“Avqust istirahət ayı olsa da...” Hadisə

“Avqust istirahət ayı olsa da...”

Elman Nəsirov: "İstisna deyil ki, bu ayda münaqişənin həlli ilə bağlı proseslərin siyasi temperaturu yüksəlmiş olsun"

Dünən Polşanın paytaxtı Varşavada NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının toplantısı işə başlayıb. İki gün davam edəcək zirvədə iki vacib mövzu ətrafında müzakirələr aparılacaq - Rusiyanın Qara dənizdəki fəallığı və İŞİD terror təşkilatı ilə mübarizə. Toplantıda BMT, Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun rəsmiləri də iştirak edəcək. Sammitdə Avropa Birliyi ilə NATO arasında təhlükəsizlik məsələlərilə bağlı yeni müqavilələrin imzalanması da gözlənilir. Bu anlaşma Avropa dövlətlərini kənar təhlükələrdən qorumaq məqsədi güdür. Son vaxtlar Avropada terror hadisələrinin artmasından ehtiyyatlanan Polşa rəhbərliyi sammit iştirakçılarının təhlükəsizliyinin təmin olunması üçün minlərlə polis və hərbçi cəlb edib. Üstəlik, NATO-dan hava dəstəyi də istəyib. Havadan ərazinin mühafizəsi isə Türkiyə hərbçilərinə həvalə olunub.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev NATO-nun Sammitində iştirak etmək üçün iyulun 7-də Polşanın paytaxtı Varşavaya işgüzar səfər edib. Ermənistan prezidenti Serj Sarkisyan da NATO-nun sammitində iştirak edəcək.
Belə bir məqamda amerikalı həmsədr Ceyms Uorlik "Tvitter" səhifəsində yazıb ki, Dağlıq Qarabağ münaqişəsi NATO-nun Varşavada keçirilən sammitində müzakirə olunacaq: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır".
Həqiqətən də NATO sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüş və müzakirələr gözlənilirmi?
Məsələ ilə bağlı açıqlama verən millət vəkili, politoloq Elman Nəsirov bildirib ki, öncədən də belə məlumatlar yayılmışdı ki, Azərbaycan və Ermənistan prezidentlərinin Varşava görüşü baş tuta bilər: "Məlumatlarda bildirilirdi ki, görüş çərçivəsində artıq Vyanada və Sankt-Peterburqda müzakirə olunan məsələlər, əldə olunan müəyyən məqamlar istiqamətində proses davam etdirilsin. Və münaqişənin həlli ilə bağlı yol xəritəsinin hazırlanması istiqamətində mühüm addımlardan biri atılsın. Yəni, Varşava görüşü mühüm həlqələrdən biri olsun. Lakin sonralar məlum oldu ki, Rusiya prezidenti Vladimir Putin ilə fransalı həmkarı Fransua Olland arasında aparılan telefon danışığında prezidentlər səviyyəsində növbəti görüşün Parisdə keçirilməsi haqqında fikir mübadiləsi olub. Bundan sonra kütləvi informasiya vasitələrində belə məlumatlar daha çox yayılmağa başladı ki, həmsədrlərdən biri olan Amerika Birləşmiş Ştatları (ABŞ) Vyana görüşünün təşəbbüskarı olub və o görüşü keçirib. Həmsədrlərdən digəri Rusiya Sankt-Peterburq görüşünün təşəbbüskarı olub. Növbə artıq digər həmsədr olan Fransanındır. Və Fransa prezidenti indi eyni istiqamətdə addımlar atmaqdadır. Bu ərəfədə xüsusilə amerikalı həmsədr Ceyms Uorlikin mövqeyindən sonra Varşavada çox mühüm görüşün keçirilməsi haqqında yayılan məlumatlar yenidən aktuallaşıb. Amma belə bir görüş baş tutacaq-tutmayacaq, ümumiyyətlə, Varşavada bu istiqamətdə hansısa ciddi işlər görüləcək, təmaslar baş tutacağı ilə bağlı fikir söyləmək bir qədər çətindir. Amma hər halda danılmaz bir həqiqət var ki, dördgünlük aprel döyüşlərindən sonra münaqişənin həlli istiqamətində danışıqlar prosesi əvvəllər çox az müşahidə olunan intensivlik əldə edib. Artıq həmsədrlər də, Ermənistan özü də, eyni zamanda beynəlxalq ictimaiyyət də çox gözəl dərk edir ki, münaqişə daha dondurulmuş münaqişə deyil. İstənilən vaxt onun münaqişədən müharibəyə transformasiyası mümkündür. Bu hətta labüd ola bilər. Bütün bu reallıqlar hesab edirəm ki, həmsədrləri hərəkətə gətirir və onlar ciddi-cəhdlə çalışırlar ki, növbəti görüşlər baş tutsun. Və bu görüşlər istiqamətində müəyyən irəliləyişlər əldə edilsin. Çünki irəliləyişlər əldə edilməsə, çoxsaylı görüşlərin özü də müharibənin baş verməsinin qarşısını almaq gücündə olmayacaq. Bunu indidən proqnozlaşdırmaq mümkündür. Elə bu səbəbdən də imkan daxilində həmsədrlər çalışırlar ki, prezidentlər səviyyəsində görüşü təşkil etsinlər. Yəni artıq onların bu ciddi-cəhdlərinin səbəblərini proqnozlaşdırmaq və qiymətləndirmək elə də çətin deyil".
"Sergey Lavrovun da artıq Azərbaycana səfərinin zamanı açıqlanıb. bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, iyulun 11-12-də Sergey Lavrov Azərbaycanda səfərdə olacaq. Səfər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq. Azərbaycandan əvvəl Lavrov Ermənistana da səfər etmişdi. Belə bir məqamda bu müzakirələrdən nə gözləmək olar?",- sualını cavablandıran millət vəkili "Sergey Lavrov Azərbaycanda son səfərində olarkən belə bir ifadə işlətdi ki, münaqişənin həlli ilə bağlı bütün komponentlər hazırdır",- deyə bildirib: "Bütün komponentlər deyəndə artıq erməni, Rusiya və Azərbaycan mətbuatında belə bir ana xətt gedirdi ki, əvvəlcə minimum 5 rayon Azərbaycana qaytarılacaq. Hesab edirəm ki, hazırda da artıq heç kimə sirr deyil ki, Sankt-Peterburq danışıqları münaqişənin məhz mərhələli həlli istiqamətində aparılır. Mərhələli həll deyəndə isə ilk növbədə Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasından söhbət gedir. Belə olan vəziyyətdə Sergey Lavrovun həm Ermənistana, həm Azərbaycana səfərini hesab edirəm ki, məhz bu nöqteyi-nəzərdən qiymətləndirmək lazımdır. Yəni, həm Ermənistan tərəfi, həm Azərbaycan tərəfi artıq bilməlidir ki, mərhələli həll variantında ilk növbədə rayonların qaytarılmasından söhbət gedir. Buna həm də ictimai fikri hazırlamaq lazımdır. Mənə elə gəlir ki, indi Rusiyanın addımı daha çox bu istiqamətdədir və Sergey Lavrovun bu səfəri də eyni məqsədə xidmət göstərir. Bunu Ermənistan mətbuatı da gizlətmir, belə olan halda düşünmək olar ki, bu ilin, yəni, 2016-cı ilin sonuna qədər münaqişənin həlli istiqamətində atılan intensiv addımlar, nəticə etibarı ilə təkcə kəmiyyət baxımından yadda qalmayacaq. O keyfiyyət halına keçid üçün çox münbit şəraiti təmin edə bilər. Hesab eliyək ki, bu nöqteyi-nəzərdən 2016-cı il "Qarabağ ili" kimi tarixə düşmək üçün çox unikal imkanlara və şanslara malikdir".
Avqustda Putinin Azərbaycan və İran liderlərinin də iştirakı ilə üçtərəfli görüşə qatılacağına gəlincə isə politoloq deyib ki, artıq İran prezidenti Həsən Ruhaninin avqustda Bakıya gəlməsi məlumatı çoxdan yayılıb və bəllidir: "Rusiya prezidentinin də analoji addım atması barədə məlumatlar yayılıb. Hesab edirəm ki, bu məsələyə iki nöqteyi-nəzərdən qiymət vermək düzgün olardı. Birincisi bilirsiz ki, Şimal-Cənub nəqliyyat dəhlizinin ən mühüm həlqələrini məhz Rusiya, Azərbaycan və İran təşkil edir. Yəni, Pakistandan start götürən qatarlar nəticə-etibarı ilə Pakistandan Hindistana, ordan İrana, Azərbaycana, burdan isə Gürcüstana və Rusiyaya getməsi məsələsi kifayət qədər aktualdır. Hesab edirəm ki, üçtərəfli görüşdə prezidentlərin ilk növbədə müzakirə edəcəkləri məsələ Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı məsələdir. Və onun reallaşdırılması istiqamətində atılacaq addımlarla bağlı olacaq. Digər müzakirə olunacaq mühüm məsələ Ermənistan Azərbaycan Dağlıq Qarabağ prosesi ilə bağlı yaranmış son vəziyyətdir. Belə olan vəziyyətdə qonşu dövlətlərin, yəni həm Rusiyanın, həm də İranın rolu, mövqeyi və münaqişənin həllinə hansı töhfəni vermək potensialı ilə bağlı müzakirələr ola bilər. Yəni, bu iki məsələ hakim mövqedə dayanacaq və bu nöqteyi-nəzərdən avqust baxmayaraq istirahət ayıdır, amma istisna deyil ki, bu ayda münaqişənin həlli ilə bağlı proseslərin siyasi temperaturu yüksəlmiş olsun".