Dərmanların qiymətində yenilik Hadisə

Dərmanların qiymətində yenilik

Şahin Mustafayev: "20 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox düşüb"

"Cənab prezidentin tapşırığına uyğun olaraq, Tarif (qiymət) Şurasının dərmanların qiyməti ilə bağlı qəbul etdiyi qərarla qiyməti tənzimlənmiş dərman vasitələrinin qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşüb.
Belə ki, 20 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox enib". Bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
Nazir bildirib ki, ümumilikdə hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənən dərman vasitələrinin 90 faizinin qiymətləri enib, qalan hissəsinin qiyməti isə dəyişməyib.
Ş. Mustafayevin sözlərinə görə, qiymətlərin tənzimlənməsi ilə şəffaflıq təmin ediləcək: "Hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi vətəndaşa dərman vasitəsini bütün apteklərdən eyni və optimal qiymətə almağa imkan yaradır və süni qiymət artımı məsələsi aradan qalxır. Pərakəndə satış qiyməti dərman vasitəsinin üzərində göstərilməklə yanaşı, müvafiq rəsmi internet resurslarında və KİV-də də yerləşdiriləcək ki, bu da qiymət intizamına ictimai nəzarəti təmin edəcək".
Nazir qeyd edib ki, aparılan islahatlar dərman vasitələrinə ehtiyacı olan vətəndaşların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq: "Digər tərəfdən, dövlət büdcəsinin xərcləri azalacaq, sığorta şirkətlərinin müvafiq xərclərinə qənaət etməyə imkan yaratmaqla sığorta sisteminin inkişafına töhfə verəcək. Nəhayət, idxalçıları dərman vasitələrinin daha məqbul qiymətlərlə idxalına sövq edəcək, apteklər üzrə isə rəqabət qiymət müstəvisindən keyfiyyət müstəvisinə keçəcəkdir ki, bu da nəticədə xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq".
"İstər Nazirlər Kabinetinin, istərsə də Tarif Şurasının qərarı dərman vasitələrinin Azərbaycana idxalına məhdudiyyət yaratmır. Qüvvədə olan qanunvericiliyə görə, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra istənilən ölkədə istehsal olunan dərman vasitəsi ölkəmizə idxal oluna bilər". Bunu fikirləri vurğulayan Ş. Mustafayevin sözlərinə görə, qəbul edilmiş yeni qərarlar həmin dərman vasitələrinin ölkə daxilində satış qiymətlərinin Tarif (qiymət) Şurası tərəfindən tənzimlənməsini müəyyən edir.
Nazir bildirib ki, dərman vasitələrinin qiymətləri sosial baxımdan xüsusi əhəmiyyət kəsb etdiyi üçün Azərbaycan prezidentinin tapşırığına əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı İqtisadiyyat və Sənaye, Səhiyyə nazirliklərinin və Tarif Şurasının əməkdaşları son iki ildə bir sıra Avropa ölkələrində və Türkiyədə olublar: "Həmin ölkələrin, həmçinin digər ölkələrin təcrübəsi öyrənilib, müvafiq təhlillər aparılıb və təkmilləşdirilmiş bir metodologiya hazırlanıb. Qeyd etməliyəm ki, ölkəmizdə tətbiq edilən bu metod (referans qiymət yanaşması) beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsuludur və Avropa ölkələrinin əksəriyyəti bu modeli tətbiq edir.
Metodologiyaya əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir. Dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla 10 istinad ölkəsində (Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya) topdansatış əczaçılıq müəssisələrinə satış qiymətləri əsasında bazis qiyməti müəyyən edilir. Həmin bazis qiymət əsasında nəzarət markasının da qiyməti nəzərə alınmaqla, ölkə daxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiyməti hesablanır və üzərinə Nazirlər Kabinetitərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq topdansatış əczaçılıq müəssisəsi və aptek təşkilatı üçün nəzərdə tutulan müvafiq əlavələr və ƏDV hesablanmaqla dərman vasitəsinin topdansatış və pərakəndə satış qiyməti təsdiq olunur".
Nazir qeyd edib ki, qiymətləri təsdiqlənmiş dərman vasitələrinin, eləcə də bu dərmanlarla eyni təsiredici maddəyə malik olan və Tarif Şurasının növbəti iclasında qiymətlərinin tənzimlənməsi planlaşdırılan bu tərkibli digər dərman vasitələrinin hamısının qiyməti rəqabət mühitinin pozulmaması üçün eyni tarixdən, bu ilin 15 sentyabrından qüvvəyə minəcək.
Ş. Mustafayev onu da qeyd edib ki, ümumilikdə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur: "Ölkəmizdə 4 min 500-dən çox dövlət qeydiyyatına alınmış dərman vasitəsi var və bu dərman vasitələrinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı müxtəlif olduğundan qiyməti tənzimlənəcək dərman vasitələrinin sayı qeyd olunan rəqəmdən də çoxdur. Həmçinin, hər bir dərman vasitəsi üçün ən azı 10 ölkə üzrə qiymətlərin müqayisəsinin aparıldığını nəzərə alsaq, bu işin vaxt və məsuliyyət baxımından uzun proses tələb etdiyi məlum olur. Qeyd olunan məsələlər nəzərə alınaraq, qiymət tənzimlənməsinə ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılmış və dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur".