Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri Hadisə

Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri

11-ci yazı

XVI yüzilin sonunda Səfəvi dövlətinin Şərq sərhədi Xorasanı qəsb etməyə çalışan özbək xanlarının fasiləsiz hücumlarına məruz qalmış, İran körfəzi sularında isə bir çox sahil liman və adaları ələ keçirmiş portəgizlər ağalıq edirdi. 1590-cı ildə Osmanlı dövləti ilə bağlanmış sərt sülh müqaviləsinə görə, Azərbaycan, Gürcüstan, Nəhavənd, Luristan, Şəhrizur da itirilmişdi. Belə bir vəziyyətdə I Şah Abbas Qəndəhardakı Səfəvi Mirzələrinə kömək edə bilməzdi. Çünki I Şah Abbasın başı dövlətin daxili və xarici problemlərini həll etməyə qarışmışdı. İsgəndər bəy Münşinin yazdığına görə bu zaman Zəmindavər hakimi Rüstəm Mirzənin qoşunu arasında bir tərəfdən təfriqə və pərakəndəlik baş vermiş, digər tərəfdən də özbəklərin arzuolunmaz hücumlarına məruz qalmışdı. Müzəffər Hüseyn Mirzə ilə də aralarındakı ziddiyyət daha da kəskinləşdiyi üçün o, Hindistana getməyə məcbur olmuşdu. Artıq siyasi vəziyyətin mürəkkəbləşdiyini görən və I Şah Abbasdan hərbi yardım ala bilməyən Rüstəm Mirzə moğollara tabe oldu və Hindistana getdi.
Səfəvi Şahı üçün önəmli olan Zəmindavər Moğolların təkrar hücumlarına davam gətirməyib işğal olundu. Rüstəm Mirzə Qəzneynin Moğol hakimi Şərif xanla müzakirələrə başladı və eyni zamanda Moğol sarayına tabe olması barədə xəbər də göndərdi. Rüstəm Mirzə 1593-cü ilin sentyabrında (1002-ci il məhərrəm) Moğol sarayına gəldi və orada layiqincə qarşılandı. Müzəffər Hüseyn Mirzə də mövcud çətin siyasi şəraitə dözmür və vəziyyətdən çıxış yolunu Hindistana getməkdə görürdü. Ancaq Müzəffər Hüseyn Mirzə qalanı Moğollara təslim etməkdə tərəddüd edirdi. Onun bu tərəddüdü çox davam etmir. Şahbəy xanın başçılığı altında 10.000 nəfərdən ibarət Moğol qoşunu Qəndəhara daxil olduğundan o, məcburi surətdə qalanı tərk etməli oldu. Moğollar 1595-ci il mart ayında Qəndəhara daxil oldular.
İsgəndər bəy Münşiyə görə I Şah Təhmasibin dövründə Qəndəhar əbədi olaraq Səfəvi məmləkəti tərkibinə daxil edilmişdi. Əvvəl qeyd olunduğu kimi, bu vilayətin hakimliyi Bəhram Mirzənin oğlu Hüseyn Mirzəyə tapşırılmış və o bir neçə il əmisinin fərmanı əsasında buranı sərbəst idarə etmişdi. Hüseyn Mirzə vəfat etdikdən sonra Sultan Məhəmməd Qəndəhara onun oğlu Müzəffər Hüseyn Mirzəni hakim təyin edir. Zəmindavərin idarəsi isə Hüseyn Mirzənin kiçik oğlu Rüstəm Mirzəyə tapşırılır. Məlum olduğu kimi, Şah Abbasın hakimiyyətinin ilk illərində Xorasanı özbəklər müharibə meydanına çevirmişdilər ki, bu zaman Qəndəhar və Hilmend ətrafı vilayətlərdə hakimiyyətdə olan iki nəfər Səfəvi şahzadəsi də, özbək xanlarının arası kəsilməyən hücumları qarşısında artıq özlərinin gücsüz olduqlarını hiss etdikdə, dəfələrlə Şaha müraciət etsələr də, hərbi yardım ala bilməmişdilər. I Şah Abbasın isə dövlətin şimal-qərbində Osmanlı dövləti ilə diplomatik danışıqlara başı qarışdığına görə şahzadələrin ondan kömək almağa heç ümidləri də yox idi. Onlar çıxılmaz vəziyyətdə qaldıqlarına görə Cəlaləddin Məhəmməd Əkbərə sığınıb Qəndəharı da ona tabe etdilər.
I Şah Abbasın 1620-ci ildə Moğol sarayına göndərdiyi elçi Zeynal bəy Şamlı Qəndəhar məsələsi ilə bağlı danışıqlarda müsbət bir nəticə əldə edə bilmədi. Artıq I Şah Abbas da başa düşdü ki, Qəndəharın sülh danışıqları ilə geri alınması baş tutmayacaq. O, elə buna görə də h. 1031 (1622)-ci ildə Xosrov sultanın Qızılbaş alayını Zəmindavərə göndərib Qəndəharı da mühasirəyə aldı. İsgəndər bəy Münşi yazır ki, I Şah Abbas Qəndəharı danışıqlarla - müharibəsiz tutub dağıntıya yol vermək istəmirdi. Ancaq Qəndəhar hakimi Əbdüləziz xan vəziyyəti düzgün qiymətləndirə bilmədiyinə görə I Şah Abbas savaşa başlamağa məcbur olmuşdu. Bu, Moğol hökmdarı Nurəddin Məhəmməd Cahangir (1605-1627) üçün çox gözlənilməz bir hadisə idi. Ona görə ki, I Şah Abbas həmişə ona dostluq, qardaşlıqdan söz açdığına görə o, I Şah Abbas tərəfindən hər hansı bir qorxunun, hücumun ola biləcəyindən heç şübhələnmirdi. Elə bu səbəbdən də Qəndəharda, yəni sərhəd vilayətlərində 5.000 nəfər süvaridən çox qoşun saxlamırdı. Nurəddin Məhəmməd Cahangir bu xəbəri eşitcək, çoxsaylı qoşun səfərbər edib and içdi ki, Qəndəharı geri aldıqdan sonra İsfahana qədər gedəcək. O, qoşuna rəhbərliyi oğlu şahzadə Xürrəmə tapşırdı. Ancaq bu zaman Cahangirin sevgili xanımı Nurcahanla Xürrəm arasında düşmənçilik yarandı və şahzadə ixtiyaında olan qoşundan istifadə edib atasına qarşı çıxır və I Şah Abbasa məktub yazıb dostluq əlaqəsi yaradır. I Şah Abbas
Qəndəhar qala bürclərini 17 gün ərzində top atəşi ilə dağıdır və qala hakimi, şəhərin böyükləri çarəsiz qalıb qalanı təslim etdilər. Zəmindavər də tutuldu. I Şah Abbas Qəndəharı tutduqdan sonra Heydər bəy yüzbaşı Qaradağlı və Mirvəli bəylə Nurəddin Məhəmməd Cahangirə məktub göndərdi. Bildirdi ki, Qəndəhara təyin edilmiş Moğol əmirləri iki ölkə arasındakı ənənəvi dostluq əlaqələrinə əməl etməmiş, onların hərəkətləri ayrılığa, biganəliyə səbəb olmuş, dostluq qapılarını bağlamışdı.
Beləliklə, dövrünün görkəmli siyasi xadimi və diplomatı olan I Şah Abbas bu qələbələrlə hərbi strateji əhəmiyyətli qalaları tutub, ölkənin Şərq sərhədlərini möhkəmləndirməyə müvəffəq oldu. Dehlidə Şah Cahan (1627-1658) hakimiyyətə keçdiyi gündən Qəndəharı Səfəvilərdən geri almaq fikrində olub, əlverişli fürsət gözləyirdi. Şah Cahan hətta 1636-cı ildə Qəndəharı tutmaq istəyi barəsində IV Sultan Murada (1623-1640) məktub yazıb, Osmanlı dövləti, Turan xanları və Moğolların üç istiqamətdən Səfəvi məmləkətinə hücum əməliyyatlarına başlamasını təklif edir. Bu vaxta qədər də Osmanlılarla Səfəvilərə qarşı danışıqlar aparılmış, müəyyən razılaşma əldə edilmişdi. Ancaq Şah Cahan hakimiyyətinin ilk günlərində Səfəvilərdən ehtiyat etdiyinə görə Qəndəharı müharibəsiz tutmağa üstünlük vermişdi. İsgəndər bəy Münşinin yazdığına görə bu zaman Qəndəhar hakimi Əlimərdan xan idi. O, atası Gəncəli xan vəfat etdikdən sonra soylarının Səfəvilərə sədaqət və xidməti nəzərə alınmış və bu vəzifəyə təyin olunmuşdu.
Mənbələrdə Əlimərdan xanın dövlətə sədaqətlə xidmət etməsi ilə yanaşı, onun hind tacirlərinə qarşı kobud rəftarına aid məlumatlara da təsadüf edilir. Tavernye yazır ki, hind tacirləri Qəndəhara gəldikdə Əlimərdan xan onları burada mümkün qədər ləngidir və nəticədə onların şəhər bazarında gündəlik tələbat mallarına xərclədikləri vəsaitdən xeyli gəlir götürür. Sözsüz ki, keçid məntəqəsi olan Qəndəharda belə hallar yolverilməsi, Böyük Moğol-Səfəvi dövlətləri arasındakı iqtisadi əlaqə ilə yanaşı, diplomatik münasibətlərə də mənfi təsir göstərirdi. I Şah Səfi Əlimərdan xanı özbaşına hərəkətlərdən daşındırmaq üçün İmamverdi xan Şamlını 1630-cu ildə Qəndəhara göndərmişdi. Ancaq Əlimərdan xanın Hind sərhəddini öz ordusu ilə pozan Guşəng hakimi Şir xan Əfqana qarşı apardığı döyüş, çaldığı qələbə, Guşəngi tutub orada Qızılbaş alayı yerləşdirməsi İsfahan sarayında ona münasibəti xeyli dəyişir. O, illik xəracı vaxtında ödəyir, oğlunu da girov ünvanı ilə İsfahana göndərmişdi. Bu zaman Şah Cahan Əlimərdan xanın yanına gizlin elçi göndərmiş ondan Böyük Moğola tabe olmasını tələb etmişdi.
Əlimərdan xan Şah Cahanın elçisini hörmətlə qəbul edib yola salsa da, hind elçisinin ardınca məktub göndərib onların təklifini qəbul etmədiyini bildirir. Bu hadisədən Səfəvi dövlətinin baş vəziri Sarı Tağı xəbər tutmuş, lakin, şaha Əlimərdan xan haqqında düzgün məlumat verməmişdi. Şah dərhal qullarağası Siyavuş xana Əlimərdan xanın paytaxta gətirilməsini əmr edir. Nəticədə I Şah Səfidən ehtiyat edən Əlimərdan xan Qəndəharı Şah Cahana təslim edib Böyük Moğol sarayına getməyə məcbur oldu. Səfəvilər Əlimərdan xanın xəyanəti nəticəsində 1637-1638-ci illərdə Qəndəharı yenə əldən verdilər. Bu zaman Şah Səfi ölkənin qərb sərhədlərində yaranan nigarançılıqlara görə Qəndəhara hərəkət edə bilmədi. Ancaq 1639-cu il sentyabr ayında Osmanlılarla sülh bağladıqdan sonra Qəndəhara hücuma hazırlaşmağı əmr etdi.
2 il tədarükdən sonra o, İsfahandan Qəndəharı fəth etmək niyyəti ilə yola düşdü. Lakin yolda xəstələnib, 1642-ci il may ayında Kaşanda dünyasını dəyişdi (31, 120). XVII yüzilliyin 40-50-ci illərində Qəndəhar üstündə Səfəvi-Moğol dövlətləri arasındakı hərbi münaqişəni Tavernye diqqətlə izləmiş və gündəliyində bu barədə məlumatlar verib. O yazır ki, Qəndəhar vaxtilə I Şah Abbas tərəfindən fəth olunmuş və səssiz-sədasız nəvəsi I Şah Səfiyə qalmışdı. Ancaq I Şah Səfinin dövründə Qəndəhar hakimi Əlimərdan xan şəhəri Böyük Moğol dövlətinə təslim edir. Şah Səfidən sonra hakimiyyətə keçən II Şah Abbas Qəndəharı 1648-ci ildə yenidən Moğollardan geri almağa müvəffəq olmuşdu.
Hind hökmdarı Şah Cahan özbək Əbdüləziz xan, Osmanlı Sultanı IV Murad (1624-1640) və IV Məhəmmədlə (1648-1687) Səfəvilərə qarşı diplomatik əlaqə yaratmağa çalışmış, ancaq bunun heç bir əhəmiyyəti olmamışdı. Mərv və Sistan bəylərbəyiliyinin "Təzkirət əl-müluk"da ikinci məqalədə adı qeyd olunmuş, ancaq mahal və ulkaları göstərilməmişdi. İsmayıl Mirzə 1576-cı ildə Ustaclılarla sərt rəftarından sonra Pirə Məhəmməd xan Ustaclının qızı ilə evlənmişdi. O, Ustaclıların damadı olduqdan sonra onlara şəfqətlə yanaşmış və Yeqan Şahqulu sultan Ustaclının oğlu Mürşüdqulu sultanı Sistana hakim təyin etmişdi. Bu görkəmli Qızılbaş əmirinə I Şah Abbas taxta çıxmaqda borclu olsa da, onu 1589-cu ildə öldürtmüşdü.
1603-cü ildə Sistanda Səfərilər sülaləsi nəslindən olan Məlik Mahmud hakimiyyəti ələ almağa çalışırdı. Onun dövlətə qarşı seperatist hərəkatlarının qarşısını almaq üçün I Şah Abbas əfşarlardan Cəfər sultanı Sistana hakim təyin edir. Ustaclı tayfasının Damlı obasından olan Bektaş xan Mürşüdqulu xan Ustaclının vəkili olmuş və 1601-ci ildə Heratda Maruçaq və Murğaba hakim təyin edilir, ancaq elə həmin il Mərvə bəylərbəyi göndərilir və 1609-cu ilə qədər, yəni vəfatına kimi burada hakimiyyətdə olur. 1609-cu ildə isə Məşhəd hakimi Mehrab xan Qacar Mərvə hakimi olmuşdu.
"Zeyl-i tatix-i alamara-yi Abbasi" də göstərilir ki, 1632-ci ildə Buxara hökmdarı İmamqulu xanın (1611-1642), Cicitko hakimi Uraz bəy Bahadur, Bəlx hakimi Nadir Məhəmməd xanın orduları müxtəlif istiqamətlərdən Xorasana hücum edib bir çox qala və şəhərləri ələ keçirdilər. İmamqulu xanın ordusu Mərv əyalətinin yeni bəylərbəyi Aşur xan Çəpnin vəfatından istifadə edib Mərv qalasına hücum etmiş, ancaq burada Qacarların çox ciddi müqaviməti ilə qarşılaşıb qalanı mühasirəyə alır.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor