QMİ-dən nurçuluğa qadağa tələbi Hadisə

QMİ-dən nurçuluğa qadağa tələbi

Qafqaz Müsəlmanları İdarəsi nurçuluq, vəhhabilik, xəvariclik, təkfirçilik cərəyanlarının Azərbaycanda qanunla qadağan olunması və onları təbliğ edənlərin hüquq-mühafizə orqanları qarşısında cavabdehlik daşıması barədə iddia qaldırıb.
QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova mətbuata verdiyi açıqlamasında bildirib ki, məzhəb ayrı-seçkiliyinə şərait yaradan xəvariclik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək həm dinə, həm də xalqa, dövlətçiliyə xələl gətirən addımlar QMİ tərəfindən qınanılır.
Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi dini mərkəz olaraq, hər zaman dünyanın istənilən nöqtəsində baş verən terror, zorakılıq, ekstremizm, din pərdəsi altında radikalizm əleyhinə etiraz səsini ucaldır.
Qeyd edək ki, 1997-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə dini təbliğat aparmaq qadağan edilib.