Qarabağ atları İtaliya qlstuklarının üzərində Hadisə

Qarabağ atları İtaliya qlstuklarının üzərində

İş adamı Yavər Məmmədovun şəxsi ideya müəllifliyi və təşəbbüsü ilə İtaliyanın "Andrew’s Ties" ticarət markası "Qarabağ atı" adlanan qalstuk ərsəyə gətiriblər.
Qarabağ atlarına həsr olunan qalstuk yüksək keyfiyyətli ipəkdən hazırlanmış və əl işidir. Qalstukun əsas rəngi olan mavi rəng onu gündəlik və iş həyatında asanlıqla istifadə etməyə imkan verir. Qalstuk üzərində nallar əsasən iki rəngdədir: qəhvəyi və tünd göy. Qəhvəyi rəng həm atların rəngini, həm dağ, torpaq rəngini xarakterizə etməklə qalstukun istifadə əhatəsini də genişləndirir.
Qalstukun qutusu üçün İtaliyadan xüsusi "at dərisi" adlanan süni dəri gətirilmiş, həmin dəridən qutular hazırlanıb, qutunun üzərindəki elementlər isə atların damğalanmasını xatırladan isti basqı ilə edilib. Qutunun qapağının ağzında olan kiçik damğa Qarabağın sonuncu xanı Mehdiqulu xanın atına vurulmuş damğasıdır. Qutunun içərisində məlumat kitabçası var ki, orada da Qarabağ atları barədə Azərbaycan və ingilis dillərində geniş məlumat verilir.
Müəllif bu ideyanın Qarabağ atlarına olan sevgisindən yarandığını bildirib. O, həmçinin qeyd edib ki, bu qalstuklardan təbliğat vasitəsi kimi də istifadə etmək olar. Azərbaycanın milli at cinsi olan Qarabağ atlarına dövlət qayğısı var və bu sahə ölkə Prezidentinin şəxsi nəzarətindədir.
Müəllif eyni zamanda bu ideyanın yaranmasını qəlbində olan bir nisgillə də əlaqələndirir: "Uşaqlıq illərində hər il yay tətilini Qarabağda babamgildə keçirirdim. Babamı daha çox sevdiyimdən onlarda qalırdım. Ancaq atlara olan böyük sevgim məni günün böyük bir hissəsini qohumlarımın həyətində atlarla məşğul olmağa vadar edirdi. At minir və onlara qulluq edirdim. Bu işdən mənəvi zövq alırdım. Bu isə babamın ürəyincə deyildi, çünki məni gün ərzində çox az görürdü. Tətilin son günü babam məni yanına çağırıb dedi: " İndi gedirsən, ancaq gələn yay bura gələndə sənin hamının atından gözəl öz kəhər atın olacaq.Özü də Qarabağ atı..." Sevincimin həddi -hüdudu yox idi. Lakin, təəssüf ki, bu sevincim uzun sürmədi və elə həmin ilin qış aylarında babamı itirdik...O illərdən babamla bağlı qəlbimdə qalmış nisgili bugün də yaşadıram. Buna görə Qarabağ atlarına həsr etdiyim bu layihəni də babamın əziz xatirəsinə ithaf etmişəm."