Açıq Hökumət Platforması jurnalistlər üçün təlim keçirib Hadisə

Açıq Hökumət Platforması jurnalistlər üçün təlim keçirib

Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "AHT Platforması fəaliyyətdə" layihəsi çərçivəsində keçirilən təlimə aparıcı informasiya agentlikləri, qəzet və xəbər saytlarının əməkdaşları qatılıb. Təlimdə Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerversi də iştirak edib.
Giriş sözündə Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev qeyd edib ki, təlimin keçirilməsində məqsəd Azərbaycanın 2011-ci ildən üzv olduğu Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü, bundan irəli gələn və ölkəmizdə həyata keçirilən islahatlar, Açıq Hökumət Platformasının fəaliyyəti barədə jurnalistlərin bilik və bacarıqlarının artırılmasıdır.
Platforma koordinatoru əlavə edib ki, "AHT Platforması fəaliyyətdə" layihəsi Avrasiya Əməkdaşlıq Fondunun Niderland Xarici İşlər Nazirliyinin dəstəyi ilə icra etdiyi "Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi" Proqramı çərçivəsində həyata keçirilir. O, bu proqram və layihəyə dəstək verildiyinə görə, səfir Onno Kerversə və Avrasiya Əməkdaşlıq Fonduna təşəkkür edib.
Ə.Nuriyev bildirib ki, hazırda həyata keçirilən "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" (MFP) çərçivəsində Azərbaycanda çox əhəmiyyətli tədbirlər həyata keçirilir. Platforma öz növbəsində həm MFP-nin icrasına, həm də "Açıq hökumət" islahatlarına töhfə verir: ""AHT Platforması fəaliyyətdə" layihəsi çərçivəsində dövlət şirkətlərinin fəaliyyətində şəffaflığın təmin edilməsi, büdcə müzakirələrində vətəndaş cəmiyyətinin iştirakı, dövlət orqanlarının göstərdikləri xidmətlərin "ASAN indeks"ə uyğunluğu, bələdiyyələrin, İctimai Şuraların fəlaiyyəti ilə əlaqədar tədqiqatlar aparılıb. Hesablama Platatası, İqtisadi İslahatların Təhlili və Komminikasiya Mərkəzi ekspetlərinin iştirakı ilə dəyirmi masalar, müzakirələr keçirilib. Vətəndaş cəmiyyətinin fəaliyyəti üçün mühitin təkmilləşdirilməsi məqsədilə təkliflər paketi hazırlanıb. Ümumiyyətlə, layihə çərçivəsində aparılan tədqiqat, araşdırma, müzakirələrin nəticələri əsasında Təkliflər Paketi hazırlanıb və Platforma adından hökumətə təqdim ediləcək. Bu layihə çərçivəsində, dövlət orqanları ilə çox uğurlu əməkdaşlıq edilib, dövlət orqanların ekspertləri müzakirələrdə fəal iştirak edərək öz təklifləri ilə bölüşüblər.
Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünün əsas komponentlərindən birinin informasiya açıqlığı olduğunu xatırladan Platforma koordinatoru KİV-in "Açıq hökumət" islahatlarının həyata keçirilməsində xüsusi rolunu da qeyd edib.
Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerversi iştirakçıları salamlayaraq xatırladıb ki, bu il Azərbaycanla Niderland arasında diplomatik əlaqələrin 25 illiyidir: "Bu müddət ərzində iki ölkə arasında yaxşı diplomatik əlaqələr, enerji sahəsində əməkdaşlıq qurulub. Biz Azərbaycanla əlaqələri gücləndiririk. Azərbaycan çox gənc dövlətdir, bu ölkədə demokratiya, insan hüquqlarının təbliği, açıq hökumət tərəfdaşlığı ilə bağlı qanunlar qəbul edilib. Niderland da bu sahədə inkişafa yardım göstərmək niyyətindədir. Hazırda həyata keçirilən layihə də bu nümunələrdən biridir. Bu layihə insan hüquqlarının qorunması və qanunun aliliyinə yardım göstərəcək. Açıq hökumət, şəffaflıq açıq bazar iqtisadiyyatının, demokratik ölkənin qurulmasına yardımdır. Bu layihə Azərbaycan hökumətinin bu sahədə maraqlı olduğunu, tədbirlər həyata keçirdiyini göstərir. Biz çox şadıq ki, Azərbaycan hökuməti Niderland hökuməti, vətəndaş cəmiyyəti və jurnalistlərlə əməkdaşlığa hazırdır. Media açıq hökumət tərəfdaşlığı barədə məlumatlı olmalı, bu barədə cəmiyyətə məlumatlar çatdırmalıdır".
"AHT Platforması fəaliyyətdə" layihəsinin koordinatoru Sabit Bağırov görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində 19 dəyirmi masa keçirilib, 500-dən çox iştirakçı bu müzakirələrə qatılıb. Şəffaflıq, hesabatlılıq, yaxşı idarəetmə, ictimai iştrirakçılıq ilə bağlı çox əhəmiyyətli araşdırmlar aparılıb. "İqtisadi Forum" verilişində bu mövzular və Strateji Yol Xəritələrinin icrasına həsr olunan 13 müzakirə aparılıb. Eyni zamanda Platformanın 2017-2020-ci illəri əhatə edən Strateji Planı hazırlanıb.
S.Bağırov, həmçinin "Açıq Hökumət Tərəfdaşlığı və yaxşı idaretmə mövzusunda" təqdimatla çıxış edib. O, yaxşı idaretmənin əsas şərtləri, Beynəlxalq Valyuta Fondunun "Pul-кredit və maliyyə siyasətində şəffaflığa dair yaxşı təcrübələr Мəcəllə"si, Beynəlxalq Valyuta Fondunun "Fiskal şəffaflığa dair yaxşı təcrübələr Məcəllə"si, BMT-nin antikorrupsiya alətləri toplusunda ictimaiyyətin məlumatlandırılnası üsulları, MHŞT, "Açıq dövlət" konsepsiyası barədə məlumat verib.
"Konstitusiya" Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli isə Platformanın 2017-2020-ci illəri əhatə edən Strateji Planını təqdim edib. İştirakçıları Platformanın missiyası, strateji baxışı, hədəfləri, hansı fəaliyyətlərin planlaşdırıldığı barədə məlumatlandırıb.
Mövzular üzrə iştirakçıların sualları cavablandırılıb və onların irəli sürdüyü təkliflər müzakirə edilib.
Təlimin sonunda iştirakçılara Açıq Hökumət Platforması adından sertifikatlar təqdim olunub.