Ukraynadakı azərbaycanlı tələbələr narahatdırlar Hadisə

Ukraynadakı azərbaycanlı tələbələr narahatdırlar

Daşqın Gülməmmədov: "Krımdakı gərginlik onların həyatına təhlükə yaradıb"

"Azərbaycanın Təhsil və Xarici İşlər nazirlikləri Ukraynanın işğal edilmiş Krım Muxtar Respublikasında yerləşən ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının çıxarılması prosesinə başlamalıdır. Təhsil Nazirliyi həm də Ukraynanın cənubi-şərq bölgələrində gərginliyin səngiməməsi ilə əlaqədar olaraq, ali məktəblərdə təhsil alan vətəndaşlarımızın Azərbaycandakı ali təhsil məktəblərinə keçirilməsi mexanizmini hazırlamalıdır".
Bunu Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov bildirib. Onun sözlərinə görə, hazırda Odessa, Nikolayev, Xarkov, Donetsk və Luqanskdakı universitet və digər ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr ictimai-siyasi vəziyyətin gərgin olması ilə əlaqədar narahatlıq içərisindədirlər: "Krımdakı azərbaycanlı tələbələr isə elə bu həftə ərzində gecikdirilmədən çıxarılmalıdır. Onlar birbaşa provakasiya və təhdidlə üz-üzə qala bilərlər. İndi Ukrayna Daxili İşlər Nazirliyi Azərbacan vətəndaşlarına qarşı hüquqpozmaların və təhdidlərin olması barədə onlarla fakt fiksasiya edib. Rusiya xüsusi xidmət orqanları və rusiyameyilli ekstremist qrupların nümayəndələri Ukraynada guya milli azalıqlara və xarici vətəndaşlara qarşı ksenefobiyanın olduğunu imitasiya etmək üçün açıq fəaliyyətə keçiblər. Yaxın zamanlarda 2 azərbaycanlı tələbənin "Praviy Sektor" üzvləri tərəfindən Kiyevdə döyülməsi və qarət edilməsi faktı əslində bir provakasiya idi. Digər tərəfdən Ukraynada təhsil alan azərbaycanlı tələbələrin ailələri ciddi narahatlıq və psixoloji gərginlik yaşayırlar."
D.Gülməmmədov deyib ki, indi 20-dən çox azərbaycanlı tələbənin təhsilini Azərbaycanda davam etdirə bilməsi və öz ölkələrinə göndərilmələri üçün Ukrayna Təhsil və Elm Nazirliyinə rəsmi müraciət edib. Nigeriya, İordaniya, İraq, Pakistan və Tanzaniya Xarici İşlər nazirlikləri Ukraynada təhsil alan vətəndaşlarını ölkədən çıxarmağa başlayıblar".