İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransı keçirilib Hadisə

İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransı keçirilib

Əli Həsənov: "Müsəlman ölkələrinin vahid internet resurslarının yaradılmasına ciddi ehtiyac var"


Dünən Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Konfransı keçirilib.
Konfransın açılışında çıxış edən İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov deyib ki, İslam ölkələrinin jurnalistlərini bir araya gətirən qurumun yaradılmasına ehtiyac var.
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılmasının dəstəklənməsini zəruri sayıb və bu konfransın bu Assosiasiyanın yaradılması niyyəti ilə keçirildiyini nəzərə çatdırıb:
"İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin jurnalistlərini birləşdirəcək və informasiya sahəsində vahid platforma kimi çıxış edəcək qurumun yaradılması bir neçə ildir ki, ən müxtəlif səviyyələrdə müzakirə olunur. Sevindirici haldır ki, artıq bu təşəbbüs reallaşdırılması üçün praktiki addımlar atılır və qarşıdan gələn dövrdə onun həm də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən ciddi şəkildə dəstəklənəcəyinə ümid edirik".
Əli Həsənov bildirib ki, beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələrinin uğurlu birlik modeli kimi artıq özünü təsdiq edib, üzv dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin, siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsinə, İslam həmrəyliyinin güclənməsinə və xalqların mənafelərinin qorunması işinə mühüm töhfələr verib: "İƏT həm də ölkələrimizi narahat edən mürəkkəb qlobal və geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq, müşahidə olunan təhdid və təzyiqlərə qarşı vahid mövqe formalaşdırmaq üçün olduqca vacib platformadır. Təqdirəlayiq hal kimi qeyd edilməlidir ki, bu sahədə kifayət qədər böyük təcrübə toplanıb.
Hazırda dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif neqativ proseslər, digər tərəfdən isə barışığı, sülh və əmin-amanlığı təcəssüm etdirən İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri bizi narahat etməyə bilməz. Bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr, o cümlədən Fələstin xalqının milli müstəqillik uğrunda mübarizəsi, Suriyada hərbi əməliyyatlar, Ermənistanın Azərbaycana hərbi təcavüzü və Dağlıq Qarabağ münaqişəsi, digər bu kimi problemlər İslam aləmində davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, stabil inkişafa maneə yaradan, habelə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən ciddi faktorlardır. Təəssüflə qeyd etməliyik ki, Qərbin islamofob dairələri və transmilli mediası müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edir. Nəticə etibarilə maddi və mənəvi zənginliyə malik olan müsəlman ölkələri, tolerant və multikultural xarakteri ilə seçilən müsəlman xalqları, həm də sülh və barışıq dini olan İslam dini haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür yaradılır. İslamı terrorla eyniləşdirmək, hər bir müsəlmanı potensial terrorçu obrazında təqdim etmək, İslam dəyərlərini ümumbəşəri dəyərlərdən ayıraraq yad və zərərli element kimi qələmə vermək cəhdləri haqlı olaraq bütün İslam aləmində ciddi etirazlar doğurur".


"Çevik informasiya siyasəti mühüm əhəmiyyət kəsb edir"


Əli Həsənov Ermənistanın 20 ildən artıqdır ki, Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığını xatırladıb: "Azərbaycanın tarixi torpaqlarında bütün infrastrukturla yanaşı, milli, mədəni və dini abidələr, məscidlər də dağıdılıb. Həmin ərazilərin işğaldan azad olunması ilə bağlı BMT, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul edilib. Təəssüf ki, bütün bunların konkret nəticəsi olmayıb. Ermənistan nəinki beynəlxalq qanunları, nüfuzlu təşkilatların qərarlarını qulaqardına vurur, öz haqsız mövqeyini əsaslandırmaq üçün işğalçı siyasətinə dini rəng verərək İslam dəyərlərini gözdən salmağa, xristian həmrəyliyi faktorundan, Qərbin islamofob dairələrinin, aparıcı media resurslarının imkanlarından yararlanmağa çalışır və bəzi hallarda buna nail olur. Əminliklə demək olar ki, oxşar problemləri olan digər müsəlman ölkələr də mütəmadi olaraq belə hallarla rastlaşırlar. Bu faktlar islam həmrəyliyinin gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir. Vahid informasiya məkanının, transmilli medianın mövcud olduğu müasir dövrdə informasiya mübadiləsi dövlətlərarası əlaqələrin inkişafında mühüm amilə çevrilib, beynəlxalq ictimai fikrin formalaşması və ifadə olunmasını təmin edən təsirli vasitə olub. Odur ki, çevik informasiya siyasətinin formalaşdırılması, qlobal şəbəkədə tələb olunan fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsi, ölkələrin informasiya təhlükəsizliyinin təmin edilməsi hər bir dövlət, o cümlədən islam ölkələri üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdir".
Əli Həsənov qeyd edib ki, 2012-ci ildə Qabonun paytaxtı Libervill şəhərində, 2014-cü ildə isə Tehranda İran İslam Respublikasının paytaxtı Tehranda İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 9-cu və 10-cu toplantılarında informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə ciddi qərarlar qəbul olunub: "Hesab edirik ki, İslam ölkələrinin informasiya vasitələrində obyektivliyin və həmrəyliyin təmin edilməsi, bu məqsədlə KİV-lərin fəaliyyətinin əlaqələndirilməsi, birgə media təsisatlarının yaradılması və onların məqsədyönlü fəaliyyətinin təşkili, müsəlman dünyasının maraqları naminə dünyanın aparıcı KİV-ləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, aktual mövzularla bağlı forum və konfransların təşkili və digər bu kimi tədbirlər hazırda öz aktuallığını getdikcə artırır. İKT-yə üzv ölkələrin KİV-ləri arasında obyektiv informasiya mübadiləsinin genişləndirilməsi, virtual dünya məkanında birgə fəaliyyətin koordinasiyası, vahid internet resurslarının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var. Azərbaycan Respublikası dünyada İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi işinə həmişə öz töhfəsini verib və verəcək. Hesab edirik ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan lV İslam Həmrəyliyi Oyunları da ümumi mənafelərimizə xidmət edəcək. Artıq Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanıb. Çalışacağıq ki, IV İslam Həmrəyliyi Oyunları həm də bütün İslam dünyasının zəngin potensialının, müsəlman ölkələri arasında dostluq və həmrəyliyin təcəssümü kimi bütün dünyanın diqqətini özünə cəlb etsin. İnanırıq ki, bu, bütün müsəlman ölkələrinin media nümayəndələri üçün də əlverişli fürsət olacaq. Bu amili, habelə müsəlman ölkələri arasında informasiya mübadiləsinin səviyyəsinin yüksəldilməsi, İslam həmrəyliyinə kənar və neqativ xarakterli təsirlərin aradan qaldırılması, İslam dininin, müsəlman dünyasının yüksək mənəvi dəyərlərinin daha effektli təbliği və digər məsələlərin uğurla həllini təmin etmək üçün yeni yaradılmış İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası dəstəklənməli, onun məqsədyönlü fəaliyyətinə hərtərəfli yardım göstərilməlidir. Bu gün İƏT-ə üzv ölkələrin səfirlərinin, jurnalistlərinin konfransda iştirakını bu təşəbbüsə dəstəyin ifadəsi kimi başa düşmək olar. Bir daha ümid edirik ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin növbəti toplantısında bu təşəbbüs fəal müzakirə olunacaq və jurnalist assosiasiyasının səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq qərarlar qəbul ediləcək".
Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed Al-Had İslam dininin həmrəylik dini olduğunu bildirib: "Başqalarına islamın ali məqsədlərinə ziyan yetirməyə imkan verməməliyik. Bəzən İslama məxsus olmayan dəyərləri ona aid etməyə cəhd edirlər".
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Musaid Biin İbrahim Vl-Sulaim isə ölkəsinin müsəlmanların problemlərinin həlli üçün heç vaxt səylərini əsirgəmədiyini söyləyib: "Bakıda İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının birinci konfransına uğurlar arzulayıram".

"KİV-lər keçid dövrünü yaşayır"

İranın Azərbaycandakı səfirinin müavini Davud Çərmi qeyd edib ki, İranın Assosiasiyanın yaradılmasını dəstəkləyir: "İnanıram ki, bu Assosiasiya İslam aləmini dünyada düzgün təmsil edəcək, islamofobiyanın qarşısının alınmasına xidmət edəcək. Yaxın Şərq dünyəvi dinlərin beşiyidir. Hazırda burada dinlərarası ziddiyyət cücərərək inkişaf edir. KİV-lərə gəlincə, çox zaman görürük ki, sosial şəbəkələr KİV-lərin məlumat yayma sahəsində inhisarına son qoyub. Bu da müəyyən pozucu fəaliyyətlərə yol açır. KİV-lər bu gün keçid dövrünü yaşayır. Ona görə də xoş məramı nümayiş etdirmək zamanı çatıb. KİV-lər bu sahədə mühüm rola malikdir. Müsəlman ölkələrinin bəzilərinin ərazilərinin işğal edilməsi, Suriyada, Yəməndə qətliamların törədilməsinə son qoyulmalıdır, bu sahədə cəhdlərin qarşısı vaxtında alınmalıdır. İran zorakılıq və ekstremizmə qarşı birgə fəaliyyət təklif edir".

"Türkiyə və Azərbaycan mediası arasında sıx əlaqə var"

Türkiyənin Azərbaycandakı müvəqqəti işlər vəkili Meral Barlas isə KİV-lərin məsuliyyətli olmasını zəruri sayıb: "Türkiyə və Azərbaycan mediası arasında sıx əlaqə var. Günümüzdə birtərəfli yayıma üstünlük verən Qərb mediası var. Dağlıq Qarabağ, Kipr kimi problemlər də beynəlxalq ictimaiyyətə yanlış şəkildə çatdırılır. Bu baxımdan müvafiq platformaların yaradılmasını dəstəkləyirik. Konfransa uğurlar arzulayıram".
İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bəy Fananie KİV-in demokratiyanın onurğa sütunu olduğunu vurğulayıb: "İslamla bağlı mənfi səpkidə bir çox fikirlər səsləndirilir. Xüsusən Qərb ölkələri İndoneziyaya baxanda, İslamın alternativ formasını görürlər. İndoneziya dünyanın müsəlmanlar yaşayan ən böyük məmləkətidir, yeni və demokratik dəyərlər sistemində yaşayır. Biz İslamın ölkələrə yardım və töhfə verdiyini görürük. Bu gün İndoneziya dünyanın 20 ən nəhəng ölkəsi sırasındadır, Çin və Hindistandan sonra ən sürətli inkişafa malik ölkədir. Yaxın vaxtlarda İndoneziya Böyük Britaniya və Kanadanı ümumdaxili məhsulun həcminə görə keçəcək. İndoneziya və Azərbaycan bir-birini dəstəkləyir. İndoneziya radikalizm səylərini neytrallaşdıraraq mülayim mövqedən çıxış edir. Cənubi Qafqazın ən böyük iqtisadi sistemi olan Azərbaycanla İndoneziya arasında əlaqələri inkişaf etdirməliyik".
İranqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil Əl-Şübeyli isə terroru dəstəkləyən ölkələrin dünyada İslam haqqında rəyi dəyişdirdiyini vurğulayıb: "İslam tolerantlığı təbliğ edir. Azərbaycan da tolerant bir ölkədir və Roma Papası Fransiskin səfəri bunun nümunəsidir. İnformasiya məsələsinə xüsusi diqqət yetirməliyik. İnformasiya mədəniyyətin təbliğində əsas rol oynayır".
İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransında qurumun sədri Fazil Abbasov məruzə ilə çıxış edib.
Hazırda dünyada İslam dini və müsəlmanlarla bağlı Qərbin transmilli mediasının qərəzli informasiya siyasəti həyata keçirdiyini söyləyən Fazil Abbasov belə bir assosiasiyanın yaradılmasının zəruri olduğunu vurğulayıb. O, filologiya elmləri namizədi, jurnalist-alim Sona Vəliyevanın assosiasiyanın yaradılması təşəbbüsünün müəlliflərindən biri olduğunu və assosiasiyanın yaradılmasında aktiv iştirak etdiyini nəzərə çatdırıb.
Məruzə ətrafında çıxış edən "AzərTAC"ın baş direktoru Aslan Aslanov assosiasiyanın saytının peşəkarlıqla hazırlandığını, saytın sosial şəbəkələrdə təbliğinin zəruri olduğunu söyləyib. O, assosiasiyanın fəaliyyətinin effektiv təşkili üçün qurumun nəzdində çevik qrup yaradılmasını təklif edib. Aslan Aslanovun fikrincə, bu qrup analiz, proqnozlaşdırma sahəsində mühüm rol oynaya bilər.


"Assosiasiya mühüm platforma rolunu oynaya bilər"

Konfransda çıxış edən "APA-Holding"in prezidenti Vüsalə Mahirqızı bildirib ki, dünya informasiya məkanını transmilli KİV-lər idarə etsə də, hər bir ölkənin yerli media resursları həmin ölkələr üçün əsas etibarlı informasiya qaynağıdır: "Bizim informasiya mübadiləsi aparmağımız transmilli media orqanlarının manipulyasiyasının qarşısının alınmasında mühüm rol oynayar. Assosiasiyanın yaradılması bu baxımdan vacibdir. Azərbaycan ötən dövrdə Ermənistan tərəfindən növbəti dəfə atəşkəsin pozması halı və terrorçuluqla üzləşdi. Biz bununla əlaqədar başqa ölkələrin mediasının monitorinqi ilə məşğul olanda, acınacaqlı halla qarşılaşdıq. Məsələn, Türkiyə mediası məlumatları transmilli media orqanlarından götürmüşdü və yanlışlıqlara yol vermişdi. Bizim cəmiyyətimizi obyektiv informasiya ilə təmin etmək imkanımız var. Dünya birliyi cəmiyyətlərin birliyidir. Əgər cəmiyyətlərimizi obyektiv informasiya ilə təmin etsək, bu, çox mühüm addım olar. Assosiasiyanın saytında müxtəlif adminlər olsa və biz orada informasiyalar yerləşdirsək, bu, maraqlarımıza cavab verər. Assosiasiya vasitəsilə jurnalistlərin bir-birinin ölkələrini tanıması, qarşılıqlı səfərlərin təşkili mümkündür. Eyni zamanda, biznesin inkişafı üçün ölkələrimiz üçün mühüm iş görə bilərik. Ölkələrimizin təbiəti, tarixi imkan verir ki, turizm, biznes əlaqələri inkişaf etsin. Bu baxımdan assosiasiya mühüm platforma rolunu oynaya bilər. Mən assosiasiyanın işinə uğurlar arzulayır, hər kəsi qarşılıqlı əməkdaşlığa çağırıram".

"Yeni səlib yürüşünə qarşı sipər yaradılmalıdır"

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, Qərbdə də bilirlər ki, islamofobiya yoxdur: "İslam ən hegemon dövründə də fobiya olmayıb, ən yaxşı halda rəqabət mühiti yaradıb. 2001-ci il sentyabr hadisələrindən sonra formalaşdırılan koalisiya əslində yeni səlib yürüşü koalisiyası idi. Bu koalisiyaya müsəlman ölkələri də qoşuldu. Ancaq bu, manipulyasiya üçün idi. Qərb insanların şüuru ilə manipulyasiya etməyi bacardı, yeni insan tipi formalaşdırdı. Bu insan hazırda informasiya ilə idarə olunan insandır. O, transmilli KİV-lərin informasiya bazasına söykənərək qərarlar qəbul edir və bu qərarlar yanlış olur. Bu insan bir də gözünü açır ki, ölkəsi parçalanıb, Qərbin maraqları təmin olunub, özü isə Qərbin qapısında miqrant durumuna düşüb. Məsələyə bu cür qlobal mövqedən yanaşmasaq, vəziyyət fərqli olmayacaq. İnformasiya əsrində jurnalistlərin üzərinə böyük missiya düşür. Yeni səlib yürüşünə qarşı İslam ölkələrində sipər yaradılmalıdır. Bu, o vaxt mümkün olacaq ki, potensialı sipərə çevirə bilək".
"Əl-Cəzirə"nin baş redaktoru Xalid Al-Malik assosiasiyanın İslam ölkələri jurnalistləri arasında qarşılıqlı əlaqələri gücləndirəcəyinə inamını ifadə edib.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Türk Xalqları Ümumdünya Konqresinin prezidenti Yahya Əliyev, İƏT-in İİNA agentliyinin xəbər departamentinin müdiri Zayet Sultan Abdulla, CPF saytının rəhbəri Ayub Sumbal mövzu ətrafında çıxış ediblər.

"Media təmsilçilərinin həmrəyliyinə ehtiyac var"

Mövzu ətrafında çıxış edən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, dünyada islamafobiya və ksenofobiya kimi neqativ təzahürlərin gücləndiyi, ayrı-ayrı güclərin bu amillərdən öz geosiyasi maraqları, parçala və hökm sür siyasətləri üçün istifadə etdiyi, İslam dininin humanist dəyərlərinin, İslam mədəniyyətinin üzərinə lənətlənmiş terror pərdəsinin çəkilməsinə cəhd göstərildiyi bir zamanda İslam ölkələrini təmsil edən jurnalistlərin bir araya gələrək vahid bir platformada birləşmək niyyətlərini ifadə etmələri olduqca mühüm əhəmiyyət kəsb edir: "Xüsusilə də indi, islam dünyasının önəmli bir hissəsində qanlı münaqişələrin davam etdiyi, ayrı-ayrı güclərin himayə etdiyi radikal qruplaşmaların, terrorçi dəstələrin amansız qətliamlar törətdiyi, milyonlarla insanın öz evlərini tərk etmək məcburiyyətində qaldığı bir zamanda İslam mədəniyyətinin daşıyıcısı olan insanların, o cümlədən media təmsilçilərinin həmrəyliyinə çox böyük ehtiyac duyulur".
Elçin Mirzəbəyli qeyd edib ki, bu gün İslam ölkələrinin, müsəlmanların həmrəyliyinə maneə yaradan amillərin sayı təəssüf ki, həddən artıq çoxdur:
"İslam ölkələrində davam etməkdə olan münaqişələr, radikal dini qrupların fəaliyyəti, terror, ayrı-ayrı dini-siyasi qrupların dar çərçivəli, korparativ maraqlarından qaynaqlanan ziddiyyətlər və ikili standartlar, bölücülük, gerilikçilik, xurafat, İslam dininin təməl prinsiplərinə, fəlsəfi mahiyyətinə heç bir aidiyyatı olmayan radikal-təkfirçi, təfriqəçi ideyaların ayrı-ayrı müsəlman ölkələrinə ixrac edilməsi cəhdləri, təhsil və mədəniyyət problemləri, savadsızlıq, cəhalət, feodal təfəkkürü, iqtisadi, sosial və mədəni səviyyə fərqindən qaynaqlanan problemlər İslam ölkələri və müsəlmanlar arasındakı həmrəyliyə ciddi maneə yaradır.
Son zamanlar müsəlman qardaş və bacılarımızın yaşadığı ərazilərdə baş verən qanlı toqquşmalar, İslam tarixinə, mədəniyyətinə, bəşəri əhəmiyyətə malik mədəniyyət abidələrinə qarşı həyata keçirilən vandalizm aktları, cahiliyyə dövrünün düşüncə tərzini, dünyagörüşünü ifadə edən radikal çağırışlarla, nadanlıqla, cəhalətlə qarşılaşdıqda ilk növbədə özümə sual ünvanlayıram: Nədir bunun səbəbi?
Bu günə qədər oxuduğum heç bir kitabda müqəddəs Qurani-Kərimdə olduğu qədər elmə, təhsilə, mədəniyyətə, insanlığa, mərhəmətə çağırış görmədim. Müqəddəs kitabımız, Uca Peyğəmbərimiz bizə "OXU" əmrini verdiyi halda cəhalətə, xurafata doğru meyllənməyimiz, elmdən, təhsildən qorxub çəkinməyimiz nədən və haradan qaynaqlanır?
Bəşəri əhəmiyyət kəsb edən ellin mədəniyyətinin nümunələrini məhv edilməkdən qoruyan, Aristoteli Ərəstuna, Platonu Əflatuna çevirərək özünküləşdirən, elmə, mədəniyyətə, təhsilə açıq bir dinin nümayəndələrinin əhəmiyyətli bir hissəsi nədən müasir texnoloji tərəqqinin, inkişafın ön cərgəsində yer ala bilmirlər.
Mənim öz sualıma cavabım çox sadədir və bəlkə də hər kəsin bildiyi və çoxlarının fərqinə varmadığı bir cavabdır:
Məqsədyönlü yozum! Yanlış təbliğat və təqdimat!
Və bu "məqsədyönlü və yanlış yozum" kor-koranə inanc peşində olan cahil kütləni asanlıqla idarə etmək, qorxu və xof altında saxlamaq üçündür.
Başqa bir səbəb islam dünyasının xaricində və bətnində olan müxtəlif dini-siyasi dairələrin müqəddəs dəyərlərimizdən öz korporativ maraqları üçün istifadə etmək, müsəlmanlar arasında təfriqə yaratmaq, ayrı-ayrı islam ölkələri arasındakı ziddiyyətləri dərinləşdirmək cəhdləridir.
Və təbii ki, bütün bunların qarşısında dayana, müsəlmanları işığa döğru apara biləcək ən böyük güc kütləvi informasiya vasitələri və təbii ki, jurnalistlərdir.
Dövlət müstəqilliyimizin bərpasından cəmi 25 il keçsə də mətbuatımızın 142 illik tarixi var. Təxminən 120-140 il öncəki mətbuatımızın bu günümüzə gəlib çatmış nümunələrinə nəzər salanda indi müzakirə etdiyimizi bir çox problemlərlə bağlı yazılan məqalələrə rast gəlirəm. Mən 140 il öncəyə qayıtmaq istəmirəm. Ondan daha əvvələ isə heç qayıtmaq istəmirəm. Məni müasir Azərbaycan, onun demokratik və tolerant mühiti, inkişafı tamamilə qane edir. Övladlarımı da həmçinin. Bu səbəbdən paylaşa biləcəyimiz çox şeyin olduğunu və belə bir platformanın məhz Azərbaycanın ev sahibliyi ilə gerçəkləşməsini təsadüfi saymıram. Qənaətimə görə, Azərbaycan mətbuatının tarixinin, maarifçilik missiyasının bütün İslam arealında tanınmasına, araşdırılmasına və təbliğ olunmasına ehtiyac var. Çıxışımda bu gün İslam dünyasında həmrəyliyə mane olan amilləri imkan olduğu qədər sadaladım. Bu amillərin aradan qaldırıması üçün isə mətbuatın marifçilik missiyasına və bu istiqamətdə həmrəylik nümayiş etdirməsinə, elmin, təhsilin, mədəniyyətin və işıqlı gələcəyin yanında yer almasına ehtiyac duyulur".
Qeyd edək ki, dünən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Bakı Konfransının iştirakçıları Bəyanat da qəbul ediblər. Bəyanatda deyilir ki, İslam dini haqqında yalnış rəy formalaşdırmaq cəhdləri narahatlıq doğurur: "Biz jurnalistl`r təəssüflə qeyd edirik ki, qərbin islamafob dairələri, onların idarə etdiyi transmilli KİV-lər və təşkilatlar müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən, qərəzli formada təqdim edir. Buna görə də beynəlxalq ictimaiyyətdə müsəlman ölkələri və İslam dini haqqında yalnış təsəvvür yaranır. İslam terrorla eyniləşdirilir, hər bir müsəlman isə potensial terrorçu obrazında təqdim olunur. Yaranmış vəziyyət müsəlman ölkələri arasında fikir ayrılıqlarının aradan qaldırılmasının, vahid mövqeyin formalaşdırılmasını tələb etdiyi kimi informasiya sahəsində də qarşılıqlı əlaqələrin gücləndirilməsini zərurətə çevirib".
Bəyanatda nəzərə çatdırılıb ki, 2012-ci ildə Qabonun paytaxtı Libervil şəhərində İƏT-ə üzv ölkələrinin informasiya nazirlərinin 9-cu toplantısında informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə qərarlar qəbul edilib. 2014-cü il dekabrın 3-də Tehranda keçirilən növbəti toplantına İƏT-ə üzv ölkələrinin Jurnalistlər Assosasiyasının yaradılması barədə təkliflər səsləndirilib və bu, müsbət qarşılanıb: "Biz Bakı şəhərində keçirilın konfransın iştirakçıları İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosasiyasının yaradılmasını dəstəklədiyimizi bəyan edirik. Bu məsələnin İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 11-ci toplantısının müzakirəsinə çıxarılmasına, 2017-ci ildə Bakı şəhərində İƏT-ə üzv dövlətlərin jurnalistlərinin iştirakı ilə yeni yaranmış qurumun birinci konfransının təşkili üçün İƏT katibliyindən müvafiq tədbirlərin görülməsini xahiş edirik".