir. Krımın birləşdirilməsi dünya hegemonluğuna iddia deyildi. Bunu Hitlerin Çexoslovakiyaya müdaxiləsi ilə müqayisə etmək olmaz".
Keçmiş diplomatın sözlərinə görə, Putin Soçidəki olimpiadaya on milyardlarla dollar xərcləmişdi. Rusiya özünü Qərb mədəniyyəti üçün açıq, qabaqcıl ölkə kimi göstərmək istəyirdi. Olimpiadadan bir həftə sonra Krıma müdaxilə edib, Ukrayna ilə müharibəyə başlamaq Putinə sərf etmirdi.
"Bəs nə üçün o, belə etdi? Çünki Avropa və ABŞ hadisənin əhəmiyyətini başa düşmədən Ukrayna ilə iqtisadi əlaqələr haqda danışıqlara başladılar. Sonra bu danışıqlar Kiyevin küçə etirazlarına çevrildi. Üzvlük məsələsi Rusiya ilə dialoqun predmeti olmalı idi. Ukrayna hər zaman Rusiya üçün xüsusi əhəmiyyət kəsb edib və bunu başa düşməmək ölümcül səhv idi".
Diplomat Rusiya və Qərb arasında başlayacaq "soyuq müharibə" təhlükəsindən də xəbər verib. Bu təhlükəni görməzdən gəlmək olmaz. Çünki nəticələr faciəvi ola bilər.
Bundan əlavə Kissincer Rusiyaya sanksiyaların tətbiqini tənqid edib: "Sanksiyalar dövlətləri məcbur edəcək ki, müdafiə mövqeyində dursunlar və öz iqtisadiyyatlarını bir əldə cəmləşdirsinlər. O, ayrı-ayrı şəxslərə tətbiq edilən bank hesablarının dondurulmasını da tənqid edib. Bunun nəticəsi yoxdur. Vladimir Putin strateji zəifliyini taktik güclə örtməyə çalışır. Buna baxmayaraq, digər siyasi böhranların həlli üçün ABŞ Rusiyaya möhtacdır. Bunlara Suriya və İranın nüvə proqramı daxildir. Bu problemləri həlli daha çox vacibdir, nəinki Kremllə münasibətləri pozmaq".
Rusiyanın NATO-da iştirakına gəldikdə, o, bildirib ki, bu heç vaxt baş tuta bilməz. NATO üzvləri arasında bu məsələdə dərin fikir ayrılığı var.
"Krımın mart ayında Rusiyaya birləşdirilməsindən sonra NATO ilə Rusiya arasında münasibət həddi hiss olunacaq dərəcədə gərginləşib". Bu, Avropa birliyi liderlərinin çoxtərəfli nüvə tərksilah və yayılmaması üçün (European Leadership Network) ekspertlərin hesabatında öz əksini tapıb. Onların hesablamalarına görə, son 8 ayda Rusiya ilə Şimali Atlantika Alyansı arasında 40-a yaxın potensial, o cümlədən 11 daha ciddi insident yaşanıb. Ekspertlər birbaşa hərbi münaqişəyə çevrilə biləcək 3 xüsusi ciddi insidentin baş verdiyini də qeyd ediblər. Belə insidentlər arasında rusiyalı təyyarəçi-kəşfiyyatçısı ilə bağlı olay, Rusiya xüsusi xidmət orqanlarının Estoniya təhlükəsizlik polisinin əməkdaşını saxlamasını, İsveç sularında axtarış həyata keçirən Rusiya sualtı qayığı çəkilib.
Təyyarə ilə bağlı insident martın 3-də baş verib. SAS hava şirkətinə məxsus təyyarə 132 sərnişinlə Romaya tərəf uçarkən Kopenhagendəki hava limanından qalxandan az sonra Rusiya kəşfiyyat-təyyarəsi ilə toqquşmadan son anda yayına bilib. Ekspertlərin fikrincə, bu, yalnız SAS pilotlarının hava məkanını yaxşı görə bilmələri və diqqətliliyi səbəbindən olub.
Sentyabrın 5-də Estoniya təhlükəsizlik xidmətinin əməliyyatçısı Rusiya agentləri tərəfindən Estoniya ərazisində tutulub. İnsident ABŞ prezidenti Barak Obamanın Baltikyanı ölkələrə dəstək bəyanatından sonra yaşanıb. Moskva iddia edib ki, həmin şəxsin saxlanılması Rusiya ərazisində həyata keçirilib.
Rusiya və NATO ölkələri arsında qarşıdurmayasəbəb ola biləcək sonuncu daha təhlükəli epizod Rusiya sualtı qayığının İsveç ərazisindəki sularda görünməsidir. Oktyabrın 17-də İsveç silahlı qüvvələrinin baş komandanı Sverker Yoranson bəyan edib ki, zərurət yaranarsa, hərbi qüvvələr səfərbər olunacaq və sualtı qayıq suyun üzünə qaldırılacaq. Rusiya isəöz sualtı qayığının İsveç akvatoriyasında olduğunu təkzib edib.
Bunları nəzərə alaraq ekspertlər Rusiya tərəfinə hərbi sahədə riskləri azaltmağı məsləhət görüblər. "The New York Times" qəzeti avqust ayında Rusiya və Böyük Britaniyanın keçmiş xarici işlər nazirləri İqor İvanov və Malkolm Rifkinin məqalələrini dərc edib. Həmin məqalələrdə söhbət Ukrayna münaqişəsinin Rusiya ilə NATO arasında birbaşa hərbi münaqişəıyə keçə biləcəyi təhlükəsi də vurğulanıb.
"The Financial Times" nəşri isə SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun bir müddət əvvəlki "dünya yeni "soyuq müharibə" ərəfəsindədir" bəyanatını xatırladıb.
Birləşmiş Ştatlar Rusiyanı Ukraynanın şərqində rusiyayönlü separatçılara silah və digər dəstək göstərməklə "atəşi alovlandırmamağa" səsləyir. ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, Vaşinqton "Rusiyanın Donbas regionunda separatçılara tanklar və digər ağır texnika göndərməklə hərbi iştirakını artırmasını" pisləyir.
Bu bəyanatdan bir neçə gün öncə ATƏT bildirib ki, müşahidəçiləri Donetsk regionunda ağır texnika və tanklarının sayının artdığını görüb.
Psaki Rusiya və separatçıları 5 sentyabr tarixli atəşkəs sazişinin "kobudcasına pozmaqda" ittiham edib. O, xəbərdarlıq edib ki, Moskva "sabitsizləşdirmə və təhlükəli hərəkətləri davam etdirsə", ödəyəcəyi bədəl də artacaq.
Moskva Ukraynaya əsgər və ya silah göndərmədiyini deyir. Lakin Psaki qeyd edib ki, Kreml Ukraynada öldürüldüyü iddia olunan rus əsgərlərinin ölüm şəraitini dövlət sirri elan edib.