“Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” Hadisə

“Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində”

Dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatlar İttifaqının təşkilatçılığı ilə Bakı Slavyan Universitetində (BSU) "Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində" mövzusunda təlim kursu keçirilib.
APA-nın məlumatına görə, nəzəri və praktiki olmaqla iki hissədən ibarət olan tədbir FHN-in 7 qurumunun, eləcə də Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarının və müxtəlif növ xilasetmə texnikasının iştirakı ilə baş tutub.
Nəzəri hissə çərçivəsində çıxış edən universitetin təlim-tərbiyə işləri üzrə prorektoru Oktay Səmədov dünyada təbii fəlakətlərin, ekoloji problemlərin artdığını bildirərək, gələcəkdə insan təhlükəsizliyi ilə əlaqədar fənlərin tədris olunmasının vacibliyini vurğulayıb. O.Səmədov FHN-in Bakı Regional Mərkəzi tərəfindən keçirilən maarifləndirici tədbirlərin, konfransların hər bir insanın təhlükəsizliyi baxımından önəmli olduğunu deyib: "Hazırda Azərbaycanda baş verə biləcək istənilən fövqəladə halların qarşısının alınması, insanların maarifləndirilməsi istiqamətdə FHN tərəfindən ciddi tədbirlər görülür və bunlar davam edəcək. Bizə yalnız fövqəladə hallar zamanı təhlükələrdən qorunmaq qalır".
Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Şəmsi Gülverdiyev deyib ki, təşkilat artıq FHN-in Bakı Regional Mərkəzi ilə əməkdaşlıq çərçivəsində bir sıra universitetlərdə bu tipli təlim kursları təşkil edib və bu iş davam etdiriləcək. O, tələbələrin təhlükəsizliyi baxımından bu kimi tədbirlərin önəmini qeyd edib.
FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev çıxışında deyib ki, respublikanı nazirliyin 9 Regional Mərkəzi əhatə edir və hər regionda insanların təhlükəsizliyi istiqamətində çalışır. Onun sözlərinə görə, keçirilən bu kimi tədbirlər də insanların maarifləndirilməsinə hesablanıb: "Təhlükə insan həyatının maraqlarına zərər gətirəcək hadisədir. Həyatda isə 100 faiz təhlükəsizlik yoxdur. İnsanın həyatına təhlükələrin minimal olduğu şərait təhlükəsizlik hesab olunur. Unutmamalıyıq ki, təhlükəsizliyimizin təminatçısı ilk öncə biz özümüzük".
FHN-in statistika sektorunun baş məsləhətçisi Fərid Məmmədhüseynov fövqəladə halların təsnifatı barədə danışıb. Sonra kollektiv mühafizə vasitələri barədə məlumat verilib, fövqəladə hallar zamanı davranış qaydalarından bəhs edilib.
Praktiki hissədə isə əvvəlcədən müəyyən edilən təlim nöqtələri üzrə FHN-in qurumlarının fövqəladə hallar zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqları nümayiş etdirilib. Eyni zamanda yanğınsöndürmə texnika və vasitələrinin təyinatı, sularda xilasetmə vasitələrinin təyinatı və istifadə qaydaları tələbələrə izah olunub. Axtarış-xilasetmə və yanğınsöndürmə əməliyyatları üzrə nümunəvi praktik əməliyyatlar keçirilib.