Yol mədəniyyəti üçün yol lazımdı Hadisə

Yol mədəniyyəti üçün yol lazımdı

Cavid İmamoğlu: "Piyadanın, velosipedin, avtomobilin, əlillərin öz yolları var"

Bu il Azərbaycanda baş verən yol qəzalarında 232 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, cari ilin ilk üç ayında respublika ərazisində 523 yol qəzası baş verib. Nəticədə 232 nəfər ölüb, 499 nəfər yaralanıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrinin sayı 123, ölüm sayı 26, yaralı sayı isə 192 fakt azalıb.
Cari ilin ilk 3 ayında paytaxtda 199 yol qəzası baş verib. Nəticədə 61 nəfər ölüb, 193 nəfər yaralanıb.
Bu il respublika ərazisində piyadaların vurulması ilə nəticələnən 221 yol qəzası baş verib. Nəticədə 86 nəfər ölüb, 152 nəfər yaralanıb.
Cari ilin ilk 3 ayında respublika ərazisində baş verən qəzalarda 14 uşaq ölüb, 29 nəfər xəsarət alıb.
Hesabat dövründə sərxoş sürücülər tərəfindən 10 yol qəzası qeydə alınıb. Nəticədə 6 nəfər ölüb, 11 yaralanıb.
Bir sıra ekspertlər hesab edirlər ki, bu problemlərin kökündə yol mədəniyyətinin olmaması faktoru da dayanır.
Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, hər 8 nəfərdən birində bir avtomobil var: "İlk növbədə hər kəs ölkənin gələcəyini düşünməlidir. Bu gün Bakıda yaranan tıxaclardan faciəvi şəkildə cəmiyyət arasında söhbət aparılmasının əleyhinəyəm. Yollardakı yaranan tıxaclar mədəniyyət səviyyəsinin aşağı olması ilə bağlıdır. Ölkədə 1,2 milyon avtomobil vasitəsi var. Bu avtomobillərin 52%-i Bakıda idarə olunur. Ölkədə rifah halının yaxşılaşması nəticəsində hər 8 nəfərdən birində bir avtomobil var. Maşın sıxlığının yaxşı tərəfi hər 8 nəfərdən birində maşının olmasıdırsa, pis tərəfi də bunun yaratdığı tıxaclardır. Bundan bir faciəli vəziyyət yaratmaq yolverilməzdir. Yol hərəkətində mədəniyyət səviyyəsinin formalaşmasına ehtiyac var. Yollarda hərəkət zolaqlarında intensiv hərəkətin və avtomobillərin 5 km sürətlə hərəkətini cəmiyyət tıxaclar kimi qəbul edir.
Yol polisi bu kimi tıxacların qarşısını almaq üçün bir sıra texniki vasitələr quraşdırıb. 3 min kamera vasitəsilə paytaxtdakı hərəkətlərə və asayişin qorunmasına nəzarət edirik. Nəqliyyatın İntelektual İdarəetmə Sistemi, rəqəmsal svetoforlar və s. kimi texnikaların quraşdırılması bütün bu problemləri həllinə yönəlik adddımlardır".
Sosioloq Cavid İmamoğlu isə bildirib ki, Avropanın bir çox yerlərində yol mədəniyyəti var, çünki yolun özü var: "Piyadanın, velosipedin, avtomobilin, əlillərin öz yolları var. Azərbaycanda isə sadəcə bir yol mövcuddur və qabağa düşən də bu yoldan istifadə etməyə çalışır. Bu baxımdan insanlardan yol mədəniyyətini gözləmək üçün, gərək ilk olaraq, bunu bazası və resursu olsun".
Bəzi ekspertlər isə piyada mədəniyyətinin də hələ formalaşmadığını deyirlər.
Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmovun fikrincə, yollarda piyadaların vurulması, yaxud piyadaların ucbatından baş verən qəzaları doğuran əsas səbəblərdən biri yol hərəkətinin təşkilindəki nöqsanlardır: "Yeraltı və yerüstü keçidlər hələ ki, bütövlükdə şəhəri əhatə edə bilməyib. Buna görə də günahlandırılan piyadalar dövlət məmurlarını belə bir dilemma qarşısında qoya bilərlər ki, haradan keçək? Aidiyyəti icra orqanları bunu nəzərə almalı və sözügedən istiqamətdə işləməlidirlər. Kompleks formada yollar yeraltı və yerüstü piyada keçidləri ilə təmin edildikdən sonra bu məsələyə qayıtmaq, yəni piyadaları cərimələmək düzgün olardı".
Azərbaycanda piyada mədəniyyətinin olmadığını deyən Məzahir Rüstəmov bildirdi ki, avtobus gözləyən insanlar yolun ortasında dururlar ki, marşrut gələndə birinci minsinlər: "Yəni bunlar piyada mədəniyyətinin olmamasından irəli gəlir. Ancaq düşünürəm ki, bunu da yaradan piyadalar deyil. Əgər piyada bir dəfə, iki dəfə saatlarla səkinin üstündə durub ictimai nəqliyyatı gözləyirsə və pik saatlarda heç avtobusa minə bilmirsə, bu halda yolun ortasında dayanmaqdan başqa çarəsi qalmır. Təəssüflər olsun ki, şəhərin bir çox yerlərində taksilər, digər avtomobillər səkini işğal etdiyi üçün piyadalar avtomobil yolunda dayanmalı olurlar".
Məzhir Rüstəmov bildirdi ki, yol hərəkətinin təşkilində nöqsanlar olduğuna görə əksər piyadalar belə fikirləşirlər ki, maşın onları gözləməlidir: "Yol hərəkətini təşkil edən qurumlar ilk növbədə piyadalar arasında maarifləndirmə işi aparmalı, sonra kütləvi şəkildə cərimələr tətbiq etməlidir ki, piyada islah olunub ikinci dəfə qaydanı pozub qəza baş verməsinə səbəb olmasın. Bu işləri görsək, müəyyən dərəcədə hadisələrin qarşısını ala bilərik".
Onun fikrincə, bəzən qəzaya piyada səbəb olanda da günahsız sürücünü cəzalandırırlar: "Mövcud qanunlar tətbiq edilməlidir ki, piyadalar da işlərini bilsinlər. Piyada və sürücü yolda hərəkət edərkən hər biri özünü üstün tutmağa çalışır. Piyada düşünür ki, piyada olduğuna görə, sürücü də düşünür ki, sürücü olduğuna görə üstündür. Ancaq maarifləndirmə işləri aparılsa, hər iki tərəf hansı vəziyyətdə kimin üstün olduğunu bilər, qaydalara riayət edər. Ancaq maarifləndirmə uzun müddətli olmalıdır. Yəni - 2 ay maarifləndirmə işi aparmaqla problemi həll etmək mümkün deyil. Eyni zamanda telekanallarda yol hərəkəti qaydaları ilə bağlı sosial çarxlar verilməlidir".
Qeyd edək ki, piyadanın vəzifələri bunlardır: "Piyada səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir (iri əşyalar daşıyan və ya aparan piyadaların, habelə mühərriksiz əlil arabalarında gedən şəxslərin səki və ya yol çiyni ilə hərəkəti başqa piyadalar üçün maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər). Dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir. Eyni zamanda piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər.
Tibb elmləri doktoru, tibb üzrə ekspert Adil Qeybulla da sürücü kimi piyadanın günahı ucbatından əziyyət çəkdiyini deyir. Onun fikrincə, piyada ilk növbədə özünü, öz təhlükəsizliyini, sonra da sürücünü, yaxud yolunu kəsdiyi avtobusun, avtomobilin içərisində olanların təhlükəsizliyini düşünməlidir: "Avtomobil, yaxud avtobus getdiyi yerdə bir də görürsən hardansa piyada yolun ortasında peyda oldu. Yaxud yolun ortasında avtobusdan düşüb qaçmağa, ya da yolun ortası ilə gedən avtobusa doğru qaçmağa başladı. Bu, küçə hərəkəti qaydalarının kobud surətdə pozulması deməkdir. Piyadalar düşünürlər ki, nə istəsələr edə bilərlər, onlara hər şey olar. Bəzən piyada qəza vəziyyəti yaratdıqda, sürücü onu vurmamaq üçün istiqaməti dəyişərək başqa bir avtomobilə, yük dolu, insan dolu maşına çırpılır".
Adil Qeybulla deyir ki, piyadaların yol hərəkəti qaydalarına əməl etmələri üçün hansısa işlər görülməlidir: "Qonşu Rusiyada Sovetlər dağılandan sonra piyadalar üçün böyük miqdarda cərimələr həm qanunla, həm də reallıqda tətbiq edilir. Rusiyada piyadanın səhvi ucbatından qəza baş verərsə, bu zaman sürücüyə deyil, piyadaya cinayət işi açılır. Təəssüflər olsun ki, bizdə çox vaxt sürücülər günahkar olurlar".
Adil Qeybulla hesab edir ki, piyadalar arasında təbliğat işi aparılmalıdır ki, yalnız onlar üçün ayrılmış yerlərdən keçsinlər: "Amma yeraltı və yerüstü keçid olan yerlərdən belə, piyadalar onların keçməməsi üçün qoyulan dəmir "barı"ları aşaraq keçirlər. Hesab edirəm ki, qanunvericiliyə yenidən baxılmalı və yol hərəkəti qaydalarını pozduqlarına görə piyadalara çox ciddi cərimələr kəsilməlidir".

Əli