Çinin münaqişə axtarışı Dünya

Çinin münaqişə axtarışı

Pekin Cənubi Çin dənizində xüsusi aqressiya nümayiş etdirir

Cavid

Çin hökuməti millətçiliyi gücləndirmək və öz xalqının fikrini zəifləyən iqtisadiyyatdan yayındırmaq üçün Yaponiya daxil olmaqla, qonşu ölkələrlə ərazi münaqişələrinə girərək Cənubi Çin dənizində xüsusi aqressiya nümayiş etdirir. Bu isə yer üzündə oynanılan ən təhlükəli oyunlardan biridir.
Bir ildən çoxdur ki, Çin 2000 hektarlıq ərazidən istifadə edərək Cənubi Çin dənizində xüsusi səylə süni adalar yaradır. Aprel ayında çəkilən peyk təsvirləri göstərib ki, Çinin hərbi qüvvələri hərbi təyyarə üçün kifayət edəcək qədər böyük uçuş zolağı yaradıb.
"Business Insider" yazır ki, Çin etdiklərini gizlətmir. Belə ki, hökumət tarixi əsaslar üzrə Spratli adalarını geri almaq hüququ olduğunu bəyan edib. "The Global Post" qəzeti bu haqda yazır: "Əgər ABŞ Çinin fəaliyyətlərini dayandırmalı olduğunu düşünürsə, onda ABŞ-la Çin arasında müharibə qaçınılmazdır. Münaqişənin gərginlik səviyyəsi insanların "anlaşmazlıq" olaraq düşündüklərindən də yüksək olacaq."
Bu millətçi mövqe, heç şübhəsiz, Çinin zəifləyən iqtisadiyyatına bir cavabdır.
Artım sürəti və Çinin yüksəlişi həmişə Çinin müasir kimliyi ilə bağlı olub. Artım sürəti zəiflədikcə, hökumət xalqdan "yeni bir norma" qəbul etməsini xahiş edir, borclar yığılır, inşaat və əmlak şirkətləri borc öhdəliklərini yerinə yetirə bilmir, kredit isə kifayət etmir.
Çin isə ölkədə millətçiliyi saxlamaq üçün Cənubi Çin dənizinə bel bağlayıb.
ABŞ-ın müdafiə katibi Eşton Karter bu yaxınlarda Çini süni adalar yaradılmasına və Asiya-Sakit okean təhlükəsizlik arxitekturası ilə bağlı beynəlxalq qayda və normaların pozulmasına son qoymağa və regional səviyyədə diplomatiyanın lehinə, zorakılığın əleyhinə fikir birliyi əldə etməyə çağırıb. Bu isə Çinin heç xoşuna gəlmədi. Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Xua Çunin Karterin Sinqapurda keçirilən bir konfransda bu fikirləri bildirməsindən sonra deyib: "Çinin Cənubi Çin dəzinində adalar qurması suveren hüququdur və bu fəaliyyət qanuni şəkildə və müəyyən əsaslar üzrə həyata keçirilir və heç bir ölkəyə nə təsiri var, nə də hansısa bir ölkəni hədəf götürür."
Əlbəttə, bəzi ölkələr eyni cür düşünmürlər. Məsələn, ABŞ-ıa müttəfiq olan Yaponiya.
İllərlə İsveçrənin Davos şəhərində keçirilən Beynəlxalq İqtisadi Forumda dünya liderləri qlobal stabillik üçün ən böyük təhlükəni müəyyənləşdirməkdə çətinlik çəkməyiblər. Bu, nə İraq və İslam dövləti, nə də İran deyildi. Bu, Cənubi Çin dənizinə görə Çin və Yaponiya arasında gedən münaqişənin nəticəsi ola biləcək fəlakət idi. Hər hansı tərəfin diqqətsiz bir hərəkəti nəticəsində kəskinləşə biləcək bir münaqişə.
İndi isə iqtisadiyyatının zəiflədiyi bir vaxtda xalqın qarşısında pərt olmaq istəməyən Çin hökuməti tamam diqqətsiz davranır. Çinin iddiaları üçün tarixi sübutların olub-olmamasından asılı olmayaraq, alim, jurnalist və siyasətçilər ərazini tarixi qürur məsələsinə çevirirlər.
Pekin və Çin Xalq Azadlıq Ordusu da Obama administrasiyasının bu barədə tədbir görəcəyini düşünmürlər.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Asiya üzrə ekspert çalışan Bonni Qleyser "Bloomberg" qəzetinə müsahibəsində bildirib: "Çin Xalq Azadlıq Ordusunun üzvlərindən biri mənə bu sualı ünvanladı: Əgər Hillari Klinton 18 aydan sonra prezident seçilərsə, o, Çinə qarşı indiki administrasiyadan daha sərtmi olacaq?" "Demək istəyirsiniz ki, növbəti 18 ay ərzində istədiklərinizi etmək üçün kifayət qədər imkanınız olacaq" – Qleyser müxbirin bu sözləri qarşısında sadəcə gülüb.
Coş Roqin adlı müxbir belə düşünür ki, Çin Xalq Azadlıq Ordusu Amerikanın ehtiyatlı davranmasını zəiflik hesab edir.
Çin Xalq Azadlıq Ordusunun may ayında çıxan rəsmi məlumatında bildirilirdi: "Bəzi qonşular təxribat xarakterli tədbirlər görür və Çinin qanunsuz şəkildə zəbt etdikləri adalarında hərbi qüvvələrini artırırlar. Buna görə də, Çinin dənizdəki hüquq və maraqlarını qoruması uzun tarixi olan bir vəzifədir."
Vəziyyətə ümumi şəkildə baxsaq, gərginliyin hələ artacağı gözlənilir.