Qərb Yanukoviçi dilə tutmağa çalışır Dünya

Qərb Yanukoviçi dilə tutmağa çalışır

Avropa Birliyi bir sıra ölkələrlə beynəlxalq donor qrupu yaradaraq Ukraynaya maliyyə yardımı edəcək
ABŞ isə Ukraynadakı siyasi böhranın həlli ilə bağlı beynəlxalq dəstəyə qərar verməyə çağırıb

Cavid

Ukraynada vəziyyət hələ də sabitləşməyib. Müxalifət növbədənkənar prezident seçkiləri keçirilməsinə qismən nail olsa da, siyasi böhran davam etməkdədir.
Ötən gün Çexiyanın paytaxtı Praqa meri Ukrayna prezidenti Viktor Yanukoviçin gəlişi naminə təşkil olunmuş tədbirdə iştirak etməkdən imtina edib. Rusiya mətbuatının verdiyi məlumata görə, mer Tomaş Qudeçek bəyan edib ki, Ukrayna prezidentinin görüşündə iştirak etmək üçün Praqa üçün heç bir əsas yoxdur. O eləcə də qeyd edib ki, Yanukoviçin ümumiyyətlə bu səfəri absurddur.
Praqa şəhər qubernatorunun sözlərinə görə, əgər prezident Ukraynaya gəlsə, şəhər hakimiyyəti ənənəvi olaraq dövlət başçıları üçün xüsusi olaraq təşkil olunmuş tədbirlərdəki kimi qarşılanmayacaq, Yanukoviçi ənənəvi olaraq təşkil olunmuş ratuşa dəvət etməyəcəklər.
Hətta Yanukoviçin Çexiyaya gəlişinə əngəl olmaq üçün mer ölkə prezidenti Miloş Zemana müraciət göndərib. Qeyd edək ki, Çexiyanın başçısı ötən il Ukraynaya səfər etdiyinə görə, bu il həmkarını ölkəsinə dəvət edib. Yanukoviçin aprel ayında ölkəyə gəlişi planlaşdırılıb. O, Avropa İttifaqının təşəbbüsü ilə keçiriləcək sammitdə də iştirak etməyə hazırlaşır.
Bu arada belə bir məlumat yayılıb ki, Avropa Birliyi, ABŞ, Azərbaycan, Norveç və Yaponiya birlikdə beynəlxalq donor qrupu yaradaraq Ukraynaya maliyyə yardımı edəcək. Bildirilir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton yeni maliyyə təklifi ilə Kiyevdə olub.
Ukrayna prezidenti Viktor Yanukoviç qarşısında maliyyə yardımı müqabilində müəyyən şərtlər qoyulacaq. Qeyd edək ki, Ukraynaya Aİ tərəfindən yeni maliyyə yardımının təklif edilməsindən sonra Rusiya rəsmi Kiyevə vəd etdiyi 15 milyard dollarlıq maliyyə paketini dondurub. Eyni zamanda Yanukoviçə xəbərdarlıq edilib ki, Ukraynanın Rusiyaya qaz alqı-satqısına görə 2,7 milyard dollar borcu var.
ABŞ-ın vetse-prezidenti Co Bayden isə Ukrayna prezidenti Viktor Yanukoviçi xüsusi təyinatlıları küçədən yığışdırmağı və məhbusları azad etməyi tələb edib. Co Bayden Ukraynadakı siyasi böhranın həlli ilə bağlı beynəlxalq dəstəyə qərar verməyə çağırıb.
C.Bayden belə bir təklifi Ukrayna prezidenti ilə telefon danışığı zamanı səsləndirib. O həmçinin siyasi böhranın beynəlxalq hüquq normaları çərçivəsində həllinə çağırıb. Ağ Ev, eyni zamanda, aksiya iştirakçılarına qarşı zor tətbiq edənləri məsuliyyətə cəlb etməklə bağlı açıq mövqeyini ortaya qoyub.
C.Bayden onu da əlavə edib ki, dialoq və kompromis yolu ilə əldə edilən razılıq xalqın hakimiyyətə olan inamını artıra bilər.
İndi daha çox müzakirə olunan məsələ Ukraynada növbədənkənar prezident seçkilərinin keçirilməsidir. Bu məsələ ötən ilin sonlarından gündəmə gəlib.
"Bəs prezident və parlament seçkilərinin eyni vaxtda keçirilməsi mümkündürmü" sualına Ukrayna baş nazirinin birinci müavini Sergey Arbuzov belə cavab verib: "Belə təkliflərin səslənməsini mən mümkün sayıram və biz onları müzakirə eləməyə hazırıq".
UDAR partiyasının sədri V.Kliçko isə hətta növbədənkənar prezident seçkiləri marafonunun başlanmasını elan edib. V.Kliçko onu da əlavə edib ki, seçkilərin şəffaf və ədalətli keçməsini təmin etmək üçün Mərkəzi Seçki Komissiyasının tərkibini yeniləmək lazımdır. O, həmçinin hərbçilərə müraciət edərək onları etirazçı xalqın tərəfinə keçməyə çağırıb.
"Svoboda"nın sədri Oleq Tyaqnibok isə xalq hakimiyyəti orqanlarının formalaşdırılması prosesinə başlamağı təklif edib. Siyasətçi bu orqanların legitimliyinə nail olmaq üçün milyonlarla Ukrayna vətəndaşının imzasını toplamağa çağırıb.
Avropa Parlamenti də Ukrayna hökumətinə öz legitimliyini təsdiqləmək üçün ölkədə növbədənkənar seçkilər keçirməyi tövsiyə edib. "UNİAN" agentliyinin verdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin Strasburqdakı sessiyasının xüsusi qətnaməsində bildirilir.
"Növbədənkənar seçkilər demokratik ölkə üçün vəziyyətdən münasib çıxış yolu sayılır. Bu zaman hakimiyyət öz legitimliyini təsdiqləməlidir" deyə sənəddə vurğulanır. Bununla belə, parlamentarilər Ali Rada, yoxsa prezident seçkisini nəzərdə tutduqlarını açıqlamayıblar.
Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton bildirib ki, Avropa Birliyi Ukraynada erkən seçkilərin keçirilməsində israr etmir. Sadəcə olaraq seçkilərin azad və ədalətli keçirilməsini istəyir. Seçkinin vaxtına gəlincə, bunu Ukrayna xalqı özü müəyyən etməlidir.
Qeyd edək ki, Ukraynada növbəti prezident seçkisi 2015-ci ilin əvvəllərində, Ali Radaya seçki isə 2017-ci ilin payızında keçirilməlidir.
Ukrayna prezidenti Viktor Yanukoviç də növbədənkənar parlament və prezident seçkilərinə hazır olduğunu bəyanlayıb. Bu barədə Yanukoviçin Ali Radadakı nümayəndəsi Yuri Miroşniçenko deyib. O bildirib ki, yaranmış vəziyyətdə problemlərin həlli ilə bağlı ümumi qərar olmayacaqsa, bu halda ölkədəki siyasi böhranın demokratik yolla həllinin yeganə variantı növbədənkənar seçkilərdir. Yanukoviçin nümayəndəsi problemin zor gücü ilə həllinin istisna olunduğunu bildirib.
Rusiya xarici işlər nazirinin insan haqları üzrə səlahiyyətli nümayəndəsi Konstantin Dolqov isə bildirib ki, Qərb ölkələri Ukraynanın daxili işlərinə qarışmağı dayandırmalıdır: "Avropa Birliyi ölkələri və ABŞ-ın rəsmi şəxsləri Maydanda çıxışları zamanı Ukrayna xalqını "Avropaya çağırışa", faktiki olaraq qarşıdurmaya, vəziyyətin gərginləşməsinə səsləyirdilər. Bunu Ukraynanın daxili işlərinə qarışmaqdan başqa bir şey kimi qiymətləndirmək olmaz. Bütün bunlar qərbli siyasətçilərdən eşitdiyimiz demokratik şüarlara uyğun gəlmir".
Avropa Parlamentinin deputatı Rebekka Harms isə Ukraynada fövqəladə vəziyyətin elan olunacağı təqdirdə Avropa Birliyinin hansı addımları atmalı olduğunu açıqlayıb. Deputat bildirib ki, bu halda Avropa Birliyi etirazçılara güc tətbiq edən və AB pasportlarına sahib ukraynalı məmur və oliqarxların ölkədən qaçmasını önləmək üçün tədbir görməlidir: "Yaranmış situasiya böyük narahatlığa əsas yaradır. Oliqarxlar ölkəni tərk edə bilərlər. Onların bir qismi Avropa Birliyi ölkələrinin, məsələn, Avstriyanın pasportuna sahibdir. Ehtimal var ki, onlar ölkədən qaçacaqlar. Avropa Parlamenti Avropa Komissiyasının bu istiqamətdəki zəif mövqeyinə düzəliş etməlidir. Ortada jurnalistlərə, ictimai fəallara qarşı çoxsaylı hücumlar, insanlara qarşı zorakılığı sübut edən nümunələr var. Bunları törədənlərə qarşı viza məhdudiyyəti yaradılmalıdır. Bunu bizdən ukraynalılar istəyir. Sadə insanlar viza ala bilmir. Amma ölkəni dağıdanlar, etirazçılara güc tətbiq edənlər Şengen vizalarına sahibdir. Və ya Avstriya nümunəsində olduğu kimi, hətta pasportları da var. Onlar ölkədən qaça və Avstriyaya gedə bilirlər. Halbuki bu adamlar ölkədəki zorakılığa görə məsuliyyət daşıyırlar".
O da bildirilir ki, Ukrayna Ali Radasının parlament fraksiyaları arasında Konstitusiyaya düzəliş edilməsi ilə bağlı mübahisələr davam edib. Dünənki iclasda müxalifət 2004-cü ilin Konstitusiyasına qayıtmağı yenidən tələb edib. Söhbət prezidentin səlahiyyətlərinin parlament və hökumət arasında bölüşdürülməsindən gedir. Müxalifət bunu ölkədə yaranmış siyasi böhrandan yeganə çıxış yolu hesab etdiyini bəyan edib. Hakim Regionlar Partiyası isə müxalifətin bu tələbi ilə razılaşmayaraq köhnə Konstitusiyaya qayıdışı faktiki olaraq qeyri-mümkün sayıb. Müxalifətdən olan deputatlar dəyişikliyə nail olmayana qədər parlamentdəki fəaliyyətlərinə başlamayacaqlarını bəyan ediblər.
Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun mətbuat katibi Maya Kosyançiç deyib ki, Avropa Birliyi siyasi böhranın bir an öncə aradan qalxmasının tərəfdarıdır: "Böhranın hansı şərtlər daxilində çözümü isə bəllidir - qərarı Ukrayna xalqı verməlidir. Bu məsələnin seçkidən başqa yolu yoxdur".
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo da bildirib ki, Avropa institutları Ukraynanı böhrandan çıxarmaq üçün səylərini əsirgəməməlidirlər: "İndi ən vacib məsələ güc işlədilməsinin qarşısını almaq və siyasi böhranı dayandırmaqdır".
Barrozo deyib ki, Avropa Komissiyası Ukraynaya dəstək üçün Beynəlxalq Valyuta Fondundan 610 milyon avro ayrılması üzrə sənədləri hazırlayır: "Biz bu vəsaiti ayırmaqla Ukraynanı siyasi qərarlara məcbur etmək məqsədi daşımırıq. Ancaq Ukrayna onu da bilməlidir ki, bu vəsaitin ayrılması hakimiyyətin bir sıra islahatlar aparması ilə birbaşa bağlıdır".
Onu da bildirək ki, Ukraynada siyasi böhranla yanaşı iqtisadi böhran da getdikcə dərinləşməkdədir. Son 10 gündə Ukrayna milli valyutası ABŞ dollara nisbətdə xeyli ucuzlaşıb. Ekspertlərin hesablamalarına görə, iqtisadi böhranın dərinləşməsi hesabına hər keçən gün Ukrayna milyardlarda vəsait itirir.