"Özbəkistan ilə Azərbaycan gələcəkdə daha çox birgə layihələr həyata keçirəcək" Siyasət

"Özbəkistan ilə Azərbaycan gələcəkdə daha çox birgə layihələr həyata keçirəcək"

Özbəkistanın Müstəqillik Gününün 35-ci ildönümü ilə bağlı bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edib.

Tədbirdə Azərbaycan Respublikasının dövlət orqanlarının nümayəndələri, diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycanın siyasi, biznes, elm və mədəniyyət dairələrinin nümayəndələri, parlament deputatları, habelə media nümayəndələri iştirak edib.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov çıxış edərək ölkəsinin əldə etdiyi inkişaf yollarından danışıb.

Azərbaycanla əlaqələrə toxunan səfir deyib ki, Özbəkistan ilə Azərbaycan gələcəkdə daha çox birgə layihələr həyata keçirəcək, ticarət, investisiya və nəqliyyat sahələrində tərəfdaşlığı genişləndirəcək: "Bizim tərəfdaşlığımız Mərkəzi Asiya ilə Qafqaz arasında körpüdür. Dostluğumuz nəsilləri birləşdirən bağdır. Müttəfiqliyimiz gələcəyə qoyulan sərmayədir".

Diplomat qeyd edib ki, Daşkənd Bakı ilə münasibətləri yüksək qiymətləndirir. Özbəkistan üçün Azərbaycan sadəcə strateji tərəfdaş və müttəfiq deyil. Azərbaycan bizim üçün qardaş ölkədir. Biz xalqlarımızın sülhə, sabitliyə, davamlı inkişafa və rifahına aparan ortaq məqsədləri bölüşürük.

Onun sözlərinə görə, iki dövləti ümumi tarix, dil və ənənələrin yaxınlığı, mənəvi bağlılıq, qarşılıqlı rəğbət və hörmət birləşdirir: "Tam əminliklə demək olar ki, Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır".

Son beş ildə iki dövlət başçısının 16 qarşılıqlı səfərinin baş tutduğunu xatırladan Bahrom Aşrafxanov, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin avqustunda Özbəkistana dövlət səfərinin xüsusi tarixi əhəmiyyətini vurğulayıb.

Əlavə edib ki, səfərin mühüm nəticələrindən biri dövlətlərimiz arasında strateji müttəfiqliyin yeni mərhələsini açan Əbədi Dostluq haqqında Müqavilənin imzalanması olub".

Azərbaycan hökuməti adından özbək xalqını və hökumətini təbrik edən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev qardaş ölkə ilə əlaqələrdən danışıb.

Ş.Mustafayev Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə üç dəfə artdığını, birgə layihələrinin ümumi portfelinin 5 milyard dolları öldüyünü qeyd edib.

Baş nazirin müavini deyib ki, son illər iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq xarakteri alaraq ən yüksək səviyyəyə çatıb: "Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və səmimi dostluq münasibətlərimizin sürətli inkişafında və onların keyfiyyətcə yeni mərhələyə qədəm qoymasında həlledici rol oynayır".

O, Prezident İlham Əliyevin avqustun 23-24-də Özbəkistana dövlət səfərinə toxunaraq deyib ki, bu, Azərbaycan-Özbəkistan münasibətləri tarixində daha bir mühüm mərhələyə çevrilib:"Səfər zamanı Azərbaycan və Özbəkistanın Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçirilib. İkitərəfli münasibətlərin bütün əsas istiqamətləri ətraflı müzakirə edilib və gələcək əməkdaşlığın yeni hədəfləri müəyyənləşdirilib. Səfərin ən mühüm və tarixi nəticəsi Azərbaycanla Özbəkistan arasında Əbədi dostluq haqqında Müqavilənin imzalanması olub".

Əlavə edib ki, bu sənəd ölkələr arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini daha da möhkəmləndirməyə, eləcə də əməkdaşlığın uzunmüddətli və davamlı inkişafını təmin etməyə yönəlib.

Tədbir daha sonra mədəni hissəylə davam edib. Azərbaycanlı müğənnilərin ifasında Özbək mahnıları səsləndirilib, qonaqlar Özbəkistanın milli təamlarını dadıb.