“Los Ancelesdə keçirilən yarışda idmançılarımız Azərbaycanı layiqincə təmsil ediblər” Hadisə

“Los Ancelesdə keçirilən yarışda idmançılarımız Azərbaycanı  layiqincə təmsil ediblər”

Şahin Əliyev : "İdmançılarımız artıq 8 qızıl, 6 gümüş və 2 bürünc olmaqla, 16 medal qazanıblar"

Los Ancelesdə Ümumdünya Xüsusi Olimpiya Oyunlarında iştirak edən Azərbaycanın nümayəndə heyətinin şərəfinə tədbir və ziyafət keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun mətbuat xidmətindən verilən məlumata görə, konsulluq tərəfindən təşkil olunan tədbirdə idmançılar, onların məşqçiləri və nümayəndə heyətinin digər üzvləri, Los Anceles ictimaiyyətinin nümayəndələri, xarici diplomatlar və müxtəlif icmaların təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxışı zamanı Los Ancelesdə davam edən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarının 2015-ci ildə dünyada keçirilən ən böyük idman yarışı olduğunu bildirib. O, belə bir mötəbər yarışda Azərbaycanın iştirakının önəmini vurğulayıb və yarışın ilk günlərindən etibarən Azərbaycan idmançılarının uğurlu nəticələr göstərməyə başladıqlarını bildirib. Baş konsul bunun bir daha Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısını əyani şəkildə nümayiş etdirdiyini vurğulayıb.
N. Ağayev prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərlə yanaşı, bu gün qabaqcıl bir idman ölkəsinə çevrildiyini qeyd edib. Diplomat bildirib ki, iyun ayında ölkəmizdə keçirilən Birinci Avropa Oyunları zamanı Azərbaycanın yüksək səviyyədə nümayiş etdirdiyi ev sahibliyindən və əldə etdiyi nəticələrdən Azərbaycan xalqı qürur duymaqdadır.
Sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev Los Ancelesdə keçirilən bu yarışda Azərbaycanı layiqincə təmsil etmələri üçün böyük əzmlə hazırlaşdıqlarını bildirib. O, idmançılarımızın sözügedən yarışda artıq 8 qızıl, 6 gümüş və 2 bürünc olmaqla, 16 medal qazandıqlarını qeyd edərək, bu uğurların arxasında Azərbaycan prezidentinin idmanın inkişafına əvəzolunmaz və hərtərəfli dəstəyinin dayandığını vurğulayıb. Ş. Əliyev həmçinin bu yarışda ağırlıqqaldırma üzrə 2 gümüş və 1 bürünc medal qazanmış idmançı Aytac Səmədovanı xüsusi təqdim edib. O qeyd edib ki, A. Səmədova Xocalı soyqırımının şahidi olub, bu soyqırımında yaxınlarını itirmiş bir ailənin qızıdır. Ş. Əliyev bütün bu iztirablara, məcburi köçkün həyatına baxmayaraq, A. Səmədovanın bu gün Los Ancelesdə əldə etdiyi bu nailiyyətlərin Azərbaycan qızlarının dəyanətinin bariz göstəricisi olduğunu diqqətə çatdırıb.
Sonra Beverli Hills şəhərinin sabiq meri Cimmi Delşad çıxış edib. C. Delşad belə bir tədbirə qatılmaqdan məmnun olduğunu diqqətə çatdıraraq, mer olduğu müddətdə Azərbaycana etdiyi səfərlərdən bəhs edib. O, bir çox sahələrdə Azərbaycanın bütün dünya üçün nümunə ola biləcək xüsusiyyətlərə malik olduğunu bildirərək, müxtəlif dinlərin və millətlərin Azərbaycanda dinc və qarşılıqlı ehtiram şəraitində yaşamasını və qadınların hüquqlarının qorunması sahəsində əldə olunmuş yüksək nəticələri xüsusilə vurğulayıb.