Yol ayrıcında görüş Hadisə

Yol ayrıcında görüş

Proloq

...Adətən düşüncəmin və duyğularımın süzgəcindən keçirərək baxış bucağımın cizgilərinə və Əlahəzrət Ədalətin əbədi sərhədlərinə uyğun cilaladığım tarixin personajları olmur. Tarixə dramaturiji material kimi baxa bilmədiyim üçün keçdikləri yolu, yaşadıqları həyatı bu günkü mövqelərinə uyğunlaşdırmaqla gerçək qəhrəmanlığın sərhədlərini neobolşevik inkarçılığı ilə səhv salanların ikrah doğuran davranışlarını remarkalara çevirmək, yaxud boğazdan yuxarı - qurşaqdan aşağı söz ifrazatçılarının pafoslu monoloqlarını qabartmaq istəmirəm.
...Bu dəfə də ənənəmə sadiq qalacağam. Amma kiçicik bir istisna ilə. Elə bir istisna ki, bəlli bir zaman kəsiyində bizi istibdaddan istiqlala aparan məşəqqətli yolun hər qarışında onun izi görünür. Elə bir istisna ki, ilk Cümhuriyyətimizdən yol alan azadlıq ideallarımızı tarixin qaranlıqlarında gömülməyə, qan yaddaşımızı, bir millət kimi varlığımızın, mövcudluğumuzun təməlində dayanan milli idrakımızın Günəşini sönməyə qoymayıb.
...Söhbət İstiqlal şairimiz Bəxtiyar Vahabzadədən gedir.
İşə gəldiyim zaman yolu boyu istedadlarına sayğı duyduğum, böyük hədəflərlə daş atmaqla böyümək istəyən gənc dostlarımın nədən məhz Böyük Ustadı nişan aldıqları barədə düşünürdüm. Doğrusu, əsaslı, daha dəqiq desək, stimullaşdırıcı, hərəkətverici və yönəldici bir səbəb tapa bilmədim. Bəlkə də tapmaq istəmədim...
Sadəcə Ramiz Rövşənin Əbülfəz Elçibəy haqqında yazdığı şeirin ilk misrasını xatırladım: "Sənə bir daş atar yerindən duran..."
...Kaş ki, hər şey bu qədər sadə, məkrsiz, böyümək, yaxud böyük görünmək arzusundan doğan üsyankar bir cığallığın nəticəsi olaydı. Kaş ki...

"Hər kəs öz içindəki yanğını görür"

İlk dəfə "Gülüstan" poemasını oxuyanda orta məktəbin 5-ci sinifində təhsil alırdım. "Gülüstan"ı böyük qardaşımın cib dəftərindən köçürmüşdüm, xəlvətcə...
Vaxtaşırı dayımla Bəxtiyar Vahabzadənin "Gülüstan"ı və Şəhriyarın "Heydərbaba"sı haqqında pıçıldaşır, ikiyə bölünmüş Azərbaycandan, Kərkükdən, Türkiyədən danışırdılar. Mən isə qapı arxasından onları pusur, eşitdiklərimin fərqinə varmağa çalışırdım. Qəribədir, bütün bunlar mənə qeyri-adi, daha dəqiq desəm, ilk dəfə eşitdiyim məlumat təsiri bağışlamırdı. Böyük Ustadın "Gülüstan" poemasından sonra isə bu ayrılıqla birlikdə doğulduğumun, qan yaddaşımda Bütöv Azərbaycan sevdası daşıdığımın fərqinə vardım.
Bəxtiyar Vahabzadənin sevə-sevə əzbərlədiyim, içimə çəkdiyim misraları mənim gələcək taleyimi, gedəcəyim yolu, istiqaməti, ən əsası isə yaşam məfkurəmi müəyyənləşdirdi...
..Sonradan Vətən sevgisindən yoğrulmuş şeirlərilə məni ədəbiyyata gətirən Böyük Ustadla yollarımız bir neçə dəfə kəsişdi. Hələ tanışlığımızdan öncə müxtəlif ədəbi məclislərdə haqqımda xoş sözlər dediyini də bilirdim. 1989-cu ildə, meydanda Azərbaycanın ərazi bütövlüyü və istiqlalı uğrunda mücadiləyə qalxan yüzminlərin arasında "Heyratı" ritmik muğamı üzərində yazdığım "Azadlıq" marşı barədə Dövlət Televiziyasının efirindən söz açdığını və "bu gənc oğlan nə qədər böyük bir iş gördüyünün fərqində belə deyil" söylədiyini də izləmişdim. Bu qədər səmimi, qayğıkeş münasibətin qarşılığında nədənsə onunla üz-üzə gəlməkdən, təmasda olmaqdan çəkinirdim. O zaman bunun səbəbini bilməsəm də müəyyən vaxtan, daha doğrusu Böyük Ustadın mənə ünvanladığı ilk məktubdan sonra şüuruma hakim kəsilən bu ziddiyyətli yanaşmanın əsil mahiyyətini anladım: İllərdən bəri təxəyyülümdə formalaşdırdığım ucalığa yaxınlaşmaqdan, onunla təmasda olmaqdan qorxurdum...
Bu kompleks məni Böyük Ustadla qarşılaşdığım hər təsadüfdə izləyirdi.
Sadəcə bir yazı, Bəxtiyar Vahabzadə haqqında yazdığım "Yol ayrıcında görüş" adlı məqaləmdən sonra onun mənə ünvanladığı məktub nəinki içimdə kök atan "ucalıq qorxusunu", həmçinin ölkədə baş verən ictimai-siyasi proseslərin təsiri altında formalaşmış, zamanın bütləşdirdiyi toz basmış təsəvvürlərimi belə alt-üst etdi.
Bəxtiyar Vahabzadə bu məktubu yalnız mənə deyil, mənim timsalımda bütün Azərbaycan gənclərinə, onun onillər boyu apardığı İstiqlal mücadiləsini davam etdirəcək nəsillərə ünvanlamışdı:
"Əzizim Elçin,
İyulun 2-dək (2000-ci il) Şəkidə olduğuma görə Sənin "Üç nöqtə" qəzetində dərc olunan yazından xəbərim olmayıb. Qəzeti mənə bu gün göndəriblər. Sənin Mənə verdiyin kitabındakı şerlərindən və bəzi yazılarından hansı fikir və duyğularla yaşadığını yaxşı bilir və bunları alqışlayıram. Əgər həmin dediyim duyğu və düşüncələrin olmasaylı sən yaxşı və bəyənilən qələm əhli ola bilməzdin. Beləki "Yol ayrıcında görüş" məqaləndə yazdıqlarının hamısı ilə şərikəm. Lakin necə bilirsən, bu gün Mən həmin duyğu və fikirlərlə yaşamırammı? Həmən o üsyan, həmin o etiraz Sənin və Mənim yazılarımda (xüsusən son 5-6 ildə) öz əksini tapmırmı? Sən mənim Son şeirlərimi, məqalələrimi və son 2 ildə çıxan "Bir ömür yuxu" və "Ağıl başqa, ürək başqa" kitablarımı oxumamısanmı? Son 2 ildə milli teatrımızda oynanılan "Özümüzü kəsən qılınc" və bir ay əvvəl premyerası olan "Cəzasız günah" pyeslərimə baxmamısansa günah kimdədir?
Yazırsan: "Eh ustad, qələmə nə varki, indi barmaqlarını şəhid qanına batırıb imza atanlar da var". Amma bilmək istərdim: Barmağını şəhid qanına batırıb imza atan kimlərdir? Mən beləsini hələ tanımıram. Lakin "qələmə nə varki" deməklə Sən yəni qələmlə döyüşməyi inkarmı edirsən? Bəs onda adlarını fəxrlə çəkdiyin Sabir və Mirzə Cəlil qələmlə döyüşməkdən başqa daha neyləmişdilər? Qələm əhlinin tüfəngi, silahı qələmdir. Yazıçı yalnız qələmlə döyüşməlidir və bunu sən də, mən də imkanımız daxilində edirik. Bəlkə mitinqlərdə yışqırmağı da vacib hesab edirsən? Bu 75 yaşlı xəstə ağsaqqala yaraşarmı?
Qul bazarlarından söhbət açırsan. Haqlısan. Bu, bizim milli faciəmizdir. Lakin mənim qul bazarlarından bəhs edən eyni adlı şerimi oxumamısanmı? İndi neçə yerə bölünməyimizdən yazırsan, yenə haqlısan. Bəs bu mövzuda ürək ağrısı ilə yazdığım "Yolki belə gedir", "Qapılar", "Küsüblər", "Yalan bazarı", "Yalan hakim olub", "Güman qalıb Allaha", "Söz güləşməsi", "Dünyamız dəyişsin", "Səngər-masa", və s... onlarla şerlərimi oxumamısansa mən nə etməliyəm?
Məktubun (məqalə nəzərdə tutulur - red.) mənə, mənim yazılarıma, ümumən şəxsiyyətimə çox böyük hörmətlə yazılıb. Buna görə sənə minnətdaram. Amma məktubunda giley notları da var. Bunu da müəyyən dərəcədə qəbul edirəm. Günah nə səndədir, nə də məndə. Durum o qədər ağır, o qədər dözülməzdir ki, çaşmışıq. Buna görə də hamı günahı başqasında axtarır. Çünki hər kəs öz içindəki yanğını görür və elə güman edir ki, bu yanğı, bu üsyan ancaq özünün içindədir. Başqasında yoxdur. Mən qəzetlərdə cavan jurnalistlərin çox güclü yazılarını oxuyur və buna çox sevinirəm. Amma gəlin Siz də etiraf edin ki, yaşlı nəsli oxumur və günqahı yaşlı qələm əhlində axtarırsınız. Bu da təbiidir. Uman yerdən küsərlər. Amma siz yalnız bir-birinizi oxuyursunuz. Nədənsə yaşlıları oxumaq istəmirsiniz. Soruşuram: "Sən Elçin, Anarın "Otel odası" əsərini oxumusanmı? Bu balaca povestdə o, millətin bu günkü durumunu çox böyük ustalıqla qələmə alıb. Amma gənclər oxumur və qəzəbini yaşlıların üstünə tökür.
Mənim gənc dostum, gəlin qəzəbimizi bir-birimizin üstünə tökməkdənsə əl-ələ verək, qəzəbimizi bizi bu kökə salanların üstünə tökək. Azı biz hamımız - qocalı, cavanlı eyni dərdlərin daşıyıcılarıyıq. Qocalar başlarını aşağı tikib öz yaradıcılıqları ilə məşğuldur. Gənclərsə qocaları ittihamla... Görün heç bir nəfər yaşlı qələm əhli bir cavan yazıçıya hücum çəkibmi? Amma cavanlar emosiyaya qapılıb yaşlıları sancmaqla məşğuldur. Mən səni nəzərdə tutmuram. Mənim haqqımdakı sancmalardan yəqin ki, xəbərin var. Niyə? Gənc jurnalistlər yanıma tez-tez gəlir və ilk sualları bu olur: Niyə susursunuz? Onda mən soruşuram: Sən mənim filan, filan əsərlərimi oxumusanmı? Filan pyesimə baxmısanmı? Deyir: - Yox! Onda mən onun sualına nə cavab verməliyəm?
Əzizim Elçin, yuxarıda yazdığım kimi, Sənin Mənə ünvanladığın məktub çox böyük ehtiramla yazılıb. Buna görə də mənim bu məktubumdan elə çıxmasın ki, yazdıqlarından incimişəm. Əksinə, mən sənin gözəl şerlərini oxuyandan sonra sən görünmədin... Uzun fasilədən sonra səni təsadüfən görəndə mən təkidlə dedim ki, bizə gəl görüşək. Fikrim səninlə - düşünən və yanan gənc şairlə dərdləşmək idi. Amma Sən buna ehtiyac duymadın. Mən də üçüncü dəfə görüşəndə sənin etinasızlığını üzünə vurmadım.
Məqalənə görə Sənə təşəkkür edir və bu zavallı millət üçün yanan ürəyini öpürəm.

Hörmətlə, Bəxtiyar Vahabzadə

17.07.2000".

...Bu məktubdan sonra dəfələrlə Böyük Ustadın məqamında oldum, saatlarla dərdləşdik, gözümün önündə illər boyu qapalı sandığım qapılar taybatay açıldı...
İndi onun cismani yoxluğunda nəinki bir fərd kimi, hətta nəhəng bir coğrafiyada dünyanın ədalətsiz düzəniylə mücadilə aparan bir Millət kimi nə qədər böyük bir itkiyə məruz qaldığımızı təsəvvür etməyə belə çətinlik çəkirəm. Hər şeyin ucuzlaşdığı, ən uca və müqəddəs saydığımız dəyərlərin bir göz qırpında yerlə bərabər olduğu, total cılızlaşmaya, mənəvi cırlaşmaya məruz qaldığımız bir zamanda Bəxtiyar Vahabzadə itkisinin düşünən insanlar üçün nə demək olduğunu şərh etməyə ehtiyac duymuram...


Epiloq

...21-ci yüzilin ikinci onilliyində bizi ötən əsrin 20-ci illərindən başlayaraq təqib edən və bir çox problemlərimizin, ziddiyyətli dünyagörüşümüzün təməlində dayanan mənəvi naqisliklərin, deklorativ dünyagörüşünün, proletkul inkarçılığının səbəbi göründüyü qədər sadə deyil. Problem ənənə ardıcıllığının olmamasındadır. Həm də bütün müstəvilərdə... Şübhəsiz ki, atasını satan Pavel Morozovların qəhrəman kimi təqdim olunduğu ultraqapalı bir cəmiyyətin paramparça olmuş və yeni sərhədləri çərçivəsində bütövləşməyə macal tapmamış coğrafi-mənəvi hissəciklərində ənənə axtarışına çıxmaq sadəlöhvlükdür. Çünki Allahına, atasına, Vətəninə, Millətinə asi düşənlərin ideoloji kumirə çevrildiyi, bütləşdirildiyi cəmiyyətlərdə ənənə anlayışı olmur. Belə cəmiyyətlərin "ənənəsi" dönüklükdü, asilikdi, nankorluğdu, bəsit və kor inkarçılıqdı! Qarşılıqlı sayğıya, minnətdar olmaq bacarığına, vərəsəlik ənənələrinə söykənən mürşid-mürid, ustad, müəllim-tələbə, ata-oğul münasibətlərinin formalaşmadığı cəmiyyət isə köksüz idealların, saxta bütlərin tapdağı altında can verməyə, əxlaqsızlığın, mənəvi naqisliyin girdabında boğulmağa məhkumdur.

Elçin Mirzəbəyli