Bakıda “Lüsern Dünya Turizm Forumu”nun Beyin Mərkəzinin toplantısı keçiriləcək Hadisə

Bakıda “Lüsern Dünya Turizm Forumu”nun Beyin Mərkəzinin toplantısı keçiriləcək

Xəbər verdiyimiz kimi ötən ilin aprelində İsveçrənin Lüsern şəhərində keçirilmiş "Lüsern Dünya Turizm Forumu"nda Azərbaycan qonaq ölkə qismində iştirak edib. Ölkəmizin bu mötəbər tədbirdə xüsusi statusda iştirakının davamı olaraq 2016-cı il martın 4–dən 7-dək Bakıda Forumun Beyin Mərkəzinin növbəti toplantısı (WTFL Think Tank) keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, "İnkişaf edən istiqamətlərdə uğurun faktorları" mövzusu üzrə keçiriləcək toplantıda dünyada turizm sahəsi üzrə fəaliyyət göstərən bir sıra yüksək səviyyəli şəxslərin iştirakı artıq təsdiqlənib. Onlar arasında bir neçə ölkənin turizm naziri, 30-a yaxın transmilli korporasiyaların, hava yollarının və qlobal qeyri-hökumət təşkilatlarının rəhbərləri vardır. Sözügedən tədbirdə iştirak etmək və Azərbaycanla Ümumdünya Turizm Təşkilatı arasında əməkdaşlıq əlaqələrini daha da genişləndirmək məqsədilə təşkilatın baş katibi Talib Rifainin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə gələcək.