Baş konsul Türkiyənin media holdinqlərini ziyarət edib Hadisə

Baş konsul Türkiyənin media holdinqlərini ziyarət edib

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev Türkiyənin böyük media qurumları olan "Doğan Holding"ə bağlı "Hurriyet Daily News" qəzetinin və "Demirören Holding" media qrupuna bağlı "Milliyet" qəzetinin redaksiyasında olub.
Baş Konsulluqdan verilən xəbərə görə, M. Hacıyev "Hurriyet Daily News" qəzetinin xəbər koordinatoru və redaktoru Barçın Yinanç ilə görüşüb. Baş konsulun redaksiyaya gəlişindən məmnun olduqlarını deyən B. Yinanç bir çox baxımdan mühüm ölkə olan Azərbaycana daim yaxından maraq göstərdiklərini deyib. O, Azərbaycanın öz qonşuları, xüsusən Rusiya ilə münasibətlərdə uğurlu xarici siyasət aparmasının önəmindən danışıb. M. Hacıyev isə Türkiyədə ingiliscə çıxan iki önəmli qəzetdən biri olan "Hurriyet Daily News"a gəlməkdən çox məmnun olduğunu bildirib. O, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi naminə qəzetlə diplomatik qayda və normalar çərçivəsində əməkdaşlıq edəcəklərini diqqətə çatdırıb.
Baş konsul Türkiyənin ən böyük sənaye və sərmayə qurumlarından biri olan "Demirören Holding"in media qrupu başqanı Mehmet Soysal ilə "Milliyet" qəzetinin binasında bir araya gəlib. M. Soysal jurnalist-yazar və idarəçilik fəaliyyəti boyunca Azərbaycanı heç vaxt Türkiyədən ayırmadığını vurğulayıb. Azərbaycanın müstəqilliyinin 25-ci ilinin qeyd edildiyi bir vaxtda iki qardaş ölkə arasındakı münasibətlərin daha da gücləndirilməsi üçün qurumlar, idarəçilər və şəxslər arasındakı dostluq-qardaşlıq münasibətlərinin dərinləşdirilməsinin vacibliyindən bəhs edən M. Soysal rəhbəri olduğu media qrupuna daxil olan bütün çap və elektron mətbuatın bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib. M. Hacıyev isə qurumlar arasındakı əlaqələrin daha dinamik hala gətirilməsi üçün Baş Konsulluğun üzərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduqlarını söyləyib.
Görüşlərdə Baş Konsulluğun konsulu Esmira Hüseynova iştirak edib.