“TURAZ Şahini-2016” təlimlərinin həm siyasi, həm də hərbi əhəmiyyəti var” Hadisə

“TURAZ Şahini-2016” təlimlərinin həm siyasi, həm də hərbi əhəmiyyəti var”

Emin Həsənli: "Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı regionda sülhün qorunmasına söykənir"

"TURAZ Şahini - 2016" Türkiyə-Azərbaycan birgə taktiki-uçuş təlimləri start götürüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq haqqında plana əsasən, Konya şəhərində iki ölkənin Hərbi Hava Qüvvələrinin cəlb olunduğu birgə taktiki-uçuş təlimləri başlayıb. Keçirilən təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə, iki ölkənin Hərbi Hava Qüvvələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. Təlimlərdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum təyyarələri və şəxsi heyət Konya şəhərində yerləşən aviabazada təntənəli şəkildə qarşılanıb. Qarşılama mərasimində aviasiya bazasının komandiri general-leytenant Haluk Şahar çıxış edərək sayca ikinci dəfə keçirilən və böyük əhəmiyyətə malik "TURAZ Şahini-2016" birgə taktiki-uçuş təlimlərində iştirak edən hər kəsə uğurlar arzulayıb və qurban kəsilib. Təlimlər martın 25-dək davam edəcək.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi eskpert Emin Həsənli deyib ki, Azərbaycan və Türkiyə hərbçilərinin birgə keçirdiyi "TURAZ Şahini-2016" təlimlərinin həm siyasi, həm də hərbi əhəmiyyəti var: "Türkiyə hərbi baxımdan qabaqcılıq ölkələrdən biri olmaqla yanaşı, güclü orduya malikdir". Onun sözlərinə görə, tarixi hərbi dövlətlə birgə təlimlər keçirmək Azərbaycan üçün müsbət haldır: "İki ölkə arasında keçirilən təlimin psixoloji, mənəvi, hərbi və digər üstünlükləri var. Sözügedən təlimlər müasir silahlardan birgə istifadə, onlarla davranışdan tutmuş, təhsil və digər məsələləri özündə ehtiva edir. Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı regionda sülhün qorunmasına söykənir".
İki ölkə arasında keçirilən təlimlərin Rusiya tərəfindən qısqanclıqla qarşılanması məsələsinə gəlincə, hərbi-ekspert söyləyib ki, Azərbaycan müstəqil ölkədir və digər ölkələrlə münasibətini özü müəyyənləşdirir: " Azərbaycan Türkiyə ilə qardaş dövlətdir. İki ölkə arasında strateji, iqtisadi, humanitar və digər əməkdaşlıq mövcuddur. Eləcə də Azərbaycan Rusiya ilə Xəzər dənizində birgə donanma təlimləri keçirir, onlardan silah alır. Bundan başqa, Azərbaycan Rusiya ilə iqtisadi siyasi əməkdaşlığa malikdir. Lakin Türkiyə ilə Rusiya arasında münasibətlərin korlanması Rusiyanın bu təlimlərə qısqanclıqla yanaşmasına səbəb ola bilər. Lakin bu yanlış qısqanclıqdır. Çünki, Azərbaycanın Türkiyə ilə əməkdaşlığı hansısa ölkəyə qarşı deyil, regionda sülhün, təhlükəsizliyin qorunmasına hesablanıb".
E. Həsənli qeyd edib ki, Azərbaycan Türkiyə ilə Rusiya arasındakı münasibətlərin yaxşı olmasında maraqlıdır: "Azərbaycanın Türkiyə ilə hərbi təlimlər keçirməsinə bəzi dairələrin qısqanc yanaşması, həm normal, həm də qeyri-normaldır. Ermənistanın qısqanc münasibəti anlaşılandır. Lakin Rusiyanın bu məsələdə qısqanclıq göstərməsinə səbəb yoxdur. Ölkəmizin İranla münasibəti Amerikanı, ABŞ-la münasibətləri İsraili narahat edir. Lakin Azərbaycan balanslaşdırmış siyasət aparır. Azərbaycan Ermənistandan başqa bütün ölkələrlə normal münasibət saxlayır. Torpaqlarımız işğaldan azad edilməyənə, sülh imzalanmayana qədər Ermənistanla əməkdaşlıqdan söhbət gedə bilməz. Lakin ölkəmiz Rusiya ilə Türkiyə arasında münasibətlərin yaxşı olmasını istəyir. Həm Rusiya, həm də Türkiyə böyük dövlətdir. Bu ölkələr arasında münasibətlərin müsbət olması, region üçün də önəmlidir. Bu baxımdan düşünürəm ki, bir müddətdən sonra Rusiya-Türkiyə münasibətləri qaydaya düşəcək".