Avropa ölkələrindən ilk hərbçilər Qrenlandiyaya gəlib Dünya

Avropa ölkələrindən ilk hərbçilər Qrenlandiyaya gəlib

ABŞ prezidenti Donald Trampın adanın ABŞ-a birləşdirilməsinin zəruriliyi barədə bəyanatları fonunda Avropa ölkələrindən ilk hərbçilər Qrenlandiyaya gəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bild" qəzeti hadisə yerindəki müxbirlərə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, ötən gecə Danimarka ordusuna məxsus “Hercules” hərbi-nəqliyyat təyyarəsi Qrenlandiyanın paytaxtı Nuuk hava limanına enib. Təyyarədə təkcə danimarkalı hərbçilər deyil, həm də Fransa Silahlı Qüvvələrinin nümayəndələri olub. Təxminən eyni vaxtda adanın qərbində yerləşən Kangerlussuaq aerodromuna daha bir Danimarka “Hercules” təyyarəsi enib. Hər iki təyyarə söndürülmüş transponderlərlə uçub.

Cümə axşamı səhər saatlarında Bundesverin ilk 13 hərbçisinin Nuuk şəhərinə gəlməsi gözlənilir. Almaniyadan başqa, adada hərbi kontingentin yerləşdirilməsi missiyasında Böyük Britaniya, Kanada, Niderland, Norveç və İsveç də iştirak edəcək. Missiya bütün bu ölkələrin üzv olduğu NATO strukturları vasitəsilə deyil, Kopenhagendən koordinasiya olunur.

"Bild" yazır ki, Trampın bəyanatları fonunda hərbçilərin yerləşdirilməsinə hazırlıq son günlər gizli şəkildə aparılıb. Qəzet iddia edir ki, ilk hərbçilərin adaya göndərilməsi yalnız çərşənbə günü Danimarka və Qrenlandiya nümayəndələrinin ABŞ-la danışıqları uğursuz başa çatdıqdan sonra baş tutub.

Məryəm Quliyeva