“Bu səfər Ukraynanın beynəlxalq danışıqlar masasındakı mövqeyini gücləndirir” Dünya

“Bu səfər Ukraynanın beynəlxalq danışıqlar masasındakı mövqeyini gücləndirir”

“Çexiya Prezidenti Petr Pavelin Kiyevə səfəri Avropa liderlərinin Ukraynaya dəstəyinin zəifləmədiyini nümayiş etdirən mühüm siyasi siqnaldır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Politoloq bildirib ki, müharibənin davam etdiyi bir zamanda Avropa dövlət başçılarının ardıcıl şəkildə Kiyevə gəlməsi Qərbin həmrəyliyini gücləndirir və Zelenski administrasiyasına diplomatik legitimlik baxımından əlavə üstünlüklər verir: “Pavelin sərt təhlükəsizlik xətti və Ukraynanın müdafiəsinə verdiyi tam dəstək bu görüşün təkcə simvolik addım olmadığını, həm də müttəfiqlər arasında koordinasiyanın dərinləşəcəyini göstərir. Bu səfər eyni zamanda sülh perspektivlərinə dolayı şəkildə təsir edərək Ukraynanın beynəlxalq danışıqlar masasındakı mövqeyini gücləndirir”.

O eləcə də qeyd edib ki, bununla yanaşı, səfərin Avropanın təhlükəsizlik arxitekturasına təsiri daha geniş geosiyasi nəticələr doğurur: “Moskva bu addımı Qərbin Ukraynaya siyasi və hərbi dəstəyinin davam etdiyinin bariz göstəricisi kimi qəbul edir və öz strateji hesablamalarını yenidən nəzərdən keçirməyə məcbur ola bilər. NATO daxilində koordinasiyanın artması, Çexiyanın müdafiə sahəsində aktiv rolu və Avropa İttifaqında Ukrayna ilə bağlı qərarların sürətlənməsi ehtimalı regionun təhlükəsizlik balansını daha gərgin, lakin daha strukturlaşdırılmış formaya gətirir. Pavelin səfəri həm Qərb blokunun siyasi iradəsini təsdiqləyir, həm də Ukrayna məsələsinin Avropanın gündəmində prioritet mövqedə qalacağını göstərir”.

Röya İsrafilova