“Prezident məhkumları sevindirəcək” Hadisə

“Prezident məhkumları sevindirəcək”

Dünən Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bu barədə komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
Onun sözlərinə görə, iclasda çoxsaylı müraciətlərə baxılıb: "Məhkumların müraciətlərinə baxılıb. Qarşıdakı iclaslarda da proses davam etdiriləcək. Bayramdan sonra yenə iclaslarımız olacaq. Məhkumların müraciətləri diqqətlə öyrənilir, arayışlar hazırlanır və tövsiyə xarakterli qərarlar qəbul edilir".
Əliməmməd Nuriyev bildirib ki, Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalana bilər: "Komissiyaya daxil olan bütün müraciətlərə baxıldıqdan sonra tövsiyə xarakterli qərar hazırlanaraq ölkə başçısına təqdim olunacaq. Əfv sərəncamının verilməsi isə prezidentin müstəsna səlahiyyətlərinə daxildir. Sərəncamın Novruz bayramı ərəfəsində imzalanıb-imzalanmamasını deyə bilmərəm. Ümid edirəm ki, ölkə başçısı Novruz bayramı ərəfəsində məhkumları sevindirəcək".