Qeyri-leqal miqrasiya problemi Hadisə

Qeyri-leqal miqrasiya problemi

Əlövsət Əliyev: "Çoxları qeyri-qanuni əmək fəaliyyətilə məşğul olmağa üstünlük verir"
Samir Əliyev: "İndi xaricdə işləmək getdikcə çətinləşir"

Dünyada 1 mlrd. miqrant, o cümlədən 238 mln. beynəlxalq və 70 mln. daxili miqrant var. Təbii ki, statistika qlobal çağırışlar doğurur və ölkələr buna qarşı birgə mübarizə aparmalıdır. Dünya üzrə qeyri-leqal miqrasiya ciddi problem olaraq qalır. Təkcə insan alveri dövriyyəsi 35 mlrd. dollara çatır. Qeyd edək ki, qeyri-qanuni miqrasiyada iqtisadi miqrasiyanın xüsusi çəkisi var. Qazanc ardınca ölkə vətəndaşlarının Rusiya, Türkiyə kimi ölkələrə getməsi, eləcə də digər ölkə vətəndaşlarının Azərbaycana iş dalınca gəlməsi iqtisadi miqrasiyanının əsasını təşkil edir.
Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirir ki, ölkədə mövcud iqtisadi miqrasiya proseslərini əks etdirən dəqiq statistika yoxdur. Onun sözlərinə görə, əcnəbilərin yalnız 20 faizi qeydiyyatdan keçir: "Ölkədə tikinti sektorunun 30 faizi əcnəbilərin nəzarətindədir. Son illər ərzində Azərbaycanda həyata keçirilmiş tikinti layihələrinin hamısında əcnəbilər iştirak ediblər. Onların bir çoxu əmək istismarına məruz qalmaları şikayəti ilə bizə müraciət edib. Onlar üçün ölkədə əmək fəaliyyəti ilə məşğul olmaqla bağlı icazə alınmayıb. Bu ciddi qanun ppozuntusu artıq günbdəlik həyat tərzinə çevrilib".
Xaricdə çalışan azərbaycanlılara gəldikdə isə, Əlövsət Əliyev onların dəqiq qeydiyyatının aparılmasının mümkün olmadığını deyir: "Azərbaycanlıları yaşadıqları ölkələrdəki səfirliklərimizlə əlaqələndirən heç nə yoxdur. Qanuna görə, xaricdə yaşayan azərbaycanlılar həmin yerdəki səfirliklərdə qeydiyyatdan keçməlidirlər. Lakin praktikada bu həyata keçirilmir". Əlövsət Əliyevin bildirdiyinə görə, Azərbaycana əsasən Mərkəzi Asiya ölkələri, İran, Rumıniya, Əfqanıstan, və Türkiyədən miqrant axını var, Azərbaycandan isə Rusiya, Ukrayna və Belarusa gedənlərin sayı üstünlük təşkil edir.
Əlövsət Əliyevin sözlərinə görə, həm Azərbaycana gələn xarici miqrantların, həm də xaricə gedən azərbaycanlıların problemləri var. Onun fikrincə, Azərbaycan hökuməti bu sahədə effektiv addımlar atmır: "Azərbaycan vətəndaşları Rusiyanın əmək bazarını işçi ilə təmin edirsə, bu, iki hökumət arasında tənzimlənməlidir. Təəssüflər olsun ki, Azərbaycan hökuməti miqrantların hüquqlarını qorumaq üçün addım atmır. Məsələn, hələ 2003-cü ildə Azərbaycanla Rusiya arasında miqrasiya sahəsində saziş imzalansa da, göstərilənlərin hamısı kağız üzərində qalıb. Bir sözlə, həmin saziş "ölü" sənəddir".
Əlövsət Əliyev deyir ki, çalışdığı ölkənin vətəndaşı ilə eyni hüququ varsa, yalnız bu halda miqrantların hüquqlarının qorunmasından danışmaq olar. Vətəndaşının çalışmaq üçün üz tutduğu ölkənin rəhbərliyi ilə dövlət razılıq əldə etsəydi, iş şərtlərinin sadələşdirilməsinə nail ola bilsəydi, miqrantın getdiyi ölkədə heç olmasa elementar hüququ olardı: "Azərbaycanı seçmiş miqrantların əksəriyyəti burada əmək fəaliyyətilə məşğuldur. Onların bir qismi qeyri-leqal əsaslarla çalışır. Araşdırmalar göstərir ki, qeyri-qanuni əsaslarla işləyən insan da özünün statusunu açıq elan etməkdən çəkinir. Çünki onda əmək fəaliyyətilə məşğul olmaq imkanı məhdudlaşdırıla bilər. Ən azından ona görə ki, kvotadan kənara çıxa bilər. Ona görə də çoxu qeyri-qanuni əmək fəaliyyətilə məşğul olmağa üstünlük verir.
Dolayısı ilə vəziyyətlərinin qeyri-qanuni olması onların maraqlarına daha çox cavab verir. Amma təbii ki, qeyri-qanuni miqrantlar qanunlardan gizlənə bilmirlər. Onlar öz ölkələrində olduğu müddətdə Azərbaycandan burada əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə ala bilmirlər. Yəni öz ölkələrində olduqları müddətdə Azəbaycana miqrant statusu üçün müraciət etmək hüquqları yoxdur. Deyək ki, bizdə miqrant kimi Kanadaya getmək istəyəndə Kanada hökumətinə müraciət edirik. Əgər, həmin ölkədə işləməyə icazə verilərsə, bununla bağlı müvafiq sənədləri bizə göndərirlər və sonra Kanadaya gedirik. Amma Azərbaycanda bu qayda yoxdur. Eyni zamanda, miqrantların işəgötürənlər tərəfindən aldadılması kütləvi xarakter daşıyır. Bu da ondan irəli gəlir ki, Azərbaycanda bir qayda olaraq miqrantları əmək fəliyyəti ilə məşğul olmaları üçün fərdi icazə almadan işlədirlər. Bəzən hətta onlara ölkədə olmaq üçün viza da almırlar. Viza müddətini də artırmırlar və qanunsuz əmək fəaliyyətinə cəlb edirlər. Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi İdarəsi bu cür işlərə görə işəgötürənlərin məsuliyyətə cəlb olunması ilə bağlı ciddi tədbirlər aparır. Amma bu Azərbaycanda daha geniş yayılmış hüquq pozuntusudur və davam edir. Başqa bir hüquq pozuntusu Azərbaycanda uzun illər əvvəl məskunlaşmış qaçınlara Azərbaycanda vətəndaşlığın verilməməsi, həmin şəxslərin vətəndaşlığa qəbulla bağlı sənədlərinin qəbul edilməməsidir. Eyni zamanda, digər kateqoriyaya aid olan əcnəbilərin Azərbaycanda vətəndaşlıq almaları ilə bağlı ciddi problemlər var".
Azərbaycan qanunvericiliyinə görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələr verilməlidir. Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Gülşən Həsənovanın bildirdiyinə görə, əcnəbilərə fərdi icazələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla Dövlət Miqrasiya Xidməti tərəfindən verilir.
Bu gün, miqrantları vətəni tərk etməyə məcbur edən o qədər çox səbəblər mövcuddur ki, bəzi Avropa ölkələri miqrantlar üçün sərhədlərin tam bağlanması kimi radikal yollara əl atırlar. Bu miqrantların əhəmiyyətli hissəsini regional münaqişələrin qurbanları olan məhz siyasi qaçqınlar təşkil edir. Buna misal olaraq, Norveçi göstərmək olar. Ancaq, Avropa ölkələrinin əksəriyyəti bir çox miqrant axınları olan ölkələrlə bağladıqları iqtisadi və diplomatik razılıqlara görə bu radikal yoldan istifadə mümkün olmur.
Ümumiyyətlə qeyd edək ki, həm iqtisadi, həm də digər səbəblərdən dolayı Avropa ölkələri və ABŞ mühacirlərin qarşısını almaq üçün sərhədi bağlamırlar. Cenevrə Konvensiyası və Avropa Konvensiyası kimi belə beynəlxalq müqavilələrdə insan hüquqları haqqında bəndlərdə göstərilmişdir.
İndiyə qədər Avropa Birliyi miqrantlar və onların hüquqları haqda və vəzifələri barəsində vahid siyasət hazırlamayıb. Bu baxımdan da çıxılmaz vəziyyət dövlətlər arasında münasibətləri ciddi çətinləşdirir. Ölkələrdə miqrasiya ilə bağlı həll edilməmiş məsələlər qalmaqdadır. Onun həlli yalnız Avropa ölkələrinin milli ənənələrinin uyğunlaşdırılması yolunda və regionların sosio-mədəni mühitinin dəqiq analizindən əldə etmək olar. Hazırda elə hesab etmək olar ki, amerikalılar və avropalılar paradoksla üz-üzədir. Belə ki, iqtisadi böhran siyasətçiləri miqrantlarla bağlı təcrid və qoruyucu siyasətə məcbur edir.
Azərbaycanlıların ən çox miqrasiya etdiyi Rusiyada miqrantların son durumu sual altındadır. Hesab olunur ki, Krımı tutduğuna görə Qərbin sanksiyalarına məruz qalan Rusiyada miqrantlara münasibət daha da pisləşəcək. Belə ki, iqtisadiyyatın zəifləməsi fonunda Rusiyadan daha çox miqrantın çıxarılması istisna edilmir.
Rusiya Miqrasiya Xidmətinin yaydığı məlumata görə, bu ölkədə xaricdən gələn 11 milyon 280 min miqrant qeydə alınıb. Onların arasında 630 min Azərbaycan vətəndaşı var. Söhbət, təbii ki, qeydiyyata düşənlərdən gedir. İqtisadçı Nazim Məmmədov deyir ki, onların sayı da, Azərbaycana göndərdiyi vəsait də deyiləndən qat-qat çoxdur: "Rusiya hökumətinin açıqladığı 630 min rəqəmi miqrant işçi kimi qeydiyyata alınanları bildirir. Bu rəqəmi təxminən 3-ə vurmaq lazımdır. Onda görərik ki, təxminən 1 milyon 800 minə yaxın Azərbaycan vətəndaşı Rusiyada çalışır. Əksəriyyəti müxtəlif kənd rayonlarından alış-verişə gedən insanlardır. Çoxunun vətənində evi, pay torpağı, kənd təsərrüfatı məhsullarının istehsal və emalı üçün imkanları var. 2 milyon işçi qüvvəsi bu gün Azərbaycan iqtisadiyyatının inkişafına çalışsaydı, dövlət də, vətəndaşlarımız da bundan çox irəli düşərdi. Ölkə daxilində idxal problemini həll edə bilərdik".
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə qeyd edir: "Azərbaycanlılar xaricdə əmək fəaliyyətilə əsasən Rusiya, qismən də Türkiyədə məşğul olurlar. İndi xaricdə işləmək getdikcə çətinləşir. Ölkələr miqrasiya siyasətini sərtləşdirirlər. Müşahidələr onu göstərir ki, indilikdə kütləvi hal almasa da, soydaşlarımız Rusiyadakı fəaliyyətini tədricən "dondurmağa" məhkumdur. Bu ölkədə miqrantlar üçün biznes mühiti də çətinləşir. Belədə onlar geri vətənə qayıdır. Bunun da nəticəsində soydaşlarımızın Rusiyadan vətənə göndərdikləri vəsaitlərin həcmi də azalır. Eyni situasiyanı Türkiyədə fəaliyyət göstərən soydaşlarımızla bağlı da demək olar".

Ülviyyə Tahirqızı