Krım tatarlarının acı taleyi Hadisə

Krım tatarlarının acı taleyi

70 il öncə 423 min nəfər Krım Türkü sürgünə göndərildi

Krım tatarlarının tarixi yurdlarından deportasiyasından 70 il ötdü. Filologiya üzrə elmlər doktoru, araşdırmaçı Mahmud Allahmanlı bildirir ki, böyük tarix yaşamış krımtatarlar tarixin ən incə qatlarını, gündəlik qayğılarından tutmuş həyat amallarına kimi nə varsa, mədəniyyətlərində ifadə edə biliblər. Türkün bu qolu təkcə böyük tarix yaratmayıb, həm də böyük mədəniyyət düzənləyib. Sovetlər imperiyası bu xalqın başına olmazın bəlalar gətirdi. Tarixin çox əski qatlarından süzülüb gələn bu nümunələrin məhvi siyasəti yeridildi. Krımtatarlar dədə-baba torpaqlarından sürgün olundu. 1944-cü ilin 18 mayında böyükdən-kiçiyə bütövlükdə bir xalq deportasiya edildi. İtkilər, sarsıntılar, fəlakətlər deportasiyanın özündən doğan fəsadlar idi. Krımtatarların da tarixi abidələri, maddi-mədəniyyəti, mənəvi dəyərləri bu ağırlığı yaşadı. Eyni zamanda mənəvi mədəniyyəti bütövlükdə sarsıntılarla üzbəüz qaldı. Ədəbiyyat aşınmalarla üzləşdi. İmperiya məqsədli olaraq Krımtatarların tarixi abidələrində, dastan və rəvayətlərində düzəlişlər yolunu tutdu. Məlum nümunələrin məhvindən əlavə, redaktə olunmuş yeni variantlar ortaya qoyuldu. Ancaq bütün baş verənlərə xalq duruş gətirə bildi, məhv olmadı, ruhunu qorumağı bacardı. Şübhəsiz, böyük itkilər də vardı. Krımtatarların şifahi yaradıcılığında xalqın ağrılarının, sevincinin, insan sevgisinin, üzləşdiyi bəlaların, ayrılıq və vüsal məqamlarının ifadəsi var. Ona görə də bu nümunələr son dərəcə əvəzsizdir, xalqın varlığını, mənəvi dəyərlərini, mövcudluğunu, kimliyini yaşadan nümunələrdir. Burada fərdin hisslərindən böyük ümumiləşmiş ağrılara qədər hamısı cəmlənir. Türkün hər bir qövmü çətinliyin, ağrının, fəlakətin nə olduğunu yaxşı bilir. Ona qarşı savaşı da, bu yolda ölümü də bacarır, oradan rahat, sevinc dolu həyata yol başlamağı da mümkün sayır. Çünki böyük düşüncələrlə yaşayan xalqların fəlakəti həmişə böyük olur. Sovetlər imperiyası zamanı sözün həqiqi mənasında Krımtatarlarının üzü gülmədi. Bunun tarixi isə bir qədər əvvələ gedib çıxır. Belə ki, Krım xanlığının süqutu rus şovinizminin fəallaşmasına səbəb oldu. Artıq 18-ci yüzillikdən başlayaraq Krımtatarlarına qarşı müxtəlif təzyiqlərə rəvac verildi. Həmin ərazilərdə rusların yerləşdirilməsi də düşünülmüş siyasətin bir hissəsi idi. Bütün bu müdhiş hadisələr Krımtatarların xalq yaradıcılığında, yazılı ədəbiyyatında əksini tapır".
70 il öncə bir neçə saat içərisində Krım tatarları evlərindən heç bir əşya belə götürmədən dədə-baba torpaqlarından köçürüldülər. 423,1 min nəfər Krım Türkü sürgünə göndərildi. Bunların 57 min nəfəri 5 yaşa kimi uşaq, 68 mini isə 60 yaşdan yuxarı insanlar idi. Köçürülmə prosesində 195 min nəfər öldü. Krımlıları Sibir, Qırğızıstan, Qazaxıstan və Özbəkistanda məcburən yerləşdirdilər. Onillər ərzində Krım türklərinin başına çox bəlalar gəldi.
Krımtatarların tanınmış nümayəndələrindən biri Bəkir Çobanzadədir. Azərbaycan dilçiliyinin, ictimai fikrinin inkişafında Bəkir Çobanzadənin özünəməxsus rolu var. 44 il yaşayan alim bu müddət ərzində ağrılarla, əzablarla dolu bir ömür sürüb. B.Çobanzadə 1896-cı ildə Krım quberniyasının Qarasubazar kəndində anadan olub. Atası çoban olub, çətinliklə həyat sürüb. Hətta balaca Bəkirin özü də 10 yaşına qədər çobanlıq edib. Fitri istedadı, qeyri-adi qabiliyyəti onun burada uzun müddət qalmasına imkan verməyib. Gənc B.Çobanzadə xeyirxah adamların, imkanlı kənd camaatının köməkliyilə Türkiyəyə yola düşür: "Hətta o, bir müddət maddi ehtiyac ucbatından çayçı yanında şagird işləməyə məcbur olub. İstanbul Universitetində fransız və ərəb dillərini də öyrənib. Məktəbi müvəffəqiyyətlə qurtaran B.Çobanzadə Macarıstandakı Peşte universitetinin filologiya faültəsində təhsil alıb. O, burada akademik Dyul Hemətin rəhbərliyilə 1920-ci ildə dilçilik mövzusunda doktorluq dissertasiyası müdafiə edib. "Türk-tatar dialektolojisi", "Türk dili", "Türk qrameri", "Elmi qarmerin əsasları", həmçinin ədəbiyyatşünas kimi "Son dövr Krım-Tatar ədəbiyyatı" (1928), "Türk ədəbiyyatı" (1929), "Türk dili və ədəbiyyatı" və başqa kitabların müəllifidir. B.Çobanzadə keçmiş SSRİ-də türkologiya sahəsində ilk elmlər doktoru, professor olub". O, hələ erkən yaşlarından "Krım milli firqəsi"ndə digər ziyalılar kimi ideoloq rolunda çalışıb. Ziya Göyalpın turançılıq düşüncələrilə bir müddət yaşayıb. Yaradıcılığının bir hissəsini də yazdığı şeirləri təşkil edir. 1924-cü ildə Bakıya gəlir, həyatının sonuna qədər burada yaşayır. Krımda "burjua ideoloqu" kimi təqib olunan Çobanzadəyə hücumların növbəti dalğası Bakıda başladı. O, bu ittihamla da böyük işgəncələrə məruz qalır, nəhayət, 1937-ci il oktyabrın 13-də güllələnir".
Mahmud Allahmanlı "Krımtatar ədəbiyyatı" kitabında böyük tarixi, mədəniyyəti olan Krım tatarlarının şifahi və yazılı ədəbiyyatının problemlərilə bağlı söhbət açıb. Tədqiqatçı "Ədigə"nin, "Çorabatır"ın, "Koplantı batır"ın, "Kozukurpəç"in geniş təhlilini verib, bu dastanların türkün qəhrəmanlıq tarixində yerini göstərməyə çalışıb. Krım tatarlarının məşhur sənətkarı Aşıq Ömərin (17-ci yüzil) yaradıcılığını ortaq türk şeiri ənənəsi bağlamında araşdırıb, onun Qafqazda, Ön Asiyada nə qədər məşhur olduğunu faktlar əsasında göstərib. Sofi Məhmət Gəray xan Kamilin, Hüseyn Şamil Toxtarqazinin, İdris Asaninin, Şakir Səlimin yaradıcılığı və Krım tatar ədəbiyyatının inkişafında tutduqları yer haqqında bilgilər verib.
Tarixdən məlumdur ki, türklər 430-cu ildən etibarən Krıma yerləşməyə başlayıblar. XIII əsrdən isə Krım tatarları adını alıblar. Əvvəllər Altınorda dövləti içində olublar, daha sonra isə sərhədləri Moskvaya qədər çatan Krım xanlığını qurublar. 1475-ci ildən etibarən Krım xanlığı ilə Osmanlı imperiyası tək dövlət kimi yaxınlaşınca, Osmanlı imperiyasının hüdudları Rusiyanın cənub sərhədlərinə qədər uzanıb. Osmanlı imperiyası ilə Rusiya arasında 1774-cü ildə imzalanan Kiçik Qaynarca müqaviləsi ilə Krım xanlığı Osmanlı himayəsindən çıxıb.
Krım türklərinin böyük köç dalğaları 1792, 1860-1863, 1874-1875, 1891-1902-ci illəri əhatə edir. Rus çarlığı 1917-ci ildə bolşevik qiyamı ilə parçalananda Krımın müstəqillik yolu da açılıb. 9 dekabr 1917-ci ildə Krım Tatar Milli Qurultayı toplanıb, 26 dekabr 1912-ci ildə Krım Xalq Respublikasının qurulduğu elan edilib. Krım 1918-ci ilin aprel ayında almanlar tərəfindən da müəyyən müddət işğal edilib, 1920-ci ilin sonlarına doğru təkrar bolşeviklərin əlinə keçib. 1921-ci ildə Krım Muxtar Sovet Sosialist Respublikası qurulub və Rusiyaya birləşdirilib. 18 May 1944-cü ildə Krım tatarları Krımdan kütləvi şəkildə sürgün ediliblər. Sovet hökuməti 25 iyun 1945-ci ildə nəşr olunan fərmanla Krım Muxtar Sovet Sosialist Respublikasını ortadan qaldırıb. Krım vilayət statusuna gətirilib, yenə Rusiyaya bağlı qalıb. Xruşşov rus-ukrayna qardaşlığının 1000-ci ili münasibətilə Krım Vilayətini Rusiyadan alaraq Ukraynaya birləşdirib. Bu yaxında isə Krım yenidən Rusiyaya ilhaq edildi.

Uğur