Ermənistanda “Tramp marşrutu”nun keçəcəyi ərazi açıqlandı İqtisadiyyat

Ermənistanda “Tramp marşrutu”nun keçəcəyi ərazi açıqlandı

“TRIPP (“Tramp marşrutu”) layihəsi çərçivəsində dəmir yolu üçün sovet dövründə istifadə olunan ərazidən istifadə ediləcək”.

Bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan parlamentdə çıxışı zamanı deyib.

“Dəmir yolunun uzunluğu 42 kilometrdir və Araz çayı yaxınlığından keçir. Həmin ərazidə heç bir xüsusi mülkiyyətə aid torpaq sahəsi yoxdur, çünki marşrut sərhəd zolağı və sərhəd zonalarından keçir”, - o bildirib.

Qriqoryanın sözlərinə görə, avtomobil yolu ilə bağlı isə hələlik dəqiq qərar yoxdur:

“Çünki bu yol regional əhəmiyyətə uyğun parametrlərə malik olmalıdır. Bu, istənilən texniki formada ola bilməz, əks halda rəqabətədavamlı olmayacaq”.

Enerji xətlərinə toxunan baş nazirin müavini vurğulayıb ki, bu sahədə çoxlu imkanlar mövcuddur. O əlavə edib ki, elektrik xətlərinin çəkilməsi ilə bağlı məhdudiyyətlər o qədər də böyük deyil və müxtəlif marşrut variantları var:

“Bu xətlər Azərbaycandan gələn infrastruktur və elektrik xətləri ilə sinxronlaşdırılmalıdır. Bu isə hesablamalar məsələsidir”.