Rusiya Ukraynaya müharibə elan edib Dünya

Rusiya Ukraynaya müharibə elan edib

Amma bunun Putinə başa başa gələcəyi söylənilir

Cavid

Ukrayna prezidenti Vladimir Putinin Ukraynaya qoşun yeritmək üçün Federasiya Şurasına müraciət etməsi və müraciətin qəbulu dünyanı Kremlin imperialist siyasətinə qarşı birləşdirib. Xatırladaq ki, Putin rus qoşunlarının Ukraynaya müdaxiləsini "Ukraynada yaranmış qeyri-adi vəziyyət", "Rusiya Federasiyasının vətəndaşlarının, bu ölkədə yaşayan rusların təhlükəsizliyini təmin etmək zərurəti" ilə "əsaslandırmağa" çalışıb.
Rusiya Federasiya Şurasının Ukrayna ərazisinə qoşun yeridilməsinə razılıq verməsi Kiyevdə sərt reaksiya doğurub. "UDAR"ın lideri Vitali Kliçko Rusiyanın hərbi təcavüzü ilə bağlı Ukraynada ümumi səfərbərlik elan edilməsinə çağırıb. Həmçinin, Kliçko Ali Radanın təcili sessiyasının çağırılmasının və Krımda Rusiyanın Qara dəniz hərbi donanmasının mövcudluğu barədə sazişin qüvvədən salınmasını müzakirə etməyi vacib sayıb. "UDAR"ın lideri əmindir ki, rəsmi Kiyev Budapeşt memorandumunun təmin edilməsi üçün Ukraynanın zamin dövlətlərə müraciət etməlidir.
Ukraynanın baş naziri Arseniy Yatsenyuk isə bəyan edib ki, Rusiya hərbi birləşmələrinin ölkə ərazisində hərəkətə gəlməsi Ukrayna ilə daha öncədən əldə edilmiş razılaşmanı pozur. tsn.ua agentliyi xəbər verir ki, Ukraynanın baş naziri rus hərbi birləşmələri Krım yarımadasına daxil olmaqla Qara dəniz donanmasının müdaxiləsi əldə edilən bütün razılaşmaları pozduğunu deyib.
Bu arada ölkənin müdafiə naziri vəzifəsini müvəqqəti olaraq icra edən İqor Tenyux qeyd edib ki, rus hərbi birləşmələri Ukrayna sərhədlərini havadan da pozublar. Tenyux onu da bildirib ki, hazırda Krımda 8 hərbi yük daşıyıcısı olan İL-76 təyyarəsi, 10 ədəd Mi-8 və Mi-9 helikopterləri, eləcə də 30 zirehli maşın mövcuddur.
Onu da bildirək ki, fevralın 28-də Krım Hazirlər Şurasının sədri Sergey Aksyonov Krımda sülhün təmin edilməsinə kömək üçün Rusiya prezidenti Putinə müraciət edib. O Muxtar Respublikada qeyri-müəyyən silahlı bölmələrin yerləşdirildiyini və güc strukturlarının vəziyyəti effektiv şəkildə nəzarətdə saxlamağı bacarmadığını qeyd edib.
Sergey Aksyonov onu da bildirib ki, Krımda muxtariyyətinin statusu haqqında referendum isə martın 30-da keçiriləcək. O deyib ki, zərurət yarandığından referendum vaxtından 2 ay əvvəl tezləşdirilib. O həmçinin qeyd edib ki, referendum ölkədə adətən mayın 25-də həyata keçirilirdi.
Krımdakı Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov bildirib ki, yarımadada vəziyyət gərginləşməkdə davam edir: "Rusiya hərbçiləri öz əhatə dairələrini genişləndirirlər. Müxtəlif obyektləri, idarələri öz əllərinə keçirməkdə davam edirlər. Yerlərdə özünümüdafiə qüvvələri yaradılır ki, təxribatlar olmasın. Amma rus qoşunlarına qarşı partizan dəstələri və ya başqa müdafiə dəstələrinin yaradılması barədə deyilənlər doğru deyil. Çünki hamı başa düşür ki, bu boyda Ukrayna dövləti rus qoşunlarına qarşı hər hansı müqavimət göstərməyə cəsarət etmirsə, əliyalın insanların da onlara qarşı müqavimətindən danışmaq yersiz olardı. Bilirsiniz, Krım ərazisində Ukrayna hərbçiləri yerləşir. Məlumatlar gəlir ki, Rusiya qoşunları Ukrayna hərbi hissələrini mühasirəyə alıb və onların təslim olmasını istəyirlər. Adamların istədiyi odur ki, Rusiya hərbçiləri ilə Ukrayna hərbçiləri arasında qarşıdurma olmasın. Hesab edirlər ki, bu qarşıdurma insan tələfatına gətirib çıxara bilər və başlayacaq müharibənin qarşısını almaq çox çətin olar".
R.Hümbətov Qərb və ABŞ-ın Rusiyanın hərəkətlərinə reaksiyasına da münasibətini açıqlayıb: "Barak Obamanın çıxışından, Avropa Birliyinin müəyyən mesajlar göndərməsindən sonra adamlarda müəyyən ümid var. Ümid yalnız Qərbədir, çünki Ukrayna özü Rusiyaya qarşı müqavimət göstərmək gücündə deyil. Qərb başa düşməlidir ki, Rusiyanın belə bir addımını cavabsız qoymaq Qərbin özü üçün də böyük təhlükədir. Qərb Krımsız Ukrayna məsələsinə razılıq verməyibsə, onda bu prosesə müdaxilə etməlidir".
Politoloq Rasim Musabəyovun fikrincə, Rusiyanın Krımda açıq hərbi müdaxiləsi mövcuddur və gərginlik getdikcə artır: "Hələ ki Ukrayna hərbi qüvvələri ilə toqquşmalar yoxdur, amma bu, Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı qəsdidir. Bu, Qərb ölkələrinin Rusiya qarşısında sərt mövqe qoymayana qədər davam edəcək. İndi hiss olunur ki, artıq o mövqe ortalığa qoyulmaqdadır".
Politoloq Gürcüstan hadisələrinin Ukraynada təkrarlana biləcəyi ehtimalına da münasibətini açıqlayıb: "Birincisi, Gürcüstanla bağlı vəziyyət bu dərəcədə deyildi. İkincisi, Rusiyanın Krımda hərbi mövcudluğu müqavilə əsasındadır. Gürcüstanda belə bir əsaslar yox idi. Görünən odur ki, Rusiya Krımı tam öz nəzarətinə keçirmək istəyir. Orda Kiyevin təsir imkanlarını saxlamaq istəmirlər. Amma məsələni hələ rəsmiləşdirməməklə həm Qərblə, həm də Ukrayna ilə danışıqlara yer saxlamaq üçün özlərinə möhkəm mövqe hazırlayırlar. Düşünmürəm ki, bu, Krımın açıq şəkildə qoparılmasına qədər gedib çıxsın. Bu, Rusiya üçün çox baha başa gələr. Müharibə başlasa, vəziyyət tamamilə başqa cür olacaq. Səbr göstərmək daha yaxşıdır, nəinki açıq münaqişəyə girmək. Hesab edirəm ki, ABŞ, NATO bütün hallarda Ukraynanı açıq hərbi toqquşmalardan çəkindirməyə çalışacaqlar. Qaldı ki, Rusiyaya təsir göstərilməsinə, onların əlində xeyli imkanlar var. Rusların bütün hesablarını dondurarlar. Rusiya öz ehtiyatlarını dollarla saxlayır. Hesab edirəm ki, Rusiyanın bu məsələdə istəyi odur ki, Ukrayna heç vaxt NATO-ya, Avropa Birliyinə üzv olmasın. Özü də bu təminatların müqavilə əsasında olmasına çalışacaq. Vaxtilə Qorbaçova şifahi şəkildə belə bir təminat verilmişdi. Amma sonradan o şifahi razılaşmalara əməl olunmadı. Görünən odur ki, Rusiya Ukrayna və digər məsələlərdə özünə yazılı şəkildə təminat istəyir".
Onu da qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar olaraq ABŞ prezidenti Barak Obama Rusiyanın prezidenti Vladimir Putinə zəng vurub. Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün pozulmasının Rusiyanın beynəlxalq arenada nüfuzuna xələl gətirəcəyini deyən Obama bildirib ki, belə olan olda qarşıdakı günlərdə keçiriləcək "G-8" sammitində ABŞ-ın iştirakına şərt qoyacaq. Bu da öz növbəsində qarşı tərəfin iqtisadi izolyasiyasına gətirib çıxaracaq.
Həmçinin Rusiyanın Ukraynaya müdaxiləsi Ağ Ev rəhbərinin yüksək rütbəli hərbçiləri ilə birgə fövqəladə iclasında da müzakirə edilib.
Son məlumatlar sırasında Rusiya ordusunun Ukraynanın Sevastopoldakı hərbi hissələrinə hücum etməyə hazırlaşdığı qeyd olunur. Məlumata görə, Rusiya ordusu Sevastopoldakı Ukrayna hissələrinə hücuma başlayıblar. Lazereskaya 1 ünvanında yerləşən 39-cu dəstə - girişin qarşısını BTR-lərlə almağa almağa hazırlaşırlar.
Rus Pravoslav Kilsəsi də Putinin təcavüzkar imperiya siyasətinə alət olmağa başlayıb. Kilsə Krımda baş verənləri "Rusiya döyüşçülərinin azadlığın və rus özünəməxsusluğunun qorunması uğrunda yerinə yetirdiyi missiya" adlandırıb.
Patriarx Kirillin başçılıq etdiyi Rus Pravoslav Kilsəsinin mətbuat xidmətindən bildiriblər ki, kilsə Rusiyanın Ukraynada başladığı əməliyyatı dəstəkləyir.
Rus Pravoslav Kilsəsi aşağıdakıları bəyan edib: "Rus xalqı öz tarixi əraziləri hüdudlarında parçalanmış xalqdır. Ruslar vahid dövlət orqanizmi halında birləşmək hüququna malikdirlər. Ümid edirik ki, rusiyalı döyüşçülərin bu insanların azadlığını və özünəməxsusluğunu qorumaq missiyası böyük toqquşmalara gətirib çıxara bilən ciddi müqavimətlə üzləşməyəcək".
Yada salaq ki, bundan əvvəl isə pravoslav din xadimlərinin bir qrupu patriarx Kirillə müraciət edərək Ukrayna ilə müharibədən qaçmaq üçün ondan prezident Putinə təsir göstərməyi xahiş etmişdilər.
Digər bir məlumata görə, Ukraynanın Krım muxtar respublikasında Privalniy hərbi bazası artıq rus ordusunun mühasirəsindədir. Bazanın qapısının ağzında isə ukraynalı əsgərlər müharibəyə hazır vəziyyətdə dayanıblar. Orduya məxsus ağır hərbi texnika da, həmçinin, bazanın yanında döyüşə hazır vəziyyətdə saxlanılıb. Ukraynanın 36-cı sahil mühafizə dəstələrinin polkovniki Valeri Boyko rusların bazanın fəaliyyətinə əngəl olmağa çalışdıqlarını bildirib.
Sevastopolda isə vəziyyət fərqlidir. Burada, yerli mediyanın məlumatına görə, silahlı dəstələr hərbi dəniz qüvvələrinin baş qərargahını ələ keçirərək bazanın işıqlarını kəsiblər.
Gərgin vəziyyət ölkənin müxtəlif yerlərində etirazlarla qarşılanmaqdadır.
O da söylənilir ki, Rusiya xüsusi təyinatlıları Krımdadakı Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi hissəni ələ keçirib. Məlumata görə, Ukrayna ordusunun Belbəy yaşayış məntəqəsində yerləşən 4515 saylı hərbi hissəsi rus hərbçiləri tərəfindən tutulub. Hərbi hissənin mühafizə bölüyünün əsgəri Roman Bereqovoy "Ukraynskoye pravda"ya bildirib ki, Rusiyaya məxsus xüsusi təyinatlı hərbi birləşmə 3 gün əvvəl briqadanı mühasirəyə alıb: "Növbəti gün briqadanın aerodrom bölməsi ələ keçirildi. Sonra ruslar qaravul bölməsinə hücum etdilər. Oranı ələ keçirmək üçün səsli və işıqlı qumbaralardan istifadə olundu. Əvvəlcə döyüşsüz təslim olmağımızı tələb etdilər. Biz imtina etdikdən sonra həmin əməliyyat keçirildi. Biz müqavimət göstərmədik. Çünki yuxarı komandanlıq bizə döyüş əmri verməyib".
O əlavə edib ki, bütün bunlara baxmayaraq, hərbi hissənin şəxsi heyəti müqavimət göstərmək və döyüşmək əzmindədir.
Dünəndən ABŞ hökuməti Ukraynaya hərbi müdaxilə edən Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqinə başlayıb.
Belə ki, Vaşinqtona əvvəlcədən planlaşdırılan danışıqlara getməyə hazırlaşan "Rosselxoznadzor"un (Rusiyanın veterinar və fitosanitar nəzarət üzrə dövlət xidməti) nümayəndə heyətinin ABŞ ərazisinə girişi qadağan edilib.
Dövlət xidmətindən bildiriblər ki, 3-6 mart tarixlərində Vaşinqtonda Rusiya ekspertlərinin iştirakı ilə danışıqların növbəti mərhələsi keçirilməli idi: "Uçuşa bir sutkadan az qalmış ABŞ səfirliyi telefon və elektron poçt vasitəsilə Rusiya nümayəndə heyətinin rəhbəri, "Rosselxoznadzor"un sədr müavini Nikolay Vlasova xəbər verdi ki, rusiyalı ekspertlərin səfəri ABŞ üçün qəbuledilməzdir. Danışıqlarda iştirak edən Qazaxıstan nümayəndə heyəti isə Vaşinqtona uçub".