Naxçıvan xanlığına məxsus üçüncü bayraq tapıldı Hadisə

Naxçıvan xanlığına məxsus üçüncü bayraq tapıldı

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ezamiyyətdə olmuş Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Pərvin Gözəlov tərəfindən "Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb Tarixi Muzeyi"nin bayraq fondunda aparılmış tədqiqat nəticəsində Azərbaycanın Naxçıvan xanlığına məxsus olmuş və indiyədək məlum olmayan yeni bayraq aşkar edilib.
Bu barədə Naxçıvan Tarix Muzeyindən məlumat verilib.
Məlumdur ki, Şimali Azərbaycan xanlıqları ləğv edildikdən sonra onların bayraqları qənimət kimi Rusiya imperiyasının qüdrətini ifadə edən tarixi abidəyə çevrilib. Xanlıqların işğalı zamanı Bakı xanlığının 9 bayrağı, Gəncə xanlığının 8 bayrağı və Cavad xanın ştandartı, Nuxa (Şəki) xanlığının 6 bayrağı, İrəvan xanlığının 4 bayraqları qənimət kimi götürülüb, Sarskoselskiy saray arsenalına təhvil verilib və 1906-cı ildə Tiflisdəki Şöhrət Muzeyinə göndərilib. Qarabağ, Naxçıvan, Şirvan, Quba və digər xanlıqların bayraqlarının axtarışı istiqamətində tədqiqatçı tərəfindən araşdırmalar aparılır.
Müəyyən olunub ki, hakimiyyətə yeni qələn xan əvvəlki dövlət bayrağını saxlasa da, öz bayrağını qəbul edirdi. Bu səbəbdən də hər xanlığın bir neçə bayrağı mövcud olub.
P.Gözəlovun elmi tədqiqatları nəticəsində aşkar edilmiş Naxçıvan xanlığının üçüncü bayrağı 1827-ci ildə xanlığın işğalı zamanı rus qoşunları tərəfindən alınıb və general İ.Paskeviç tərəfindən Sankt-Peterburqa göndərilib. Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb Tarixi Muzeyinin fondunda bu bayraq "XVIII-XIX əsr müsəlman bayrağı" adı ilə saxlanılır.
Naxçıvan xanlığının aşkar olunmuş üçüncü bayrağı düzbucaq formadadır. Eni 92 sm, uzunluğu 192 sm olan bayraq bir-birinə üfüqi şəkildə tikilmiş yaşıl və qırmızı parçadan ibarətdir. Bayrağın yaşıl hissəsində qırmızı parçadan Günəşin simvolik təsvirinə bənzər səkkizguşəli ulduz tikilib. Bayrağın üzərindəki zədələnmiş hissələr muzeyin laboratoriyasında bərpa edilib, bayrağın üzərindəki ulduzun bir hissəsi zədəli olduğundan onun yeddi guşəsi qalıb. Bayrağın sol tərəfindən ağac sapa taxılması üçün bayraq torbacığı tikilib. Şam ağacından hazırlanmış bayraq ağacının üzərinə dəmirdən düzəltdilmiş nizəvari formada, ortasında içi boş kürəcik olan bayraq ucluğu taxılıb.