Putin: “Rusiyanın prinsipial narahatlığına məhəl qoyulmayıb” Dünya

Putin: “Rusiyanın prinsipial narahatlığına məhəl qoyulmayıb”

ABŞ-ın təhlükəsizlik zəmanətlərinə cavabından aydın olur ki, Amerika tərəfi Rusiyanın prinsipial narahatlığına məhəl qoymayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Rusiya prezidenti Moskvanın yanvarın 26-da ABŞ və NATO-dan təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərə verilən cavabları diqqətlə təhlil etdiyini açıqlayıb: "Artıq mən Macarıstan Baş nazirinə məlumat verdim ki, Rusiyanın prinsipial narahatlığına məhəl qoyulmayıb. Biz üç əsas tələbimizə adekvat baxıldığını görmədik", - deyə Putin vurğulayıb.

Putin xatırladıb ki, SSRİ-nin dağılmasından sonra Şimali Atlantika Alyansı Şərqdə infrastrukturu inkişaf etdirməyəcəyinə söz vermişdi, lakin indi NATO-ya Baltikyanı ölkələr, Polşa və Rumıniya daxildir: “Onlar bir şey dedilər, başqa şey etdilər. Bizə xalq arasında deyildiyi kimi, "atdılar", sadəcə aldatdılar".