Qəbələdə beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolları müzakirə olunur Hadisə

Qəbələdə beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolları müzakirə olunur

İyunun 29-da Bu gün Qəbələ şəhərində "Gənclərin Dialoqu - Beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması" mövzusunda Beynəlxalq Tələbə Konfransı öz işinə başlayıb. APA-nın yerli bürosunun xəbərinə görə, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla yad ediblər.
"Qafqaz Resort" otelində keçirilən konfransın rəsmi açılış mərasimində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (İNCU) katibliyinin rəhbəri, Charles Sturt Universitetinin Gömrük və Aksiz Araşdırmaları Mərkəzinin baş müəllimi Mixail Kaşubski və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Gömrük işinin modernləşdirilməsi üzrə məsləhətçisi Hendrikus van Zandvijk çıxış edib.
A. Əliyev bildirib ki, DGK gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi, modernləşdirilmə və kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələlərinə xüsusi diqqətlə yanaşır və bugünkü konfrans da sözügedən istiqamətdə nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcək. Belə ki, hər bir sahədə uğurlu fəaliyyət kadrların peşəkar səviyyəsindən asılı olub, o cümlədən, gömrük xidmətində uğurlu kadr seçimi, əməkdaşların peşəkarlığının yüksəldilməsi hər zaman öz aktuallığı ilə diqqət çəkir.
Komitə sədri xatırladıb ki, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev 1997-ci ildə Azərbaycan gömrük orqanlarının yaradılmasının 5 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında da gömrük xidmətinin inkişafı üçün beş əsas şərtdən birinin kadr hazırlığından ibarət olduğunu bildirib. Hələ 1996-cı ildə yaradılan DGK-nin Tədris Mərkəzi ölkədə bu sahədə ilk tədris müəssisəsi olmaqla, kadrların təlim və tərbi­yəsində müstəsna rol oynayıb. Hazırda isə Tədris Mərkəzinin bazasında, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən təsis edilən DGK-nin Akademiyası fəaliyyət göstərir.
DGK-nin Ümumdünya Gömrük Təşkilatının (ÜGT) fəal üzvü olduğunu diqqətə çatdıran A. Əliyev qeyd edib ki, ÜGT-nin regional qurumları - 2003-cü ildə fəaliyyətə başlayan Regional Tədris Mərkəzi və 2011-ci ildə açılmış Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi də Azərbaycanda yerləşir. O, 2014-cü ildə Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin ilk konfransının keçirildiyini bildirib və qurumun bu günədək ilk və yeganə regional ofisi məhz Bakı şəhərində açılıb. İki ildən çoxdur ki, fəaliyyət göstərən DGK-nin Akademiyasının təşəbbüsü ilə hazırda ilk dəfə olaraq Qəbələ şəhərində tələbə konfransı keçirilir.
A.Əliyev vurğulayıb ki, DGK üçün Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlıq etmək şərəfdir və Azərbaycan tərəfi bu tədbirə ev sahibliyi etməkdən qürur hissi duyur. A. Əliyev sonda konfrans iştirakçılarına ən xoş arzularını çatdıraraq onlara məhsuldar iş və uğurlar diləyib. Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (İNCU) katibliyinin rəhbəri, Charles Sturt Universitetinin Gömrük və Aksiz Araşdırmaları Mərkəzinin baş müəllimi Mixail Kaşubski çıxış edərək bildirib ki, INCU - ÜGT və digər təşkilatları gömrük işinin tədqiqatı və tədrisi sahəsində fəal olan universitetlərə və elmi-tədqiqat institutlarına çıxış üçün vahid əlaqə mənbəyi ilə təmin etmək məqsədilə 2005-ci ilin fevralında təsis edilib. Təşkilat həmçinin gömrük məsələləri ilə bağlı ictimai məlumatlılığı artırmaq, elm-tədrislə bağlı bu ixtisaslaşmış sahədə tədqiqatlara rəvac vermək və şərait yaratmaq məqsədini daşıyır. O, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Qəbələdə keçirilən tələbə konfransının əhəmiyyətini yüksək qiymətləndirib. M. Kaşubski bu konfransın müxtəlif ali məktəblərin müəllim və tələbələrinin, elm adamlarının, gömrük mütəxəssislərinin birgə təcrübə mübadiləsi, qarşılıqlı əlaqələrin qurulması baxımından böyük rol oynadığını qeyd edib.
Konfransda dünyanın 20 ölkəsinin - Avstriya, Belarus, Belçika, Bolqarıstan, Çin, Makedoniya, Gürcüstan, Almaniya, Macarıstan, Litva, Niderland, Polşa, Rusiya, Seneqal, İsveç, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan, Vyetnamın mötəbər universitetlərində gömrük ixtisası üzrə təhsil alan tələbələr, gömrük sahəsində ixtisaslaşan elm adamları, eləcə də dünyaca məşhur gömrük mütəxəssisləri Vaslav Çijoviç, Zlatko Veterovski iştirak edirlər. İyunun 29-dan iyulun 1-dək davam edəcək konfrans çərçivəsində "Beynəlxalq ticarət", "Gömrük potensialının gücləndirilməsi", "Gömrük risklərinin təhlili və idarəedilməsi", "Ticarətin asanlaşdırılması üçün electron gömrük xidmətləri" adlı 4 sessiya keçiriləcək və müxtəlif ölkələrin elm ocaqlarını təmsil edən elm adamları və tələbələr tərəfindən ümumilikdə 50-dək məruzə dinləniləcək.
Məruzələrin əhatə etdiyi konkret mövzulara gəlincə isə daxildə emal, daxili ekspress yüklərinə nəzarət, beynəlxalq iqtisadiyyatda beynəlxalq ticarət, qlobal maliyyə böhranının beynəlxalq ticarətə təsiri, gömrük üzrə ali təhsil sahəsində yeni istiqamət, elektron gömrüyün qlobal ticarətin asanlaşdırılmasında rolu, gömrük işinin konkret sahələri üzrə bəzi ölkələrin milli təcrübələri və digər sahələrdə dinləyicilərə geniş məlumat veriləcək. Konfrans çərçivəsində qonaqlar bölgənin təbiəti, tarixi abidələri ilə də yaxından tanış olacaqlar.