MEK-in tərtibatında “Görkəmli elm xadimləri” seriyasından növbəti nəşr Hadisə

MEK-in tərtibatında “Görkəmli elm xadimləri” seriyasından növbəti nəşr

AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərovun həyat və fəaliyyətini əhatə edən biblioqrafik göstərici nəşr olunub.

Xalqcebhesi.az xəbər verir ki, alimin 70 illik yubileyinə həsr edilən nəşr AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən “Elm” nəşriyyatında çap edilib.

“Görkəmli elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafik göstərici, tanınmış fitopatoloqun həyat və elmi fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biblioqrafiyasını – kitab, elmi məqalələrini və s. əks etdirir.

İ.Cəfərovun elmi tədqiqatları Naxçıvan Muxtar Respublikası şəraitində üzüm bitkilərinin əsas xəstəlikləri, mübarizə tədbirləri, Azərbaycan şəraitində çəyirdəkli meyvə bitkilərinin mikobiotasını, ekoloji əkinçilik sistemində bitki mühafizəsinin istiqamətlərini və s. əhatə edir.

Alim respublikada və xaricdə nəşr olunmuş 178 elmi əsərin, o cümlədən 4 dərslik və dərs vəsaitinin müəllifidir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 7 fəlsəfə, 1 elmlər doktoru dissertasiyası müdafiə edilib.

Nəşrin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Redaktorlar Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə həmin şöbənin əməkdaşı Həmidə Mehbalıyevadır.

Biblioqrafiya kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar, müəllim və ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Nəşrin elektron formatı ilə kitabxananın saytının Elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

Cavid