“Beşinci kolon” təhlükəsi? Hadisə

“Beşinci kolon” təhlükəsi?

Türkiyənin "Bilgesam" Araşdırmalar Mərkəzinin Avrasiya üzrə eksperti Orxan Qafarlı Fətullah Gülən camaatı ilə bağlı şübhəli açıqlamalarla çıxış edib. Nurçuluq və ya "hizmət hərəkatı"nın "Rusiyanın maraqlarını ifadə edən" "beşinci kolon" qədər təhlükəli olmadığını deyən Orxan Qafarlıya görə, nurçuluq cərəyanı fərqli anlam daşıyır: "Fətullah Gülən camaatı "beşinci kalon"a bənzər bir təşkilatlanma deyil. Çünki Gülən camaatının məktəblərini oxuyan şagirdlər və tələbələr türk yanlı gənclər olurlar. Bunun isə bizim milli maraqlarımıza zidd olduğunu düşünmürəm".
Politoloq Ərəstun Baxşəliyev isə diqqətə çatdırdı ki, Azərbaycanda mahiyyət etibarı ilə beşinci kalon da, birinci kalon da, hətta üçüncü kalon da ola bilər: "Ancaq bu, hər şey demək deyil və bugünki Azərbaycan 1918-dəki Azərbaycanla kəskin şəkildə fərqlənir. Çünki, bu gün Azərbaycanın güclü ordusu, strateyi tərəfdaşları, o cümlədən regionda Qərbin böyük maraqları mövcuddur. Nədənsə bir məqam hər zaman unudulur. Unudulur ki, Azərbaycan Krım deyil, Ukrayna deyil, Gürcüstan, Abxaziya, Osetya deyil və s. Azərbaycan tam fərqli bir müsəlman ölkəsidir və burada yaşayan əhalinin 99 faizi Rusiyanın işğal faktoruna qarşı hər zaman kəskin etiraz edib və bu gün də bunu edir".
Onun sözlərinə görə, Azərbaycanda nurçular kök atsa da, bunun qazınaraq çıxarılması o qədər də çətin deyil. Çünki çox böyük ehtimal ilə dövlət bu təbəqəni hər zaman nəzarətdə saxlayıb və bu gün də bu qəbildən olan məsələlərin həllində gərəkən bütün tədbirləri ardıcıl olaraq həyata keçirməkdədir. Əslində bizim üçün daha qorxunc plan hazırlayanlar var və bu planlardan bizlər hər zaman xəbərdar olmalıyıq. Bunları düşünürəm ki, zamanla və taktiki addımlarla neytrallaşdırmamaq lazımdır".
Politoloq Arzu Hağıyev diqqətə çatdırdı ki, bu gün bu "nurçuluqla mübarizə" adı altında istənilən dövlətin xüsusi xidmət orqanları öz ideyalarını ortaya ata bilərlər: "Məlumdur ki, Krım və ya Ukrayna hadisələri kontekstində Azərbaycanda da müəyyən gərginlik mövcuddur. Bir sıra qüvvələr rus təcavüzündən danışır, digərləri Qarabağ məsələsini qabardır. Yəni bütün bu dəsti xətt xüsusi xidmət orqanlarının mübarizə üsuluna bənzəyir. Yəni əsas mübarizə üsulundan biri də milli münaqişəyə gətirə biləcək mübarizə üsuludur. Nurçuluq ümumiyyətlə Rusiya ərazisində qadağan edilmiş bir təriqətdir. Bu gün bundan istifadə etməklə kimi isə "beşinci kolon" adlandırmaq və bunu müxtəlif özlərinə xeyir gətirə biləcək formada cəmiyyətə təqdim etmək istəyi var, lakin dünyəvi qanunlarla tənzimlənən bir dövlətdə bu mümkün olmayan variandır. Deyərdim ki, bu gün Azərbaycan dünyanın bəlkə də ən tolerant ölkələrindən biridir. Rus dilini bilmək, o dildə danışmaq nə vaxtdan qəbahət sayılıb ki? Məlumdur ki, konstitusiyada təsbit olunmuş dövlət dilimiz var və ölkədə yaşayan digər milli azlıqların da öz məktəbləri, dili və s. mövcuddur. Məncə bu məslənin nə nurçuluğa, nə də ki, digər dövlətlərə aidiyyatı yoxdur".
İlahiyyatçı Hacxı Şahin Həsənli isə deyib ki, bu cür təriqətlərə qarşı həm hüquq müstəvisində, həm də maarifləndirmə yolu ilə mübarizə ararmaq lazımdır: "Məsələn, nurçular təhsil, media, biznes strukturlarında təmsil olunmaqla, bir-birinə dəstək nümayiş etdirirlər. Biz Türkiyədə də bunun şahidi oluruq. İnsanları pulla təriqətə qoşmaq kimi faktlar da mövcuddur. Onlar rayondakı dini durumdan öz maraqları üçün istifadə edirlər".

Əli