Sosial şəbəkələrin hansı təhlükəsi var? Hadisə

Sosial şəbəkələrin hansı təhlükəsi var?

Hüquqi və Demokratik İslahatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailədaxili zorakılığın aradan qaldırılması naminə maarifləndirmə işinin aparılması" layihəsi çərçivəsində növbəti tədbirini Xaçmaz şəhərində keçirib.
"Sosial şəbəkələrin ailə modelinə təsiri" mövzusunda keçirilən dəyirmi masada çıxış edən layihənin rəhbəri İlham Əliyev problemin aktuallığından danışıb və boşanmaların xeyli artdığını bildirib.
İlham Əliyev ailələrin dağılmasında kənar təsirlərin, xüsusilə sosial şəbəkələrin böyük rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, valideynlər diqqətli olmalı, yeniyetmə və gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etməsinə çalışmalıdırlar: "Son illərdə ölkəmizdə boşanma hallarının artması ciddi narahatlıq doğurur. Bununla bağlı həyata keçirilən məhkəmə işlərinin analizləri göstərir ki, müxtəlif amillərlə yanaşı, sosial şəbəkələrin də boşanmalarda rolu hələ də az deyil. Hesab olunur ki, ailələrdə konfliktli halların artmasında sosial şəbəkələrin rolu böyükdür. Özəlliklə xanımların həyat yoldaşlarının xəbəri olmadan sosial şəbəkələrdən istifadə, qurulan dostluq və digər ünsiyyət sonda ciddi ixtilafa gətirib çıxarır. Eyni zamanda kişilərin də analoji addımları həyat yoldaşları tərəfindən müsbət qarşılanmır".
Məruzəçi, müstəqil jurnalist Əli Zülfüqaroğlu deyib ki, nəinki sosial şəbəkələr, ümumiyyətlə, internet insanları bir-birindən uzaqlaşdırır, ünsiyyətdə soyuqluq yaradır: "Hazırda sosial şəbəkələr boşanmalarda müəyyən rol oynayır. Bütövlükdə internet insanlar arasında ünsiyyət problemi yaradır. Xüsusən də cütlüklər arasında. Əvvəllər evli cütlüklər bir-biri ilə daha çox canlı ünsiyyətdə olur, bir-birinin problemləri ilə daha yaxından maraqlanırdılar. Müasir dövrdə artıq internet cütlüklər arasında böyük bir boşluq yaradıb. Canlı ünsiyyət azaldıqca, insanların bir-birindən gözləntiləri artmağa başlayır. İnsanlar bir-biri ilə normal canlı ünsiyyət qurmadıqlarından, ailədaxili konfliktlər həll olunmamış qalır. Xırda bir detal belə böyük problemə çevrilir. Anlaşılmazlıq zaman keçdikcə böyüyüb ailələrin dağılmasına səbəb olur. Bu gün internetə çıxışı olan hər insan saatlarla orda rahat vaxt keçirə bilər. Bununla insanlar öz içindəki mənəvi boşluğu "doldurmağa" çalışırlar". Məruzəçi deyib ki, cütlüklər arasında problem yaranmaması üçün sosial şəbəkələrdən istifadə şəffaf olmalıdır: "Sosial şəbəkələrdən istifadə sərbəst olmalı, ancaq gizli də olmamalıdır. Yaxşı olar ki, ər və arvad bir-birinin səhifələrinə, profillərinə sərbəst girə bilsinlər. Burada gizlətməli heç nə olmamalıdır. Bu dürüstlük sağlam münasibətlərin əsasını qoya bilər".
Ziyalı Zöhrab Məmmədov çıxışında deyib ki, sosial şəbəkələrin qarşılıqlı etimadsızlıq və inamsızlıq faktorunu gücləndirməsi, bəzi hallarda ona olan həddən çox aludəçilik ailə daxilində gərginliklərə, narahatlıqlara səbəb ola bilir: "Sosial şəbəkələrin aldadıcı məqamları var ki, bu da ona aludə olan adam üçün əlavə problemlər deməkdir. Əlbəttə problemin birmənalı şəkildə yalnız sosial şəbəkələrlə bağlı olduğunu söyləmək də düzgün olmaz. Burada sosial problemlərin mövcudluğu, valideynlərin və digər qohumların gənc ailələrin həyatına müdaxiləsi və s. digər məqamlar da var. Amma sosial şəbəkələrə görə də çoxsaylı ailələrin dağılması, çoxsaylı ailələrdə problemlərin yaranmasını müşahidə edirik son dövrlər. Fikrimcə bununla bağlı ictimaiyyət vacib və zəruri tədbirlərin, maarifləndirici, təbliğat xarakterli işlərin keyfiyyətini və sayını yüksəltməlidir".
Layihə rəhbəri bildirib ki, valideynlər xüsusilə məktəbyaşlı uşaqlara nəzarəti gücnləndirməlidirlər:"Uşaqların sosial şəbəkədən istifadəsinin birmənalı olaraq əleyhinəyəm. Ancaq problemi qadağa ilə həll etmək düzgün deyil. Evdə qadağan edilsə belə uşaqlar internet kluba gedə bilir. Hər bir valideyn uşağının hansı saatda, harada, nə ilə məşğul olduğunu bilməli və onu lazımi formada tərbiyə etməlidir".