Prezident Novruz şənliyində iştirak edib Hadisə

Prezident Novruz şənliyində iştirak edib

Dünən Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.
Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.
Milli geyimli uşaqlar Azərbaycan prezidentinə bayram xonçası təqdim edib, dövlət başçısı və xanımını bayram münasibətilə təbrik ediblər.
Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.
Dövlət başçısı bayram şənliyində nitq söyləyib.
Sonra prezident və xanımı Dənizkənarı Milli Parka gəliblər.
Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.
Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik edib, dövlət başçısı ilə yumurta döyüşdürüblər.
Sonra dövlət başçısı və xanımı bayram konsertinə baxıblar.
Prezident İ. Əliyev və M. Əliyeva Milli Parkda təşkil edilən "Şərq bazarı"nda nümayiş etdirilən Azərbaycan xalçalarının nümunələri, məhsulların sərgisi ilə tanış olublar.
Prezident və xanımı "Bakı-2015" Birinci Avropa Oyunları ilə bağlı təqdimata baxıblar, idmanın müxtəlif növləri üzrə idmançıların çıxışlarını izləyiblər.