Bakıda fransız liseyi açıldı Hadisə

Bakıda fransız liseyi açıldı

Olland: "İlk səfərimdə Azərbaycanda çox şey kəşf etdim"

Fransa prezidenti Fransua Olland srağagün Azərbaycana rəsmi səfərə gəlib. APA-nın məlumatına görə, elə həmin gün Azərbaycan və Fransa prezidentləri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda olublar.
Fransa prezidentinə İçərişəhər barədə məlumat verilib, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Qız qalası və Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun dünya mədəni irs siyahısına daxil edildiyi bildirilib.
Olland Bakı Fransız Liseyinin açılışında iştirak edib.
Açılışda çıxış edən prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Fransa prezidentinin Azərbaycana səfəri ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcək.
Prezident İlham Əliyev deyib ki, ölkələr arasında çox sıx əlaqələr var və bu rəsmi səfər də bunu təsdiqləyir: "Daim fikir mübadiləsi aparır, beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik. Siyasi əlaqələrimizin yüksək olması digər sahələrə də təsir göstərir. Sabah iqtisadi əlaqələr təkan vermək üçün biznes forum keçiriləcək. Fransadan da çoxlu sayda iş adamı gəlib, ticari əlaqələrin daha da genişlənəcəyinə inanıram".
Dövlət başçısı iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişaf etdiyini də bildirib.
Prezidentin sözlərinə görə, yüzlərlə Azərbaycan gənci Fransada təhsil alır: "Səfərinizin bu liseydən başlaması sizin də təhsilə böyük önəm verdiyinizi göstərir. İnanıram ki, bu liseydə təhsil alan gənclər iki ölkə arasında əlaqələri inkişaf etdirəcəklər. Burada fransız uşaqlar öz dilində təhsil alacaq, Vətənlərinə bağlı olacaq, azərbaycanlı uşaqlar isə fransız dilini öyrənəcəklər".
Prezident İlham Əliyev qeyd edib ki, dünya mədəniyyətini Fransasız təsəvvür etmək mümkün deyil: "Bu təhsil müəssisəsində bir-birinə hörmətlə yanaşan gənclər yetişəcəklər. Bu lisey Fransa-Azərbaycan dostluğunun mərkəzi olacaq. Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Bu gün Bakıda açılan lisey isə Fransa səfirliyindən sonra Fransanın ikinci parçası olacaq".
Dövlət başçısı nəzərə çatdırıb ki, Ağ Şəhərdə Paris məhəlləsi yaradılır: "Əminəm ki, Fransa prezidentinin Azərbaycana səfəri uğurlu olacaq".
Olland Bakı Fransız Liseyində olmaqdan məmnunluğunu ifadə edib və deyib ki, bu lisey iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq.
Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Fransa-Azərbaycan əlaqələrinin inkişafında xidmətlərinə görə təşəkkür edən F. Olland liseydə 350 şagirdin təhsil alacağını bildirib. O bu səfərin Azərbaycan prezidenti İlham Əliyevin 2012-ci ildəki səfərinə cavab olduğunu söyləyib: "Azərbaycan Luvr muzeyində departamentin açılışına yardım edib. Luvr muzeyində dünya mədəniyyəti yer alıb".
Fransa prezidenti Bakının tezliklə dünyanın ən böyük və gözəl şəhərlərindən biri olacağını qeyd edib: "Biz enerji ilə bərabər, şəhərsalma və nəqliyyat sahəsində də Azərbaycanla əməkdaşlıq etmək istəyirik".
F. Olland Fransada Azərbaycan tələbələrini qəbul etməyə hazır olduqlarını qeyd edib: "Biz Parisdə yeni mərkəz tikəcəyik, orada Azərbaycandan tələbələr qəbul etməyə hazırıq. Bu liseydə Eyfel qülləsi və Qız qalasının təsəvvürü var. Sizin nə demək istədiyinizi anladıq. Birinci, bu, sizin tarixinizi göstərir. İkinci, həm də Siz müstəqilliyinizi qoruyub saxlamaq istəyirsiniz. Azərbaycanda iqtisadi inkişaf çox yüksəkdir. Avropada da belə bir inkişafın olmasını, əhali üçün belə şərait yaradılmasını istərdik. Bu gün səfərimizin əsas məqsədi budur. Bu ilk səfərdə mən Azərbaycanda çox şey kəşf etdim. Azərbaycana yenə də gələcəyəm".
Fransa prezidenti sentyabr ayından bu liseydə çoxlu sayda şagirdlərin təhsil alacağına əmin olduğun bildirib.