Bakıda Beynəlxalq Təhsil Sərgisi keçiriləcək Hadisə

Bakıda Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

Oktyabrın 7-dən 9-dək Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə 10-cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. "Caspian Event Organisers" ("CEO") şirkətindən bildiriblər ki, "Təhsil" sərgisi "Karyera" sərgisi ilə eyni vaxtda keçirilir və Azərbaycanda təhsil xidmətləri üzrə ən böyük tədbirdir. Sərginin təşkilatçısı qismində "Caspian Event Organisers" ("CEO") şirkəti çıxış edir. Bu il "Təhsil" sərgisində Azərbaycan, Almaniya, Latviya, Litva, Polşa, Macarıstan, İordaniya ölkələri ali təhsil müəssisələrinin, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri ziyarətçiləri təhsil proqramları ilə tanış edəcəklər. Sərgidə milli stendlərlə Polşa ("Go Poland"), Litva ("Study in Lithuania") və Türkiyə (Study in Turkey) çıxış edəcəklər.
Azərbaycanı təmsil edən təhsil müəssisələrinin siyahısında Dövlət Neft və Sənaye, Texniki, İqtisad, Bakı Biznes, Memarlıq və İnşaat, Texnologiya, Gəncə Dövlət universitetləri də olacaq. "EduGuide" Azerbaijan və "CELT Colleges" şirkətləri xaricdə təhsil proqramını təqdim edəcəklər. Sərgidə Təhsil Nazirliyinin stendində isə qurumun yaxın illər üçün plan və proqramları barədə informasiya təqdim olunacaq.
Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və "MBA" proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqı və yaşayış yerləri kimi məsələlərlə bağlı suallar vermək, eləcə də ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmalarını, habelə digər məsələləri öyrənmək imkanına malik olacaqlar. Bu il "Təhsil" sərgisində yenidən məktəbəqədər təhsil sektoru təqdim olunacaq. Bu sektorda Beynəlxalq Sabis Sun Məktəbi və "XXI Əsr" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi iştirak edəcək.
Sərgidə "Lukas-Nuelle" və "Sinam" şirkətləri tərəfindən "Təhsil müəssisələri üçün müasir avadanlıqlar və multimedia sistemləri" sektoru çərçivəsində laboratoriya avadanlıqları, interaktiv lövhələr, orta və ali təhsil müəssisələri üçün kompyuterlər nümayiş olunacaq. Artıq sərginin saytında www.eduexpo.az ekspress-qeydiyyat fəaliyyət göstərir. Sərginin keçiriləcəyi günlərdə ziyarətçiləri metronun "Koroğlu" stansiyasından sərgi mərkəzinə və geriyə (ödənişsiz) daşıyacaq xüsusi avtobuslar təşkil olunacaq.