“Qızıl” Məryəmi qızı qətlə yetiribmiş… Hadisə

“Qızıl” Məryəmi qızı qətlə yetiribmiş…

Qızıl alverçisi Məryəm Namidzadənin dəhşətli qətli ilə bağlı üç nəfər həbs olunub.
İstintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin mərhumun qızı Günel Hüseynova olduğu müəyyən edilib. Günel Hüseynova saxlanılıb. Araşdırmalar zamanı o da məlum olub ki, Günel Hüseynova hadisəni tək törətməyib. Qətldə Günel Hüseynova ilə birgə Məryəm Namidzadənin bacısı uşaqları da iştirak ediblər.
Məryəm Namidzadənin ögey oğlu Kamran Hüseynov qətldə şübhəli bilinərək saxlanılan şəxslər barədə yayılan məlumatları təsdiqləyib.
Kamran Hüseynov qeyd edib ki, Məryəm onun ögey anası, Günel isə ögey bacısıdır: "Atam Mehman bu yaxınlarda dünyasını dəyişib. Anamla ayrıldıqdan sonra Məryəmlə ailə qurmuşdu və ondan Günel dünyaya gəlib. Günel anası ilə bir yerdə Mərkəzi Univermaqda qızıl alveri ilə məşğul olurdular.
Günelin bir qızı var, həyat yoldaşından isə ayrılıb. Onun keçmiş əri indi həbsdədir, dələduzluq ittihamı ilə 9 il iş verilib (keçmiş kürəkən qayınanasına – Məryəm Namidzadəyə qarşı dələduzluqda ittiham olunub). Məryəmlə Günel bir yerdə yaşayırdılar. Belə bir hadisə olacağı heç kəsin ağlına gəlməzdi".
Məryəm Namidzadənin adını açıqlamayan qonşusunun sözlərinə görə, o, dekabrın 31-də bayramlaşmağa gedib: "Bayram günü Məryəmin bacısı və əri, uşağı, qızı orda idilər. Mən də bayramını təbrik etməyə getmişdim.
Ordan-burdan söhbət elədik. Məryəm qayıtdı ki, "qızıl alveri zəifləyib, iş getmir, ona görə də neçə vaxtdır qızılları özümlə aparıb gətirirəm". Ona dedim ki, ehtiyatlı ol, səni yolda izləyən olar, təhlükəlidir, özünə bir mühafizəçi ayır. Bu söhbətimiz də onların yanında olub. İndi nə bilmək olar, bəlkə də bundan sonra qızının ağlına belə bir iş tutmaq gəlib".
Qonşusu bildirib ki, mərhumənin qızı ərindən ayrılandan sonra münasibət qurduğu bir nəfər olub. O, cinayəti törədənlərin Günelə psixoloji təsir göstərdiyini də ehtimal edir.
Məryəm Namidzadənin bacısının əri Sənanın sözlərinə görə, bayram günü evdə külli miqdarda qızılın daşınması və buna görə mühafizəçi tutulması ilə bağlı söhbət olmayıb: "Faciə baş verib və kimin təqsiri varsa, cəzasını alacaq, əlavə heç nə deyə bilmərəm. Ana-bala arasında nə söhbət olubsa, istintaq aydınlaşdıracaq".
Qeyd edək ki, qonşularından biri mətbuata açıqlamasında Bakıdakı məşhur "Jewellery" zinət əşyaları mağazasının sahibi olan Məryəm Namidzadənin mənzilində 15 kq qızıl-zinət əşyalarının olduğunu bildirib.