Qondarma soyqırım, yoxsa tarixi gerçəkliklər Hadisə

Qondarma soyqırım, yoxsa tarixi gerçəkliklər

Arzu Şirinova

Ermənilər hər il qondarma soyqırım ərəfəsində növbəti oyunlarını işə salırlar. Belə oyunlarından birini də 2012-ci ildə gerçəkləşdirdilər. Belə ki, Gürcüstan erməni opostol kilsəsi və bir sıra QHT-lər ölkə rəhbərliyini qondarma soyqırımını tanımağa çağırdılar. Müraciət keçmiş prezident Mixail Saakaşviliyə, parlament sədrinə və Tiflis şəhərinin merinə ünvanlandı. Həmin müraciətdə bildirilirdi:"Sizi erməni mənşəli Gürcüstan vətəndaşlarının ədalətli tələbini anlamağa, ədalətli yanaşmağa və erməni soyqırımını tanımağa çağırırıq".
Təbii ki, ermənilərin Gürcüstan rəsmilərinə bu sayaq müraciətləri bir neçə dəfə olub. Ancaq həmişə də cavabsız qalıb. Çünki Gürcüstan dövlətinə rəhbərlik edənlər bilir ki, ermənilərin iddiaları cəfəngiyatdan başqa nəsə deyil. Bu il də belə oyunlar işə düşəcək. Hələlik Azərbaycana çamur atmaqda davam edirlər. Yəni öz əməllərini bizə sırımağa çalışırlar. Ermənistanın müdafiə naziri Seyran Ohanyan həyasızcasına bildirib ki, xocalıların şəhərdən çıxarılmasına şərait yaradıblar...
Ötən əsrin əvvəlindən başlayaraq qardaş Türkiyəni olmayan bir "soyqırımı"na görə ittiham edən, həmin əsrin sonlarında isə Xocalıda Azərbaycan türkünü soyqırıma məruz qoyan ermənilər yalan və böhtan kampaniyaları ilə dünya dövlətlərini hələ də inandırmağa nail olurlar...
...Erməni ideoloqları iddia edir ki, guya ötən əsrin əvvəlində Osmanlı dövləti ölkənin şərqində kompakt halında yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib və o zaman 1 milyondan artıq erməni qətlə yetirilib.
Ancaq əsil həqiqət bundan ibarətdir ki, I Dünya müharibəsi illərində erməni quldur dəstələri 600 minə yaxın türkü vəhşicəsinə öldürüblər. Bu gün Türkiyəni "soyqırım" törətməkdə suçlayan ermənilər rəqəmləri şişirtməklə əslində öz tarixi cinayətlərini ört-basdır etmək istəyirlər.

XXX

XIX esrin ortalarından etibarən Osmanlı dövləti ərazisində erməni komitələri yaranmağa başlayır. Erməni təşkilatları Avropada formalaşaraq məkrli siyasətlərini həyata keçirmək üçün Osmanlı ərazisinə daxil olurlar. Komitələr erməni kilsələrində olmaqla Türkiyənin iri şəhərlərində- İzmirdə, İstanbulda və Şərqi Anadoluda ermənilərin kompakt yaşadığı ərazilərdə yaradılır. Diyarbəkir, Sivas, Qaziantep, Qəhrəman Maraş ve Ərzurumda ermənilər sıx yaşayıblar. Bu ərazilərdə daşnaklar erməniləri türk dövlətinə qarşı çıxmağa sövq ediblər. Onlar bu hərəkətlərini XIX əsrin sonlarında daha təkmil formaya salaraq, silahlı dəstələr yaratmağa başlayıblar. Bu silahlı dəstələrlə yollarda türk əsgərlərinə, mülki əhaliyə basqınlar törədiblər. 1868-ci ildə Zeytun bölgəsində ilk erməni basqınları baş verib. Terrorçu hərəkətlərə isə ermənilər XIX esrin 70-ci illərindən başlayıblar və XX əsrin əvvəllərində iri dövlətlər Osmanlı dövlətini müharibəyə cəlb edib. Erməni faktoru iri dövlətlərin əlində bir bəhanə idi. Bu gün olduğu kimi. Onlar Osmanlını müharibəyə çəkməklə məhv etmək, torpaqlarını əlindən almaq istəyiblər. Ermənilərlə iri dövlətlərin əlaqələrinə dair müxtəlif faktlar demək olar. Erməni patriarxı ilə rus çarının görüşməsi, rus çarının vədləri, Osmanlı ərazisində erməni dövlətinin yaranması və s. məsələləri qeyd etmək mümkündür. Bir sözlə, Osmanlı dövləti özü də istəmədən, Almaniyanın təhriki ilə müharibəyə qoşulub. Patriarxla rus çarının danışıqları nəticəsində rus qoşunlarına kömək məqsədilə silahlanmış erməni dəstələri Osmanlı dövlətinə qarşı çıxmağa başlayıb. Osmanlı dövləti müharibəyə başlayarkən səfərbərlik elan edib. Qeyd edək ki, Krım müharibəsindən sonra keçirilən islahatlar nəticəsində ermənilərə vətəndaşlıq hüququndan əlavə hərbi mükəlləfiyyət hüququ da verilib. Yəni ermənilər Osmanlı vətəndaşı olaraq orduya çağrılıblar. Ermənilər Osmanlı dövlətinin səfərbərliyində iştirak edərək türk mundirini geyinib, türk silahını alsalar da, türk dövlətçiliyinə qarşı xəyanətlərə başlayıblar. Bu da xüsusilə Ərzurumda müşahidə edilib. Rus qoşunları Ərzuruma hücum edəndə həmin ermənilər türk mundirləri əyinlərində Türkiyə qoşunlarına qarşı mübarizə aparıblar. Aydın məsələ idi ki, buna qarşı dövlət hansısa tədbir görməliydi. Əslində, aprel ayında nə baş verib? Türkiyənin daxili işlər naziri Tələt paşaya belə bir məlumat gəlib ki, daşnak təşkilatlarının İstanbulda konfransı keçiriləcək. Onlar dağıdıcı hərəkətlərini koordinasiya etmək və mərkəzləşdirməkdən ötrü İstanbulda toplaşmaq istəyiblər. Ermənilərin planının üstü açıldıqdan sonra aprel ayında 2445 nəfər həbs edilib. Maraqlıdır ki, 2445 nəfərdən heç biri edam olunmayıb. Tutulanların yarısı Osmanlı imperatorunun əmri ilə əfv edilib. Yarısı isə sürgün olunub. Aprelin 24-ü baş verən konkret hadisə bax, budu. Ancaq ermənilər bunu şişirdib böyük bir "faciə"yə çeviriblər. Sual yarana bilər ki, bəs bu hadisədə erməni ölməyib? Bəllidir ki, Osmanlı sultanın əmri ilə 1 milyon nəfər səfərbərliyə alınıb. Onların içərisində ermənilər də olub. I Dünya müharibəsində bütün dünya ölkələrindən milyonlarla insan ölüb. Onların içərisində ermənilərin də olması təbiidir.

xxx

Ermənilər əvvəllər deyirdilər ki, bir milyon olmaqla itki veriblər. İndi isə iddiaları 2 milyon 300 minə çatıb. Bu, böyük bir yalandır. Əsası olmayan, fakta söykənməyən bir məlumatdı, 1914-cü ilə aid rəsmi sənəd - Osmanlı dövlətinin statistik məlumatı var. Həmin sənəddə göstərilir ki, 1914-cü ilədək Osmanlı ərazisində yaşayan ermənilərin sayı 1 milyon 300 nəfərdi. Ermənilər özləri bildirirlər ki, bu 1 milyon 300 min nəfərin 600 mini Cənubi Qafqaza köçüb. Demeli, yerdə 700 min nəfər qalır. 1914-cü ilə aid Böyük Britaniya Akademiyasına məxsus statistik melumat var. Orada da göstərirlər ki, Osmanlıdakı ermənilərin sayı 1 milyon 770 min nəfərdi. Demeli, ermənilərin iddiası əsassızdı.

xxx

Aprelin 24-də erməni komitələrində təmsil olunanların həbsindən sonra bu hərəkat bitməyib. Əfv olunmuş ermənilər yenə öz əməllərinə başlayıblar. Yüzlərlə türk kəndi viran qalıb. 1915-ci ildə Ərzurumun Yaşılyayla kəndində bir nəfər türk salamat qalmayıb. Erməni quldurbaşılarından Andronik və Dronun dəstələri tərəfindən dinc türk əhalisi, qoca, qadın və uşaqlar qırğına məruz qalıblar. Həmin kənddə qırılanların toplu məzarlığı bu gün arxeoloji abidə kimi saxlanılır. Onların sür-sümüyü aşkar edilib. Sümüklərdən tam bəlli olub ki, bunlar işgəncə ilə məhv edilib. 1915-ci ildə qeyd etdiyimiz həbslərdən sonra ermənilər öz hərəkətlərindən qalmırlar. Həmin vaxt Türkiyə dünya müharibəsində beş cəbhədə döyüşüb. Amma dövlət məcbur olub ki, ermənilərə qarşı tədbirlər görsün. 1915-ci il mayın 5-də daxili işlər nazirinin əmri ilə qanun qəbul edilib. "Sövq və isqan" qanunu Türkiyədə yaşayan ermənilərin köçürülməsini nəzərdə tutub. Bu, ermənilərin kompakt yaşadığı ərazilərdən Türkiyənin digər ərazilərinə köçürülməsi demək idi. Qanunda yazılırdı ki, bir yaşayış məskənində - bu, kənd və ya qəsəbə də ola bilərdi - 50 evdən artıq erməni evi olmamalıydı. Çünki ermənilərin belə bir psixologiyası var: onlar bir qədər çoxluq təşkil edən kimi öz mənfur siyasətlərini həyata keçirmək üçün yollar axtarırlar. Həmin qanunda çoxlu demokratik bəndlər olub. Məsələn, köçürülmə zamanı hər bir erməni ailəsinin daşınmaz əmlakı yerindəcə qiymətləndirilsin və nağd şəkildə ödənilsin; hər bir ailənin daşınan əmlakının daşınması üçün dövlət tərəfindən nəqliyyat vasitələri ilə təmin olunsun; daşınan əmlakın yolda təhlükəsizliyini təmin etmək üçün hərbi əsgərlər ayrılsın. Əgər ailələr köçürülən zaman hər hansı erməni ailəsində yetim uşaq vardısa, o uşağın türk ailəsi tərəfindən qəbul olunması və dövlətin müavinət verməsi də həmin qanunda nəzərdə tutulub. Hətta köç zamanı erməni ailəsinin iti öldükdə belə, onun pulu ödənilib.

xxx

Ermənilər həmişə televiziyalarda pafosla çıxış edir, heç vaxt fakt göstərmirlər. Ancaq bu hadisələrlə bağlı onların 30.000-ə yaxın ədəbiyyatı çıxıb. O cəhətdən bizdən çox irəlidədirlər. Bütün bu kitabların ilk səhifələrində onların bir tarixi mənbə faktları var: "Andonyanın sənədləri". Erməni tarixçilərinin iddiasına görə, guya Andonyan adlı erməni, mülki şəxs adi bir türk adamından - Nəim bəydən həmin sənədi pulla alıb. Guya həmin tarixi sənəd daxili işlər naziri Tələt paşanın Suriyanın Hələb şəhər valisinə vurduğu gizli teleqramdır. Teleqramda Tələt paşa yazır ki, ermənilərin etdikləri hərəkətlərə qarşı əmr edirəm: Hələb şəhərində nə qədər erməni əsilli vətəndaş varsa, hamısı məhv edilməlidir. Maraqlı bir sual ortaya çıxır. Daxili işlər nazirinin gizli teleqramı adi türk adamının əlinə necə keçə bilər?

xxx

Türkiyə Rusiya ilə müharibə aparırdı. Düşmən tərəfinə keçmiş ermənilərlə də döyüşlər aparılırdı. Rusiya cəbhəsində aparılan döyüşlər zamanı 170.000 erməni öldürülüb. Müharibə gedən dövlətlərdə yoluxucu xəstəliklər yayılır. Köçürülmə zamanı da bunlar olub. Müharibənin gedişində Türkiyənin öz itkisi daha çox idi. 1 milyon türk ölüb. Amma mülki erməni əhalisinə qarşı Türkiyə dövləti heç bir silahlı tədbir həyata keçirməyib. Hətta onların türk dövlətinə xəyanət etməsinə baxmayaraq, artıq qırğınlara yol verməmək üçün əziyyətli olsa da, onları köçürüblər.
Bu gün isə ermənilər tamamilə əsassız iddialar səsləndirib dünya xalqlarını aldadırlar. Yenə də tarixi faktlara istinad edək. Aprelin 24-də erməni komitəçiləri İstanbulda həbs olunur. İstanbuldakı erməni patriarxının həmin ermənilərin həbsi haqqındakı teleqramı aprelin 25-də artıq Amerika prezidenti Vilsonun stolunun üstündə idi. Həmin dövrün rabitəsilə teleqram bir günə İstanbuldan Amerikaya çata bilməzdi. Texniki cəhətdən bu, mümkün deyildi. Paralel bir faktı da qeyd edək. İstambuldakı Amerika konsulunun bu hadisə ilə bağlı vurduğu teleqram aprelin 27-də Amerikaya çatıb. Bu nə deməkdir? 1988-ci ildə Sumqayıtda baş verən hadisələri yadımıza salaq. O zaman hadisə qurtarandan 1 saat sonra bütün dünya informasiya vasitələri, telekanallar o hadisələri göstərdilər. Eyni ssenaridir. Özləri hazırlayıb, çəkib dünyaya yayırlar.