Məmməd Araz yoxsa Nəsimi? Hadisə

Məmməd Araz yoxsa Nəsimi?

və ya Mikayıl Müşfiq 2004-cü ildə rəhmətə gedib?

Günorta saatlarında FM dalğalarından birində yayımlanan məşhur bir proqramda bir az əvvəl eşitdiklərim məni sadəcə şoka saldı. Dinləyicilərinə müxtəlıif suallar ünvanlayan aparıcının səsləndirdiyi əcnəbi musiqinin hansı filmə məxsus olmasını tez tapdılar, Leonid İliç Brejnevlə bağlı suala da cavab özünü çox gözlətmədi... və indi keçirəç əsas məqama. Aparıcı bir şer parçası səsləndirdi:
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da,qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
dünya mənim,
dünya heç kimin.
Sual: Şerin müəllifi kimdir? Rus dilli olan və danışığından ən azı ortatəhsilli şəxs təəssüratı yaradan dinləyici əminliklə Nəsiminin şeridir dedi. Cavaba elə ən azı mənim qədər təəccüblənən aparıcı, yox bu səhv cavabdı deyib, köməklik etməyə çalışdı. O xalq şairimizdir. Dinləyici isə olduqca "qəliz" olan bu sual qarşısında sanki donub qalmışdı. Növbəti köməkliksə belə oldu ki, o 2004-cü ildə vəfat etmiş şairlərimizdəndir. Dinləyicinin bu dəfəki cavabı isə şəxsən mənə tərs şillə kimi dəydi. Mikayıl Müşviq!!!!
Bu da son deyil. Cavabın Məmməd Araz olduğunu bilən dinləyici, belə bir adı indiyə kimi eşitmədiyini car çəkərək bəyan etdi.
Təbii ki, şəxsən tanımadığım Kənan adlı bu dinləyicinin simasında sanki cəmiyyətimizə nəzər salmış oldum və təəssüf ki, bir çoxlarının nəinki keçmişimizdən, hətta dünənimizdən belə xəbərsiz olması ilə bağlı səslənən iddiaların doğruluğunu qəbul etməli oldum.
Hərbi xidmətdə olarkən, orta məktəbdə 9-11 il oxuyan bəzi gənclərin 20 yanvar, Xocalı, Qarabağın işğalı ilə bağlı məlumatlı olmamasını nə qədər təəcüblə qarşılamışdımsa, Azərbaycanın paytaxtının hansı şəhər olduğunu bilməyənlərin olması məni sözün əsl mənasında sarsıtmışdı. Amma təsəvvür edin ki, Azərbaycan milli operasının, eləcə də Şərqdə ilk operanın banisinin adaşı olan bir müğənniciklə bağlı cavanlarımızda o qədər informasiya var ki, yazsan qurtarmaz.
Kimlərsə bu mövqeyimi düzgün hesab etməyə bilər, amma məncə belələri aramızda çoxdu. Və öyünəsi ziyalılarımız, aydınlarımız olduğu qədər bu cür cahil, savadsız, dardüşüncəli insanlarımızın sayının çoxluğu bir vətəndaş kimi məni narahat edir...
Mərhum Məmməd Araz deyirdi ki, Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı. Düzdür hər birimiz azərbaycanlıyıq və dilimiz də, torpağımız da bu adı daşıyır. Çox təəssüflər olsun ki, içimizdə özünü azərbaycanlı hesab edən çoxlarının bu xalqın taleyindən, dünənindən, heç bu günündən də xəbəri yoxdur.
Bu məslədə günahı yalnız təhsil müəssisələrində görən hər kəsi qınayıram. Çünki, məhz bu cür məsələlərə şəxsin böyüyüb, boya-başa çatdığı ailə daha çox həssaslıq nümayiş etdirməlidir. Əgər ata, ana özü xalqına, ölkəsinə, Vətəninə laqeyiddirsə, onun övladından hansı vətənpərvərliyi, canınyananlığı gözləmək olar.
Və sonda. Savadlı, bilikli, yüksək dünyagörüşünə sahib olmaq hələ, vətənpərvər olmaq deyil. Bu gərək insanın daxilində formalaşsın, ailəsində, təhsil aldığı müəssisədə aşılansın.

Enur Niftəliyev