Qara bağın düyünü Hadisə

Qara bağın düyünü

Elçin Mirzəbəyli

5-ci yazı

"Qara bağın düyünü" adlı ilk yazımı 15 il öncə yazmışam.
15 il öncə Qordi düyünü ilə qarşı-qarşıya qaldığımızı və sadəcə kəsməklə işin bitəcəyini düşünürdüm. Zaman keçdi, eyni adlı 2-ci, 3-cü, 4-cü yazını yazdım. Nə düyün çözüldü, nə də kəsə bildik.
İndi, 15 illik zaman kəsiyindən sonra 5-ci yazını yazıram. Soyuq qış günündə səngərdə düşmənlə üz-üzə qalan övladlarımızın silaha sarılmış əllərinin necə üşüdüyünü hiss edərək yazıram... Monitorda, gözümün qarşısında bəmbəyaz bir səhifə var... Qar kimi... Yəqin səngərdən baxanda ağappaq görünür düşmən tapdağında olan Vətən torpağı... Qara-qura, əyri-üyrü adamcığazlar gəzişir gəlinlik libasına bürünmüş Vətən torpağı üzərində... Monitordakı bəyaz səhifəyə düzdüyüm və bir göz qırpımında sözə çevrilən və elə bir göz qırpımında da silinə bilən qara-qura, əyri-üyrü hərflər kimi...
Mən indi üzərindəki qar örtüyünü gah gəlinlik duvağına, gah da kəfənə bənzətdiyim Vətən torpağında rahat uyuya bilməyən babalarımızın məzarı üzərində var-gəl edən qara gölgələri də bir göz qırpımında silmək istəyərdim. Qar üzərində qırmızı ləkələr... Şərab da qırmızıdı, çiçək də, qan da... Elə ayrılığn rəngi də... Qırmızıdı!
İndi bütün rənglər düyünə düşüb, çözə bilmirik, kəsə bilmirik, qalmışıq qırıla-qırıla...
Amma 15 il öncəkindən fərqli olaraq, düyün və onu çözülməz hala gətirən imperiya kabusunun iyrənc üz cizgilərini daha aydın, daha qabarıq görə bilirik...
Bu dəfə imperiya Lavrovun dodaqları ilə danışdı və həqiqəti dedi. Və bu həqiqət rus soyadı arxasında pərdələnmiş erməni Kələntəryanın vasitəsi ilə dilə gətirildi.
İllərdir Azərbaycan torpaqlarını soysuz köpəklərinin vasitəsilə girov saxlayan Rusiyanın nə istədiyini çözməyə çalışırıq. Bütün ehtimalları dilə gətiririk, bütün vasitələrdən istifadə edirik… Amma olmur ki, olmur.
Axı Rusiya Azərbaycandan nə istəyir?
"Bəlkə ölkəmizin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İttifaqına üzv olmasını…", - deyə bu qəbildən olan ehtimallarımızı dilə gətiririk.
Moskva isə müdrikcəsinə susur…
Bəlkə ərazimizdə öz hərbi bazasını yerləşdirməyi, enerji və nəqliyyat layihələrinə yenidən baxmağımızı arzulayır?
Moskva yenə də susur…
Moskva nəinki göz yaşlarına, heç səmimi təbəssümə, sevgiyə, kəsəsi, insanlığa xas olan heç bir şeyə inanmır.
Bu susqunluğun, günü günə, ili ilə calamağın isə bir anlamı var: Rusiya münaqişənin həllini mümkün qədər uzatmaq, daha əlverişli bir şəraitdə öz şərtlərini diqtə etmək istəyir.
Biz oxşar hadisələrin 1920-ci ilin əvvəlində Paris Sülh Konfransının Dağlıq Qarabağın mübahisəsiz olaraq Azərbaycan ərazisi kimi tanınmasından, rus-bolşevik işğalından sonra da şahidi olmuşuq.
SSRİ-yə - xalqlar həbsxanasına keçid üçün aralıq qurum kimi düşünülmüş Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının hansı şərtlərlə yaradıldığını, daha sonra isə bu qurumun tərkib hissəsi olaraq Sovet İttifaqına "üçü birində" formulunda necə təhkim edildiyimizi də yaxşı xatırlayırıq.
Kim bilir, Rusiya indi hansı formul axtarışındadır: İkisi, yaxud üçü birində? Bilmirəm. Bildiyim isə odur ki, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını Rusiya girov saxlayır...
Girov saxlamaq isə rusların köhnə adətidir. Qarabağ xanlığının Rus İmperiyasının tərkibinə qatılmasını rəsmiləşdirən Kürəkçay müqaviləsindən sonra İbrahim Xəlil xanın nəvəsi Tiflisdə, ali baş komandanın iqamətgahında girov saxlanılırdı... Bu müqavilədən cəmi 1 il sonra Rus imperiyasının general-leytenantı İbrahim Xəlil xanın bütün nəsli, oğlu Mehdiqulu xan istisna olunmaqla Şuşa qalasının qarnizon rəisi mayor Lisaneviç tərəfindən qılıncdan keçirildi. Rus imperiyasının general-leytenantını general-mayor rütbəsi ilə "şərəfləndirilmiş" Mehdiqulu xan əvəz etdi... Və cəmi 17 il sonra, 1822-ci ildə Qarabağ xanlığı ləğv edilərək Rus imperiyasının əyalətinə çevrildi...
Tarixin təkrarlanacağını iddia edə bilmərəm... Təkrarlanmamaq ehtimalı daha çoxdur.
Amma tarixi nəinki unutmamaq, hətta hər an xatırlamaq və xatırlatmaq lazımdı.
P.S. Qara bağın düyünü nə zamansa kəsiləcək, buna zərrə qədər də şübhə etmirəm. Bu tarixi isə özümüz yazacağıq. Həm də yenisini...

P.P.S. Rus xalqına yüz illərdir aşılanan ideoloji-siyasi şüurun təməlində iki xətt, iki rəng dayanır: Ağ və qara, dost və düşmən! Ona görə də velikorus şovinist şüurunun formalaşdırdığı rus xalqının əhəmiyyətli hissəsi və bu xalqın yaratdığı dövlətlər dosta sağmal inək kimi yanaşır. İnək süd verməkdən imtina etdikdə və yaxud süddən kəsildikdə dostluq başa çatı Həm də sadəcə başa çatmır, düşmənçiliyə çevrilir…
Məhz buna görə də Rusiyanın dostu yoxdur, zorən müttəfiqləri var...