İranla nüvə danışıqlarının nəticəsi necə olacaq? Dünya

İranla nüvə danışıqlarının nəticəsi necə olacaq?

Məsələnin həlli iyulun 7-ə qaldı

Cavid

İranla "Altılıq" ölkələri arasında yekun anlaşmanın vaxtı təxirə salındı. Bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Mətbuatın məlumatına görə, iyulun 2-də imzalanmalı olan müqavilə iyulun 7-nə keçirilib. Qeyd edək ki, bundan öncə həm İran, həm də Qərb rəsmiləri nüvə müzakirəsi ilə bağlı önəmli nəticələr əldə etdiklərini bildirmişdilər.
İranla nüvə proqramına dair aparılan danışıqların nəticələri İran neftinin dünya bazarına qayıtmasını ya mümkün edəcək, ya da bu, gerçəkləşməyəcək. Neftin qiymətləri son həftələrdə stabil vəziyyətdədir, lakin İranın nüvə proqramı ilə bağlı əhatəli razılaşmanın əldə edilməsi üçün qoyulmuş son möhlətin yaxınlaşması ilə vəziyyət dəyişə bilər.
"Time" yazır ki, ötən il kəskin şəkildə aşağı düşən neft qiymətləri daha sonra yüksək səviyyəyə çatdı. WTI markalı xam neftin bir barrelinin qiyməti 60 dollardan gah bir qədər yüksək, gah da aşağı, Brent markalı xam neftin bir barrelinin qiyməti isə 64 dollar olub. Təbii ki, həmişə olduğu kimi müntəzəm olaraq qiymətlərdə dəyişiklik olub, ancaq qiymətlər aprel ayının sonundan bu yana nisbətən stabildir.
Ancaq İranla razılaşma əldə edilməsi üçün danışıqlara qoyulan son möhlət gəlib çatıb və danışıqların nəticələrinin neft bazarına böyük təsiri ola bilər. Əgər hər iki tərəf müqavilə bağlanması haqqında razılığa gələrsə, İran bazara böyük miqyasda neft çıxara bilər. Qərb ölkələri tərəfindən qoyulan sanksiyalar 2012-ci ildən bəri bir günə 1,2 milyon barrel neftin bazaar çıxarılmasına mane olub. Müxtəlif hesablamalar olsa da, İran bir neçə ay ərzində bazara bir günə 400 barrel, ilin sonuna qədər isə 700 min barrel neft çıxara bilər. 2016-cı ildə isə bu rəqəmin 1 milyon olması gözlənilir.
Eyni zamanda İran ehtiyatda təxminən 40 milyon barrel neft saxlayır və sanksiyaların qaldırılacağı halda bu qədər neft bazaar çıxarıla bilər. Əgər razılaşmanın əldə edilməsi ilə bağlı xəbər çıxarsa, neft qiymətləri bir barrel üçün 5 dollardan 10 dollara qədər aşağı düşəcək. İran vaxt keçdikcə istehsalı artırdığından və OPEC üzvləri də istehsalı azaltmağa üstünlük vermədiyindən neft tədarükü qlobal səviyyədə artacaq. Bu isə gələcəkdə qiymət artımına təsir edəcək.
Razılaşmanın tamamlanacağına inanmaq üçün əsaslar var. Həm Qərb, həm də İran rəsmiləri üstüörtülü şəkildə bildiriblər ki, əgər razılaşmanın əldə edilməsi mümkün görünərsə, qoyulan son möhləti uzada bilərlər.Danışıqların vaxtının uzadılmasına istəkli olmaları aradakı fikir ayrılıqlarının aradan qaldırmağa yaxın olduqlarını göstərir. Reuters xəbəragentliyi məlumat verib ki, İsrail bu və ya digər dərəcədə razılaşmanın mümkün olduğunu qəbul etməyə başlayıb. İranla danışıqlara ən çox etiraz edən tərəflərdən birinin razılaşmanın labüd olmasını qəbul etməyə başlaması yekun razılaşmanın hazırlanmaqda ola biləcəyinin sübutudur.
Digər tərəfdən razılaşmanın əldə edilməsi heç də labüd deyil. Danışıqların vəziyyəti ilə bağlı çox az məlumat verilib, lakin aprel ayında İran və "Böyük Altılıq" ölkələri (Çin, Fransa, Rusiya, Birləşmiş Krallıq, ABŞ və Almaniya) arasında çərçivə sazişinin imzalanması o demək deyil ki, tərəflər aralarındakı fikir ayrılıqlarının öhdəsindən gələ bilərlər.
Bundan başqa, İranın ali lideri Ayətullah Xameneyinin ötən həftəki sərt çıxışı nəticələrin yaxşı olacağından xəbər vermir. Xameneyi iyun ayının 23-ü televiziya verilişindəki çıxışında İranın"qırmızı xətlərini", ABŞ-ın tələblərinə uyğun gəlməyən bir neçə şərti qeyd edib. Məsələn, Xameneyi bildirir ki, iqtisadi sanksiyalar ABŞ-ın təklif etdiyi müddət ərzində yox, müqavilənin imzalanmasından dərhal sonra qaldırılmalıdır. Ali lider eyni zamanda İranın nüvə tədqiqatı proqramının 10 il müddətinə dondurulmasını da qəbul etməyib. Xameneyi çıxışında Qərbin əsas tələblərindən birinə - İranın nüvə obyektlərinin təftişinə etirazını da qeyd edib.
İran Prezidenti Həsən Ruhani Qərblə razılıq əldə edilməsinin tərəfdarı olduğunu bildirsə də, əsl səlahiyyət Ali Liderin əlindədir. Son möhlətə çox az vaxt qalmış Xameneyinin sərt fikirləri danışıqların nəticələriilə bağlı şübhə yaradır. Nüvə danışıqlarının uğursuz olması sanksiyaların aradan qaldırılmaması, bununla da, İranın xam neftinin dünya bazarına hələ qayıtmaması ilə nəticələnə bilər.