Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir Siyasət

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Bakıda təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları son illər ərzində effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlərarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini verməkdədir.

Forumların mərkəzi ünvan kimi ənənəvi olaraq paytaxtımızın seçilməsi isə təsadüfi deyil. Bu, beynəlxalq səviyyədə Azərbaycana olan yüksək etimadın və hörmətin,mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi əvəzsiz töhfələrə olan xüsusi diqqətin, təhlükəsizlik, sülh və davamlı inkişaf yolunda yürütdüyü qətiyyətli siyasətə qlobal səviyyədə verilən önəmin təzahürüdür.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu isə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv platforma kimi müasir geosiyasi mühitdə daha da aktuallıq kəsb edir. Qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçının və 100-dən artıq ölkədən gəlmiş 500-dən çox qonağın tədbirə qatılması Azərbaycan paytaxtının sülh və əmin-amanlıq məkanı kimi beynəlxalq məsələlərin müzakirəsində və problemlərin çıxış yollarının tapılmasında ən unikal və əlverişli yer olduğunu təsdiqləyir.

Tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, dövlətimizin beynəlxalq təmaslarının güclü və möhkəmliyi beynəlxalq ictimaiyyətin ölkəmizə olan etibar, inam və hörmət qazanan tərəfə çevrildiyini göstərir. Hazırkı mürəkkəb qlobal prosesləri yaxından izlədikdə Azərbaycanın xarici siyasətdəki rolunu,qlobal enerji və daşımalar bazarlarındakı fəaliyyətini çox aydın görmək mümkündür: Orta güc olaraq Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri böyük dərəcədə artıb və mürəkkəb geosiyasi kataklizmlər fonunda regionda sabitlik adası kimi görünür. Çünki dövlətimiz tamamilə müstəqil siyasət həyata keçirir, kiminsə diktəsi ilə hərəkət etmir və bu, bizə çox böyük hörmət qazandırıb. Dünyanın supergücləri ilə strateji tərəfdaşlığın möhkəmlənməsi isə bunu bir daha əks etdirir.

Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə,Avropa ilə Asiya arasında yerləşməklə əsrlər boyu olduğu kimi bu gün də iki qitə arasında mədəniyyət körpüsü rolunu oynayır. Multikulturalizm, dini və etnik tolerantlıq ənənələri xalqlarımızın hər zaman daşıdığı bir irsdir. Məhz bu zəngin irs Azərbaycan cəmiyyətində olan ahəngdarlığı qorumaqla,uğurlu və sabit inkişafının əsas səbəblərindən birinə çevrilib,ümummilli məsələlərin həllində mühüm faktor kimi çıxış edib.

Sarsılmaz həmrəylik, qarşılıqlı anlaşma və dərin hörmət milli ideyaları – azərbaycançılıq məfkurəsini möhkəmləndirməklə ölkəmizdə yaşayan bütün xalqların vahid məqsəd ətrafında daim birləşdirib. Bu birlik özünü müstəqil tariximizin ən çətin mərhələlərində büruzə verib, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı zamanı, o cümlədən II Qarabağ müharibəsində bütün etnik qrupların və dinlərin nümayəndələri dəmir yumruq kimi birləşdilər. Bu tolerantlıq ənənəsi qələbəmizin rəmzinə çevrilməklə, Azərbaycanın zəngin və əvəzolunmaz milli irsini dünyaya nümayiş etdirdi.

Bir sözlə, ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycanın sarsılmaz milli birliyinin qoruyucusu olan xalqımızın öz zəhməti hesabına əldə edilib. Bu birlik və iqtidara olan dərin inam, uğurlu dövlət idaretməsi ölkəmizi dağıdılmadan, işğaldan, yoxsulluqdan irəliləyişə, inkişafa,uğura gətirib çatdırıb.

Multikulturalizm və tolerantlıq irsi vahid milli birliyin simvolu olmaqla, risklərin neytrallaşdırılmasında da mühüm faktor kimi çıxış edir. Daxili risklərdən uzaq olan Azərbaycanın potensial risk mənbələri hüdudlarından kənardan gələ bilər.Xüsusilə də, rəqəmsal dünyada və informasiya məkanında sürətlə baş verən dəyişikliklər mühitində ideoloji risklər fiziki risklər kimi təhlükələr yarada bilir.

Cənab Prezidentin çıxışı zamanı tövsiyə xarakterli mesajı ondan ibarət oldu ki, multikulturalizm, dini və etnik tolerantlıq ənənələri ilə daim vahid ideya ətrafında sıx birləşən xalqımız bu gün dünənkindən daha ayıq-sayıq olmalıdır. Hərbirimiz ideoloji təxribatlara qarşı hazırlıqlı olmalıyıq. “Milli mənsubiyyətimizin, dövlətçiliyimizin qorunmasına,müstəqilliyimizin müdafiə olunmasına və həyat tərzimizin qorunmasına çox bağlı olmalıyıq”.

Azərbaycanın xüsusi diqqət etdiyi məsələlərdən biri də ikili standartlardır. Bundan əziyyət çəkən biri olaraq dövlətimiz buna qarşı mübarizə aparmağı xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqətdə saxlayıb və ikili standartlar siyasətinin tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalı olduğunu daim ifadə edib.

Bu gün beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınan Azərbaycanın coğrafi xəritədə yeri və mövqeyi dahada genişlənir, yeni tərəfdaşlarla müştərək layihələrin sayı artır. Bir sıra beynəlxalq və regional təşkilatlar/təsisatlar çərçivəsində çoxməzmunlu əməkdaşlıq əlaqələri qurulur.

Ölkəmizin iqtisadi potensialı, fəal xarici siyasət kursu,inklüziv cəmiyyəti, multikulturalizm və mədəniyyətlərarası dialoq vahid bir sinerji yaradır və qlobal layihələrdə Azərbaycandan yan keçmək çox çətindir. Sözsüz ki, bütün bu təşəbbüslərin hər biri dünyada əməkdaşlıq və rifah arxitekturasını yaratmaqla, sülhə və sabit inkişafa xidmətedir.

Azərbaycan, iqtisadi-siyasi diplomatiyasını genişləndirməklə, həm də sülh və barış çağırışları ilə beynəlxalq təşkilatları münaqişələri həll etməyə, sülh mühiti formalaşdırmağa çağırır. Bu ədalətli presedenti – BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistanla bağlı qəbul etdiyi qətnamələrin icrasını Azərbaycan təkbaşına, özgücü hesabına yerinə yetirməklə, beynəlxalq hüququ,ədaləti bərpa edən və bölgədə sülh quruculuğu yaradan ölkə kimi digərləri üçün bir nümunədir.

Münaqişələrdən sülh masasına oturmaq, iradə nümayişetdirmək üçün ortada praktiki fakt və ən yaxşı təcrübə var.Bu təcrübəyə nəzər salınmalı və müharibə tərəfləri bunu tədqiq etmək barədə düşünməlidir. “Bizim qurduğumuz mövcud presedent bəzi münaqişələrin aradan qaldırılmasına da xidmət edə bilər”.

Bu baxımdan, Prezident İlham Əliyevin müəllifi olduğu bu mükəmməl strateji kursu müasir dünyanın sülh və sabitlik üçün yol xəritəsi də hesab etmək mümkündür.

Ramid Namazov

Milli Məclisin deputatı