Beynəlxalq siyasi sistemdə qlobal maraqlar Hadisə

Beynəlxalq siyasi sistemdə qlobal maraqlar

Bu gün dünyada geosiyasi oyunların çox sürətlə cərəyan etməsi və hadisələrin hər gün yeni bir istiqamətə düşməsi müasir beynəlxalq münasibətlər sistemini tamamilə mürəkkəbləşdirir. Xüsusilə də, 1991-ci ildə SSRİ-nin rəsmən parçalanmasından sonra bir tərəfdə qlobalistlər, digər yanda isə anti-qlobalistlər arasında başlanan geosiyasi və geoiqtisadi mübarizə dünyadakı dualizmi aradan qaldırdı. Artıq planetin sözünü deyə bilən və ABŞ-ın təkqütblü dünya formalaşdırmaq ideyasına qarşı çıxanların sırasında Rusiya, Çin, Hindistan, Braziliya, İran, hətta, bir çox hallarda addımlarının sinxronlaşdığını aydın şəkildə gödüyümüz Fransa və Almaniya da yer aldı. Bununla da, geostrateji hədəflər uğrunda qlobal siyasi-diplomatik "savaşlar" start götürdü.
Əlbəttə ki, bu gün aparılan bütün geosiyasi və geoiqtisadi oyunların episentrində Avrasiya geostrateji məkanı durur. Avrasiya dünya hegemonluğu uğrunda aparılan mübarizənin mərkəzidir və burada geosiyasi maraqların strateji baxımdan idarə edilməsi üçün geostrateji oyunlar qurulur.
Qeyd edək ki, hələ 1998-ci ildə məhşur siyasi texnoloq Zbiqnev Bjezinski "Böyük şahmat taxtası" kitabında yazırdı ki, bu gün Avrasiyanın yeni siyasi xəritəsində dünyada qlobal miqyasda mühüm rol oynayan 5 geostrateji oyunçu və 5 geostrateji mərkəz var: "Fransa, Almaniya, Rusiya, Çin və Hindistan, eyni zamanda, bu sıralamaya daxil olmayan, Böyük Britaniya, Yaponiya və İndoneziya geostrateji oyunçular, Ukrayna, Azərbaycan, Cənubi Koreya, Türkiyə və İran geostrateji mərkəzlər qismində çıxış edirlər".
Geostrateji mərkəz qismində çıxış edən Azərbaycan 2003-2013-cü illərdə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritməklə, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik, adekvat reaksiya verməklə, ikitərəfli və çoxtərəfli əməkdaşlığı üstün tutmaqla beynəlxalq siyasi sistemdə qlobal maraqlarını təmin edə bilib.
Azərbaycan bu gün Avrasiyada enerji təhlükəsizliyi və qlobal əməkdaşlıq mərkəzi kimi geoiqtisadi və geosiyasi proseslərin mərkəzində yer alıb. Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir. Təcrübə göstərir ki, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları bütün məqsədlərə yetişə bilirlər.

***

Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Yeni neft strategiyasının nəticəsi olaraq respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilib. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlib. Bu gün Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya miqyaslı layihələr olmaqla Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açır. Bu layihələr, eyni zamanda respublikamızın müstəqilliyini daha da möhkəmləndirir, regionda müstəqil siyasət aparılmasını təmin edir. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanıb. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım edib. Türkiyə ilə Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalanıb, TAP layihəsi əsas ixrac marşrutu seçilib. 2019-cu ildə Avropaya 10 milyard kubmetr, 2018-ci ildə isə Türkiyəyə 6 milyard kubmetr qaz nəql olunacaq. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaq.

***

Azərbaycan enerji təhlükəsizliyi ilə yanaşı, hərbi-siyasi təhlükəsizliyinə təminatı gücləndirmək üçün də bir sıra aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına iki il müddətinə sədrlik etməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən proseslərdə yaxından iştirakı və eyni zamanda, sülhün bərpa edilməsinə verdiyi töhfəsinin növbəti bariz nümunəsi idi. Bu müddət ərzində etibarlı və qətiyyətli tərəfdaş kimi Azərbaycanın BMT TŞ və BMT-nin üzv dövlətləri, BMT Katibliyi, digər beynəlxalq təsisatlar ilə sıx işbirliyi və əməkdaşlıq münasibətləri də inkişaf etdirildi. Ölkəmiz beynəlxalq hüquq normalarının və ədalətin müdafiəsinə çalışdı, TŞ-yə sədrliyi zamanı sülh və beynəlxalq təhlükəsizliyə dair qlobal, yaxud regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirdi. Təbii ki, Azərbaycanın bütün məsələlərlə bağlı özünün mövqeyi var idi. Digər tərəfdən, Azərbaycanın BMT TŞ-də fəaliyyəti ərzində diplomatiyamızın səyləri dövlətimizin milli maraqlarının qlobal səviyyədə genişləndirilməsinə yönəldi.

***

Ölkəmizin iqtisadi reytinqinin artması həm də mötəbər beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq əlaqələrinin məntiqi nəticəsi kimi dəyərləndirilir. Sirr deyil ki, dünyanın aparıcı iqtisadi və maliyyə qurumları hazırda Azərbaycanın uğurlarını qeyd edir. Azərbaycan müəyyən müddətdir ki, MDB dövlətləri arasında öz iqtisadi liderliyini qoruyub saxlayır. Bütün hesabatlarda ölkəmiz öncül mövqelərdə dayanır. Məsələn, Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə Azərbaycan "yuxarı orta gəlirli" ölkələr kateqoriyasına yüksəlib, BMT İnkişaf Proqramının müvafiq hesabatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupuna daxil olub. "Fitch Ratings", "Standard & Moodys" kimi beynəlxalq reytinq agentliklərinin tədqiqatları isə göstərir ki, Azərbaycanın kredit reytinqi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dünya İqtisadi Forumunun ictimaiyyətə təqdim etdiyi 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda bildirilir ki, Azərbaycan qlobal rəqabətqabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib, 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Bundan əlavə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub.
Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi, iqtisadi cəhətdən qüdrətlənməsi, rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur.
Qlobal maliyyə böhranı bir sıra dünya ölkələrinin iqtisadi inkişafına ciddi zərbə vursa da, Azərbaycanda sistemli və düzgün koordinasiya olunmuş preventiv tədbirlərin nəticəsində bütün makroiqtisadi parametrlər üzrə inkişaf təmin edilib.

***

Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə rolu da təqdirəlayiqdir. Terrorizmlə mübarizədə BMT ilə yanaşı, digər beynəlxalq və regional təşkilatlar-İnterpol, ATƏT, NATO, MDB, Ərəb Dövlətləri Liqası və s. qurumlar da iştirak edir. Azərbaycan terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini həmişə müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı barışmaz mövqe tutub. Ölkəmiz həmçinin qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə məqsədilə qəbul edilən bütün konvensiyalara qoşulub. Ölkəmizin İraq, Əfqanıstan və Kosovada sülhməramlı missiyası bunun bariz nümunəsidir. Azərbaycan tərəfdaş çıxdığı bütün müqavilələrə əsasən bu istiqamətdə xarici dövlət və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Belə ki, mühüm beynəlxalq və regional konvensiyalara qoşulan ölkəmiz 13 ikitərəfli saziş, 15 protokol və 2 memoranduma imza atıb, BMT-nin antiterrorizmə dair 13 konvensiyasını ratifikasiya edib. Son 4 ildə AR-nin BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakı xüsusilə qeyd edilməlidir. Respublikamız BMT TŞ-nin Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin ali quruma Azərbaycanda terrorizmə qarşı mübarizədə görülən əməli tədbirlər haqqında müvafiq hesabatlar təqdim edib. Respublikamız indiyədək Avropa İttifaqının terrorizmə qarşı mübarizəni nəzərdə tutan 9 konvensiyasını ratifakasiya edib. Həmçinin Avropa Şurası ilə Terrorçuluq üzrə Ekspert Komitəsi çərçivəsində birgə fəaliyyət göstərir.

***

Son dövrü ümumən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar baxımından da uğurlu saymaq olar. Belə ki, münaqişənin nizamlanması prosesində canlanma müşahidə olunur və bunu inkar etmək mümkün deyil. Münaqişə tərəfləri arasında aparılan birbaşa təmasların intensivləşməsi - həmsədrlərin iştirakı ilə xarici işlər nazirləri və dövlət başçıları səviyyəsində keçirilən görüşlər prosesin ciddi şəkildə irəlilədiyini deməyə əsas verir. O da həqiqətdir ki, beynəlxalq birlik artıq münaqişədə status-kvonun saxlanılmasının yolverilməzliyini və münaqişənin tezliklə həllinin zəruriliyini qəbul etmişdir. Buna nail olmaq üçün ilk növbədə, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərin geriyə qaytarılması əsas şərt və baza prinsiplərindən biri kimi irəli sürülür. Sonra Dağlıq Qarabağın təhlükəsizliyini və özünüidarəçiliyini təmin edən keçid statusunun təyini, bütün qaçqınların və məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması hüququnun tanınması və reallaşdırılması kimi baza prinsipləri sayılan məsələlərin öz həllini tapmasının vacibliyi bildirilir.

***

Vaşinqtonda fəaliyyət göstərən və dünyanın ən nüfuzlu beyin mərkəzlərindən olan Hudson İnstitutunun Hərbi-Siyasi Təhlil Mərkəzinin direktoru Riçard Veytsin Azərbaycanın regional rolu ilə bağlı hesabatında qeyd olunur ki, özünün dünyəvi siyasəti ilə müxtəlif dinlərə və xalqlara tolerant münasibətilə Azərbaycan çox səmərəli "yumşaq güc" əldə etmiş və digər müsəlman ölkələri üçün təcrübəsindən geniş istifadə oluna biləcək cəlbedici ölkəyə çevrilib. Strateji baxımdan əlaqələri genişlənən Azərbaycanın dünya geosiyasi məkanına siyasi, iqtisadi inteqrasiyası üçün də geniş imkanlar açılıb. Qərb ilə Şərqin qovuşuğunda yerləşən mühüm geostrateji məkan kimi Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün dayaq nöqtəsi kimi ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz.

Cavid Şahverdiyev

Yazı Azərbaycan Mətbuat Şurasının "Azərbaycan beynəlxalq münasibətlər sistemində" mövzusundakı müsabiqəsinə təqdim edilir