“Soyqırımların ən dəhşətlisini 15 yaşımda yaşamışam” Hadisə

“Soyqırımların ən dəhşətlisini 15 yaşımda yaşamışam”

Ceyhun Ələkbərov: "Xocalı faciəsi zamanı mənim mənsub olduğum nəsildən 40 nəfərə yaxın insan soyqırımın qurbanı olub"

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, "Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyi, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin təşlatçılığı ilə "Müasir dünya və azərbaycanlıların soyqırım həqiqətləri" mövzusunda konfrans keçirilib. Konfransı açıq elan edən Akadamiyanın rektoru Urxan Ələkbərov 1918-ci il martın 31-də Bakıda və digər ərazilərdə erməni terror təşkilatları tərəfindən törədilən kütləvi qırğınlar və soyqırımı aktlarından danışıb. Xalqımızın başına gətirilən faciələrin beynəlxalq səviyyədə tanıdılması üçün belə konfransların təşkilinin əhəmiyyətini vurğulayan rektor 1948-1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın zorla öz yurdlarından qovulmasından, 20-si əsrdə mərhələli şəkildə həyata keçirilən deportasiya siyasətindən söz açıb, ermənilərin təcavüzü, işğalçılıq siyasəti nəticəsində xeyli sayda vətəndaşımızın günahsız qətlə yetirilməsinin siyasi mahiyyəti barədə məlumat verib. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə sektor müdiri Qafar Əliyev isə Azərbaycan xalqına qarşı zaman-zaman soyqırım aktı, etnik təmizləmə, siyasi və hərbi təcavüz həyata keçirən ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündə son illər görülən tədbirlərdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilməsi erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdirdi. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov isə qeyd edib ki, ermənilər və onların havadarları 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirdikləri dəhşətli soyqırımı aktı, vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar: "Ancaq, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Dövlət başçısının bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və heç vaxt da olmayacaq".
Daha sonra çıxış edən "Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədri Ceyhun Ələkbərov "məndən öncə çıxış edən dəyərli alimlərimiz xalqımızın başına gətirilən soyqırımların mahiyyətini kifayət qədər elmi faktlar və dəlillər əsasında sübut etdilər",- deyə bildirib: "Mən bir gənc olaraq soyqırımlarının ən dəhşətlisini - Xocalı Soyqırımını 15 yaşım olarkən yaşamışam. Xocalı soyqırımı zamanı 613 nəfər şəhid oldu, mənim mənsub olduğum nəsildən 40 nəfərə yaxın insan soyqırımın qurbanı oldular. Əslində Xocalıda şəhid olmuş hər bir kəs mənim üçün əzizdir və mənim doğmalarımdır. Eyni zamanda onu diqqətinizə çatdırmaq istəyirəm ki, mən əslində fərd olaraq bəşəri bir cinayətin qurbanı olmuşam...". O, həmçinin "fəaliyyət göstərdiyimiz qısa müddət ərzində əldə etdiyimiz təcrübə onu deməyə əsas verir ki, millətimizə və dövlətimizə bağlı yaranan gənclər təşkilatı, vətənimizin taleyi ilə bağlı hər hansı bir iş görmək, bir plan həyata keçirmək istəyi varsa, müəyyən maliyyə və təşkilati çətinliklər olmasına baxmayaraq onu reallaşdırmaq və başa çatdırmaq mümkündür", - deyə əlavə edib: "Ona görə ki, gənclik böyük qüvvədir, gənclik öz tükənməz enerjisinə, həyat eşqinə inanır, gənclər qətiyyətli və mübariz olurlar. Bu mənada biz gənclər Ümummilli müasir Azərbaycan gəncliyinin qarşısında qoyulan vəzifələrin həyata keçirilməsində aktiv rol oynamalıyıq. Mən bir gənc olaraq Azərbaycan gəncliyinin önündə gedən bir çox nümayəndələri ilə şəxsən qürur duyuram. Belə gənclərimizdən Heydər Əliyev Fondunun vitse-prezidenti Xanım Leyla Əliyevanı, Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi Tale Heydərovu, Amerika Azərbaycan Alyansının Prezidenti Anar Məmmədovu və İsveçdə yaşayan Seyavuş Derəxtini qeyd etmək istərdim. Azərbaycanın fəxri olan bu gəncliyin Azərbaycan üçün göstərdiyi fədakarlıq biz gənclərə örnək və nümunədir".
Onun sözlərinə görə, Prezident İlham Əliyev, Azərbaycan həqiqətlərini, başda Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasını, səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi qoyub. O, deyib: "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırım və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi. Bəşər tarixinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı bütün soyqırımların zirvəsində dayanır. Hesab edirəm ki, biz sonadək ermənilərin Azərbaycanla bağlı təcavüzkar addımlar atmasına imkan verməməliyik çünki, ermənilərin dünya ictimaiyyətinin gözündən pərdə asdığı bəsdir".
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri dünyanın hər yerində nümayiş etdirilir: "Heydər Əliyev Fondu bu gün Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fasiləsiz və effektiv işləyən nüfuzlu beynəlxalq təşkilatdır".

Əli