MİTDİB Mingəçevirdə keçirilib Hadisə

MİTDİB Mingəçevirdə keçirilib

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) Mingəçevir şəhərində "İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementidir" mövzusunda tədbir keçirib. Mingəçevir Media Resurs Mərkəzində keçirilən tədbirə Qərb bölgəsində mövcud olan yerli KİV-lərin nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin cəbhə bölgəsi üzrə akreditasiya olunmuş təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin nümayəndələri qatılıblar.
Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementi kimi" adlı layihə çərçivəsində baş tutub. Layihənin icraçısı Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyidir (MİTD İB).
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd internet üzərindən xəbər yayan informasiya istehsalçılarında və ümumilikdə internet istifadəçilərində yayılan informasiyalara görə yaranan hüquqi məsuliyyət barədə maarifləndirmə işi aparmaq olub: "İnternet üzərindən informasiya yayan vətəndaşlarda və qurumlarda yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib problemləri sırasındadır. Mingəçevirdə keçirdiyimiz tədbirdə internet üzərindən informasiya yayan vətəndaşların və qurumların diqqət yetirməli olduqları nüanslar barədə müzakirələr keçirdik".
Tədbirdə çıxış edən Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, "Mingəçevir işıqları" qəzetinin baş redaktoru Fərman Nəbiyev, "El TV"-nin əməkdaşı İnqilab Şirinbəyli və digərləri internet üzərindən yayılan informasiyaların yaratdığı hüquqi məsiliyyət mövzusunda tədbirlərin xüsusən sərhadboyu bölgələrdə keçirilməsinə zərurət olduğunu vurğulayıblar.