Zərərli plastik qablar Hadisə

Zərərli plastik qablar

Adil Qeybulla: "Azərbaycanda plastik qablardan istifadə birdəfəlik dayandırılsın"
Telman Zeynalov: "Plastik qablar böyük təhlükədir"

Dünyada plastik qablardan istifadə özü narahatlıq doğuran bir faktdır. Vətəndaşının sağlamlıq və rifahını düşünən ölkələr plastikanı daha təbii materialla əvəz edirlər. Azərbaycanda isə plastik qab biznesi özünün çiçəklənmə dövrünü yaşayır. Bu xüsusilə plastik butulkalara aiddir. Tibb məsələləri üzrə ekspert Adil Qeybulla plastik maddənin tərkibindəki toksiki maddələrin qidalara da keçə biləcəyini bildirir: "Belə qablar Günəş şüaları altında qaldıqda bioksin adlı maddə ifraz olunur. Ona görə də müəyyən qida maddələrini həmin qablarda saxlamaq olmaz. Əslində, həmin qabların özləri sərin yerlərdə saxlanmalıdır. Günəş altında saxlanması mələhət deyil".
Həkim plastik qabların bir çox ölkələrdəki kimi, Azərbaycanda da birdəfəlik qadağan olunmasının tərəfdarı olduğunu deyir: "O ki qaldı ümumiyyətlə, plastik qabların perspektivinə, hazırda bu barədə dünyada müzakirələr gedir. Sakit Okeanda plastik qabların zibillərini təmizləmək üçün təxminən 30 il lazımdır. Çünki bütün kanalizasiyalar, zibilxanalar sonda dəniz və okeanlara axıdılır və sular çirklənir. Ona görə də hesab edirəm ki, bu qabların perspektivi də sual altındadır. Yəqin ki, bir müddət sonra bu qablarla bağlı bütün dünya üzrə qərarlar olacaq. Mən tərəfdarıyam ki, Azərbaycanda da plastik qablardan istifadə birdəfəlik dayandırılsın".
Plastik qablar orqanizmimizlə bərabər ətraf mühitə, ekologiyaya da ciddi ziyan vurur. Onların 1000 ilə qədər parçalanmadığını deyən ekoloq Telman Zeynalov belə qabların ətraf mühitə yaratdığı təhlükələrdən danışdı: "Plastik qablar böyük təhlükədir. Onu sadəcə, bir dəfə istifadə etmək olar. İkinci dəfə istifadə etmək qəti qadağandır. Çünki o elə struktura malikdir ki, 1000 il ərzində parçalanmır və ətraf mühitə ciddi ziyan vurur. Bir tərəfdən torpaqların şumlanmasına mənfi təsir göstərir. Digər tərəfdən kanalizasiya qovşaqlarını tutur. Bir tərəfdən də dənizlərdə çirklənmələr yaradır. Atlantik və Sakit okeanlarda artıq plastik qablardan Amerika qitəsi kimi qitə yaranıb. Bu zibillər suyun buxarlanmasına mane olur, yağıntıların həcmi azalır. Nəticədə quraqlıq yaranır ki, bu da ərzaq qıtlığına gətirib çıxarır".
Ekoloq plastik materialların yenidən emal edilərək dam örtükləri, parklarda yaşıllıqların kənarında salınan bəndlərin düzəldilməsində istifadə olunmasını təklif edir: "Göründüyü kimi, böyük problemlər yaşanır. Ona görə də plastik qabları yenidən əridib, emal edib təkrar istifadə etmək düzgün deyil. Daha məqdəuyğun olardı ki, plastik materialları əridib dam örtükləri kimi istifadə etsinlər. Çünki onlar min illərlə parçalanmır. Parklarda yaşıllıqların kənarında bəndlər salırlar ki, onların hazırlanmasında plastikdən istifadə etmək olar. Çünki nə çürümür, nə də dağılmır. İkinci tərəfdən isə plastik qabın təkrar emalı 750 litr benzinə qənaət deməkdir".
Telman Zeynalov onu da bildirib ki, bu cür qabların tamamilə ləğvi üçün hökumətin qəti qərarı olmalıdır. Onları emal edən qurumlara məlumat vermək lazımdır ki, ya şüşə qablara keçsinlər, ya da ki fəaliyyətlərini dayandırsınlar: "Gərək onları vadar eləsinlər ki, öz zibillərini özləri yığışdısınlar. Dövlət ona pul ayırmamalıdır. Bir çox ölkələr plastik qablardan istifadəni qadağan edib və bu düzdür. Məsələn, Almaniya, Yeni Zelandiya tamamilə qadağa qoyub. Bir halda ki, bu qablar ətrafa, təbiətə, sağlamlığımıza zərər vurur, onda bizdə də birdəfəlik buna son qoyulmalıdır. Hesab edirəm ki, ölkədə plastik qabların tamamilə qadağan olunması məqsəduyğundur. Bunun əvəzinə şüşə qablara keçilsə, daha yaxşı olar. Qeyd edim ki, şüşə qabları 7 dəfə təkrar emal etmək olur".
Plastik qabların istifadəsi rahat və praktik olmasına baxmayaraq, insan sağlamlığına ziyandır. Bunu Ümumdünya Səhiyyə təşkilatı da təsdiqləyir. Belə ki, plastik bir stəkana isti çay və ya digər hər hansı isti bir içki tökdüyümüz zaman istinin təsiri ilə plastik qabın tərkibindəki bəzi kimyəvi maddələr ayrılaraq qidaya qarışır. Hər gün istifadə etdiyimiz və nisbətən daha keyfiyyətli olduğu düşünülən su bidonlarının özü də insan sağlamlığı üçün həddən artıq təhlükəli olan polikarbonat adlı kimyəvi maddədən istehsal edilir ki, bu maddə də 100 dərəcə istilikdə tərkiblərə ayrılaraq qidaya qarışır. Plastik qabların hazırlanmasında istifadə olunan digər bir kimyəvi maddə isə fosgendir. Bu maddə soyuq qida məhsullarının təsiri nəticəsində asanlıqla ayrılaraq qidaya qarışma qabiliyyətinə malikdir.
Amerikalı alimlər plastik qablaşdırmada olan isti içkilərin, qəhvə və çayın kişilərdə sonsuzluq yaratdığını da iddia edirdilər. Onların araşdırmalarına görə, plastik qabların hazırlanmasında istifadə olunan insan orqanizmi üçün zərərli benzen maddəsi kişilərdə testesteron maddəsinin yaranmasına mənfi təsir edərək gücsüzlük və sonsuzluq yaradır.
İsveç alimi Vinson Braynın araşdırmalarına görə, plastik qablarda su soyutmaq və ya isitmək eyni təhlükəni daşıyır. Bu halda plastik qab flaein maddəsini buraxır ki, bu da qandan sorulmur. Əksinə qanın tərkibində öz həyatını davam etdirir. Nəticə isə sonsuzluqla başa çata bilər. Bu qablara qazlı mayenin doldurulması zamanı isə xərçəng riskini çoxaldan maddə ifraz olunur. Təbii ki, insan sağlamlığı təkcə orqanizmdə baş verən proseslərlə ölçülmür. Bu, eyni zamanda ətraf mühitlə uzlaşmadan da asılıdır ki, plastik qabların ekologiyaya vurduğu ziyan da az deyil. Bu üzdən də plastik qabların tullantıları dünyanın bir çox ölkələrində xüsusi qayda ilə toplanılır və təkrar emala gedir. Amma toplanma zamanı xüsusi sanitariya qaydalarına da ciddi riayət olunur.
Ümumilikdə isə dünya təcrübəsində, xüsusilə, Avropa ölkələrində plastik qablardan istifadədən imtina edilərək, onların yerini kağız torbalara veriblər. Hətta mağaza və supermarketlərdə işlədilən polimerdən hazırlanan torbalar da kağız torbalarla əvəz edilir.
Qonşu ölkələrdən artıq Türkiyədə plastik qabların xərçəng mənbəyi olması barədə maarifləndirici kampaniya gündən-günə genişlənir. Şimal qonşumuz Rusiyada isə pivələrin plastik qablarda qablaşdırılması qadağan edilib. Yaxın vaxtlarda bu ölkədə suyun da plastik qablarda satılmasının qadağan ediləcəyi gözlənilir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov plastik qablaşdırıcı materialları və nazik polimerdən hazırlanan torbaların çox ciddi problem olduğunu deyir: "İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Səhiyyə Nazirliyinə məktublar yazaraq plastik qablaşdırılma məsələlərinə dair fikirlərimi söyləmişəm. Plastik qablaşdırmaların və nazik polimerdən hazırlanan torbaların çox təhlükəli olması barədə məlumatlar vermişəm. Çox təəssüf ki, bəzi dövlət orqanları özlərinin verdikləri sertifikatları inkar etmək istəmir. Düzdür, hazırda İqtisadi İnkişaf Nazirliyi yanında qablaşdırma materialları üçün xüsusi işçi qrupu yaradılıb. Azad İstehlakçılar Birliyinin sədri olaraq da məni həmin qrupa daxil ediblər. Hansı ölkədə ki, istehlakçıların hüquqları mükəmməl qorunmur, o ölkələrdə plastik qablardan, plastik qablaşdırıcı materiallardan istifadə olunur. PVC tərkibli, yəni xlorit tərkibli nazik polimerdən hazırlanan torbalardan qida sənayesində istifadə olunur. Biz bunu broylerlərdə görürük, ətlər və çörəklər PVC-yə bükülür. Ancaq Avropanın bir çox yerlərində bu, qadağan olunub. Çox təəssüflər olsun ki, Azərbaycanda bu sahədə ciddi analizlər aparılmır. Ölkəmizin bazarı zəif olduğundan bura hər şey plastik qablarda gəlir. Hətta bəzi kənd yerlərində plastik su qablarına uşaq yeməyi töküb saxlayırlar. Bu çox ziyanlıdır. Azərbaycan dünyanın az ölkəsidir ki, plastik qabın içərisində üzüm yarpağı qoyurlar".
"Ərzaq təhlükəsizliyi uğrunda" İctimai Birliyinin sədri Zahid Abbasov insan sağlamlığı üçün zərərli olan bu qabların dəfələrlə istifadə edilməsi faktını önə çəkir. Onun sözlərinə görə, bu qablardan təkrar istifadə etmək qadağandır və onlardan bir dəfə istifadə etdikdən sonra mütləq atılmalıdır: "Ümumiyyətlə, bir çox ölkələr plastik qablardan imtina edib. Azərbaycanda isə bundan geniş istifadə edilir. Misal üçün, dəfələrlə məlum olub ki, sərinləşdirici suların satıldığı həmin qablar istifadə edilir, zibilxanalara atıldıqdan sonra isə təkrar olaraq bir neçə dəfə yenidən istifadə olunur. Bəzi hallarda isə təmizlənməmiş vəziyyətdə yenidən su doldurularaq satışa çıxarılır".
"Els" Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova plastik qabların ətraf mühitə ziyanını xatırlatdı: "Əvvəl hədiyyə aparanda, onu kağıza büküb verirdik. İndi qablaşdırırlar. Hamı polietilen paketlərdən istifadə edir. Ərzaqlar plastik qutulara yerləşdirilir. Kimsə fikirləşmir ki, bu qablar hara gedir? Təbii ki, zibilliyə. Həmin polietilen paketlərin göydə süzdüyünün hamımız şahidiyik".
Plastik paketlərin insandan çox yaşadığını deyən İ.Yaqubova onların 150 ilə parçalandığını, hətta 400-500 ilə parçalananların da olduğunu deyir. Ən acınacaqlı hal isə plastik qablardan uşaqların, daha dəqiq desək, valideynlərin öz uşaqlarının qidalanmasında istifadə etməsidir. Çünki uşaq orqanizmi böyük insana nisbətən daha həssas olur. Xüsusilə, körpə uşaqların plastik butulkalar vasitəsilə qidalandırılması onların həyatına ciddi təhlükə yaradır. Bu qabların tərkibində zərərli kimyəvi maddələr var ki, onlardan çoxlu istifadə zamanı həmin maddələr gələcəkdə insan orqanizmində ölümcül xəstəliklərin yaranmasının əsasını qoyur. Mütəxəssislərsə müəyyənləşdiriblər ki, bu, sonradan insanda ürək çatışmazlığı, şəkərli diabet və qaraciyər xəstəlikləri yaradır. Həmçinin, bu qablardan istifadə uşaqlarda sürətli piylənmə və qaraciyərdə fermentlərin yüksəlməsinə və qanda yağlılığın artmasına səbəb olur. Analara körpələrinə plastik butulkalarda isti süd və ya çay verməyin düzgün olmadığından butulkaları şüşələrlə əvəz etmək məsləhət görülür. Z.Abbasov qeyd edib ki, hazırda apteklərdə satışa çıxarılan azyaşlıların qidalandırılması üçün nəzərdə tutulan qabların əksəriyyəti plastikdən hazırlanıb: "Demək olar, bütün körpələr həmin qablarda olan məhsulla qidalandırılır. Uşaq orqanizminin zərifliyini nəzərə alsaq, bunun onlara nə qədər mənfi təsir göstərəcəyini təsəvvür etmək çətin olmaz. Ona görə də plastik qabların xüsusilə uşaqlar üçün istifadəsinə qadağa qoyulmalıdır".

Ülviyyə Tahirqızı