İtaliya alimləri ölkəmizdə Hadisə

İtaliya alimləri ölkəmizdə

Fevralın 14-də AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) "Qafqaz ərazisinin seysmik və geodinamik monitorinqi: Məlumatların riyazi təhlili və zəlzələ təhlükələrinin qiymətləndirilməsi" mövzusunda seminar keçirilib. Tədbirdə İtaliyanın Milli Tədqiqatlar Şurasının (İMTŞ) Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutu ilə GGİ-nin alimləri Azərbaycan ərazisinin seysmik təhlükələrini müzakirə ediblər. AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, GGİ-nin Seysmologiya və geodinamika şöbəsinin müdiri, akademik Fəxrəddin Qədirov tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, seminar İMTŞ ilə əməkdaşlığa dair saziş və proqram çərçivəsində imzalanmış "Azərbaycan Respublikası ərazisinin seysmikliyinin məkan-zaman təhlili və seysmik təhlükənin qiymətləndirilməsi" adlı layihə əsasında təşkil olunub. Məqsəd tədqiqatların gedişatına nəzər salmaq və araşdırmaların yeni istiqamətlərini müəyyən etmək, həmçinin gənc alimlərin mövzu üzrə elmi biliklərini artırmaqdır. Layihənin elmi rəhbərləri italiyalı professor Luçiano Teleska və F.Qədirovdur.
Akademik əlavə edib ki, İMTŞ ilə AMEA arasında əməkdaşlıq 7 ilə yaxındır davam edir və bu müddət ərzində artıq 5 layihə yerinə yetirilib. Tədqiqatların nəticələrinə dair 10 məqalə "Thomson Reuters" platformasının bibliometrik şəbəkəsinə daxil olan jurnallarda dərc edilib. Ötən il İMTŞ-in rezidenti, professor Massimo İnquskyo ilə imzalanmış növbəti 5 illik müqavilə ilə bu əməkdaşlığın yeni mərhələsi başlanıb. Alim Ərəbistan-Avrasiya plitəsində müşahidə olunan geodinamik proseslər və bunun təsiri ilə Abşeron yarımadasında toplanan tektonik gərginliklərdən də danışıb. Bildirib ki, Abşeron və Xəzər regionunun geodinamik vəziyyətini tədqiq etmək istiqamətində yeni yanaşmalar, o cümlədən müasir riyazi statistik üsullar tətbiq olunub.
Daha sonra italiyalı professor Luçiano Teleska "2003-2016 illər ərzində Azərbaycanın və ətraf ərazilərin seysmikliyinin məkan-zaman-maqnituda paylanılmasının statistik təhlili" adlı məruzə ilə çıxış edib. O, son illər azərbaycanlı həmkarları ilə birgə ölkəmizin ərazisində aparmış olduğu tədqiqatların hazırkı nəticələri barədə məlumat verib, növbəti mərhələdə görüləcək işlərdən danışıb. Qeyd edib ki, Qafqazda aktiv seysmik ocaqlar haqqında məlumatların baza halında toplanılması analiz və tədqiqatlar üçün mühüm əhəmiyyət daşıyır. Qonaq bu məlumatlardan istifadə edərək tədqiqatların davam etdirilməsinin zəruriliyini vurğulayıb.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin də iştirak etdiyi tədbir digər çıxışlarla davam edib. Seminarda GGİ-nin Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, geologiya üzrə fəlsəfə doktorları – dosent Qulam Babayev və Rafiq Səfərov, həmçinin digərlərinin mövzuya dair məruzələri dinlənilib.