KİV əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri açıqlanıb Hadisə

KİV əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri açıqlanıb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyəsinə uyğun olaraq "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri"nin müəyyənləşdirilməsi, eləcə də həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə 9 nəfərdən ibarət komissiya yaradılıb.
Komissiyanın tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan 3 nəfər – Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu (komissiyanın sədri), Fondun Müşahidə Şurasının üzvü Ələsgərli Müşfiq Məşi oğlu, Fondun aparıcı məsləhətçisi Mustafayev Samir Elman oğlu; Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasından 3 nəfər – şuranın sədri Məhərrəmli Nuşirəvan Umud oğlu, Şuranın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavadov Nemət Rövşən oğlu, Şuranın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Mehdiyeva Aygün Ərəstun qızı; Azərbaycan Mətbuat Şurasından 3 nəfər – şuranın sədri Amaşov Əflatun Əhməd oğlu, Şuranın İdarə Heyətinin üzvü və Fondun Müşahidə Şurasının sədr müavini Rəhimzadə Vüqar Gəncəli oğlu, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Quliyev Aydın Alqulu oğlu daxildirlər.
Komissiyanın 2017-ci il mayın 16-da keçirilmiş ilk iclasında "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri", eləcə də həmin qaydalar və şərtlər əsasında sənədlərin şəffaf şəkildə qəbulu qaydaları müəyyənləşdirilib. İclasdan sonra komissiya üzvlərinin iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib.
Tədbir iştirakçılarını salamlayan Fondun icraçı direktoru, komissiyanın sədri Vüqar Səfərli əvvəlcə Azərbaycanın bu günlərdə bayram sevinci yaşadığını bildirib və idmançılarımızın IV İslam Həmrəyliyi Oyunlarında ciddi nailiyyətlərə imza atması münasibətilə media nümayəndələrini təbrik edib. Komissiya sədri jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illərdə 2 yaşayış binasının tikilib istifadəyə verilməsini dünyada analoqu olmayan mütərəqqi təcrübə kimi dəyərləndirib. V.Səfərli qlobal maliyyə böhranının ölkəmizə mənfi təsirlərinə baxmayaraq, jurnalistlər üçün inşa edilən binanın tikintisinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib.
V.Səfərli qeyd edib ki, dövlətimizin başçısının 2013-cü il 22 iyul tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamına əsasən Səbail rayonu ərazisində 17 mərtəbəli, 3 girişli, 255 mənzilli sayca ikinci yaşayış binasının tikintisi başa çatdırılıb. V.Səfərli daha sonra "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri" barədə ətraflı məlumat verib.
Komissiyanın üzvü, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə mənzillərin verilməsi şərtlərinin müəyyənləşdirilməsi və sənəd qəbulu prosesinə başlanılması münasibətilə media nümayəndələrini təbrik edib. O, yalnız televiziya və radio yayımçılarının təqdimatlarının komissiya tərəfindən qəbul olunacağını, kabel yayımçılarının bu prosesdə iştirak etməyəcəklərini diqqətə çatdırıb.
Komissiyanın üzvü, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov jurnalistlər üçün mənzillərin tikilib istifadəyə verilməsini Azərbaycanda mediaya göstərilən yüksək diqqət və qayğının bariz göstəricisi kimi dəyərləndirib. Mətbuat Şurasının sədri komissiyanın bu məsuliyyətli prosesi tamamilə şəffaf və ədalətli şəkildə başa çatdıracağına əminliyini ifadə edib.
Sonda media nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılıb.

Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi
qaydaları və şərtləri:

Ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) Komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürür.
Televiziya və radio yayımçıları 10, gündəlik qəzetlər və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd müəyyənləşdirə bilərlər.
Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.

KİV-lər:

- ümumi iclas çağırmalı;
- Komissiyanın şərtlərinə uyğun namizəd(lər)ini müəyyənləşdirməli;
- Komissiyaya təqdimat verməlidirlər (möhürlü və imzalı).

KİV-lərin təqdimatına:

- namizədin şəxsiyyət vəsiqəsinin surəti;
- namizədin əmək kitabçasının surəti (KİV rəhbəri tərəfindən təsdiq olunmuş formada);
- namizədin ailə tərkibi haqqında arayış;
- namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı);
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin, onun həyat yoldaşının və övladlarının adına mənzil şəraiti ilə bağlı arayışın əsli;
- namizədin tərcümeyi-halı (hazırda yaşadığı ünvan və əlaqə telefonları əlavə olunmalıdır).
Təqdimatlarda namizədin mənzil-məişət şəraitinin yaxşılaşdırılması kriteriyalarına uyğun gəldiyi əsaslandırılmalıdır (jurnalistikanın inkişafında xidmətləri, peşəkarlığı, cəmiyyət tərəfindən tanınması və mənzilə ehtiyac kimi meyarlara üstünlük veriləcəkdir).
Dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları barədə Komissiyaya müvafiq şərtlərə və qaydalara uyğun təqdimatlar verilə bilər.
Azərbaycanda jurnalistikanın inkişafında xidmətləri olan veteran jurnalistlər müvafiq şərtlərə və qaydalara uyğun Komissiyaya fərdi qaydada müraciət edə bilərlər.
Adları Mətbuat Şurasının "qara siyahısı"na daxil edilmiş, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzlər.
Göstərilən sənədlər 2017-ci il may ayının 22-dən iyun ayının 22-dək Komissiyaya təqdim edilməlidir.
Komissiya toplanmış sənədləri iyunun 30-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməlidir.
Qeyd: Sənədlər iş günləri saat 10:00-dan 17:00-dək (nahar fasiləsi 13.00-dan 14.00-dək) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisində qəbul olunur (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat Prospekti, 529-cu məhəllə (AZ 1073), Beynəlxalq Mətbuat Evi, 3-cü mərtəbə. Əlaqə telefonları: (012) 537 19 41, (012) 538 40 48).