Pakistanın nüvə çətiri yeni əməkdaşlığın əsasına çevrilir Gündəm

Pakistanın nüvə çətiri yeni əməkdaşlığın əsasına çevrilir

“Yaxın Şərqdə və Asiya məkanında təhlükəsizlik risklərinin artdığı bir dövrdə Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında mümkün üçtərəfli müdafiə əməkdaşlığı regional gündəmin əsas mövzularından birinə çevrilib”.

Bunu politoloq Şakir Ağayev “Xalqcebhesi.az”-a açıqlaması zamanı deyib

Onun sözlərinə görə, Pakistan və Səudiyyə Ərəbistanı bu sazişi faktiki olaraq formalaşdırıb və Türkiyə də prosesə qoşulmaq istəyir. Politoloq bildirib ki, bu əməkdaşlıqda əsas açar ölkə Pakistandır:

“Pakistan nüvə silahına malik dövlətdir. Həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı Pakistanın yaratdığı nüvə çətirindən istifadə imkanlarında maraqlıdır.Müqavilənin gündəmə gəlməsinin əsas səbəblərindən biri regional təhlükəsizlik risklərinin artmasıdır. Onun fikrincə, hazırda dünyanın ən qaynar nöqtələrindən biri Yaxın Şərq və xüsusilə Fars körfəzi bölgəsidir. Türkiyə və Səudiyyə Ərəbistanı birbaşa bu regionda yerləşir, Pakistan isə Asiya məkanında mühüm hərbi-siyasi gücə malik ölkədir. Bu bölgələrdə mövcud olan mürəkkəb vəziyyət sözügedən ölkələrin müdafiə sistemlərini birlikdə gücləndirməsini zəruri edir.Hərbi güclərin birləşdirilməsi ilə Yaxın Şərqdə, Fars körfəzində və Asiyada yaranan təhlükələrin qarşısının birgə alınması hədəflənir”.

Günel Elxan