Vergi partnyorluğu sazişi: qarşılıqlı inam və etimad körpüsü Hadisə

Vergi partnyorluğu sazişi: qarşılıqlı inam və etimad körpüsü

Son illərdə vergi sisteminin təkmilləşdirilməsi, vergi orqanlarının işinin çevik və işlək mexanizmlər əsasında qurulması, vergi ödəyicilərinin maraq və mənafelərinin daha çevik və mükəmməl mexanizmlər əsasında qorunması, onlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, inzibatçılığın müasir tələblər səviyyəsində qurulması və digər məqsədyönlü tədbirlər və islahatlar ölkəmizdə liberal biznes mühitinin təkmilləşməsinə və vergi daxilolmalarının artım dinamikasına müsbət təsirini göstərməkdədir. Ancaq bununla belə, dünyanın başqa ölkələrində olduğu kimi Azərbaycanda da risk qrupuna daxil olan vergi ödəyiciləri kifayət qədərdir və onların arasında vergidən yayınmağa çalışanlara uzun illərdir rast gəlinir. Riskli vergi ödəyiciləri qrupuna daxil olan kolxoz bazarları, kənd təsərrüfatı məhsullarının, eləcə də ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə və topdansatışı mərkəzləri, daş karxanaları, tikinti mallarının satışı ilə məşğul olan obyektlər, şadlıq evləri, mərasim evləri, kiçik və orta sahibkarlıq subyektləri, eləcə də tikinti və inşaat sektorunda çalışan sahibkarlar və qurumlar arasında vergi öhdəliklərinə əməl etməməklə və mühasibat uçotunu lazımi qaydada aparmamaqla vergidən yayınma hallarına cəhd göstərənlər həmişə olub və indi də var. Üstəlik, vergi bəyannamələrinin vaxtlı-vaxtında təqdim edilməməsi, hesablanmış vergilərin tam həcmdə ödənilməməsi, nağd hesablaşmalar aparılarkən nəzarət-kassa aparatlarından istifadə olunmaması, müştərilərin plastik kartlarla ödəmələr aparmasına şəraitin yaradılmaması üzündən vergi ödəyiciləri ilə vergi orqanları arasında ziddiyyətlər, anlaşılmazlıqlar və mübahisələr, hətta münaqişələr həmişə yaranıb. Ona görə də sözügedən mübahisəli məsələlərin sayının azaldılması, vergi orqanları ilə vergi ödəyicilərinin qanuni maraqlarının və ictimai mənafelərinin qorunması, vergi risklərinin minimuma endirilməsi, ölkədə vergilərin könüllü ödənişi sisteminin inkişaf etdirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin sivil və şəffaf əsasda qurulması, hər iki tərəf arasında qarşılıqlı etimad mühitinin formalaşdırılması və bu mühitin möhkəmləndirilməsi, eləcə də vergi ödəyicilərində inam və məsuliyyətin gücləndirməsi üçün sivil, müasir, çevik və münaqişəsiz vergi inzibatçılığının formalaşdırılması, bu inzibatçılığın səmərəliliyinin və büdcə mənafeyinin qorunması üçün məqsədəmüvafiq islahatların aparılması zərurəti hər zaman meydana çıxıb. Bu baxımdan dövlət və sahibkar arasında partnyorluq modelinin qurulmasında 2013-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə əlavə və dəyişikliklərdən biri olan "Vergi partnyorluğu sazişi" böyük rol oynayır. Bu saziş vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması üçün könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Sənəd sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısını almaqla onun inkişafını stimullaşdırmaq, vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlığa, qarşılıqlı etibarlılığa və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyəti təmin etmək, müasir idarəetmə alətləri tətbiq etməklə biznes subyektlərini vergi orqanlarının fəaliyyətinə cəlb etmək, vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etmək, ədalətli, çevik, effektiv və səmərəli vergi nəzarəti yaratmaq və vergi risklərini minimallaşdırmaq məqsədlərinə xidmət edir. Üstəlik, sazişin imzalanması tam sərbəst şəkildə həyata keçirilir. Hər bir vergi ödəyicisinin sözügedən partnyorluq sazişini imzalamaq üçün vergi orqanına müraciət etmək hüququ var. Üstəlik, Vergilər Nazirliyi hər hansı bir sahibkarı "Vergi partnyorluğu sazişi"ni imzalamağa məcbur edə bilməz. Yəni vergi ödəyiciləri belə bir sazişi imzalayıb-imzalamamaqda tam sərbəstdirlər. Bundan əlavə, bu sazişin imzalanması zamanı ilk növbədə, uçot sistemi elektronlaşdırılmış vergi ödəyicilərinə üstünlük verilir. Yəni informasiya-kommunikasiya texnologiyalarının ən son imkanlarından yararlanan vergi ödəyiciləri həm vergi qanunvericiliyinə tam əməl etmək imkanı qazanır, həm də maliyyə-uçot sistemini şəffaf şəkildə qururlar. Eyni zamanda, sazişin imzalanması zamanı vergi ili ərzində yaranmış vergi öhdəliklərini tam və ƏDV ödəyicisi olan, alqı-satqı əməliyyatlarını nağdsız qaydada həyata keçirən vergi ödəyicilərinə üstünlük verilir. Vergilərin düzgün və tam ödənilməsində vergi orqanlarının yükünün biznes cəmiyyəti ilə bölüşdürülməsinə yönələn "Vergi partnyorluğu sazişi" həmçinin vergi orqanları və vergi ödəyiciləri arasında qarşılıqlı əməkdaşlığın qurulmasında və hər iki tərəfin məsuliyyətinin artırılmasında mühüm əhəmiyyətə malikdir. Bu sənəd vergi ödəyicilərinin hüquqlarının qorunmasını yeni bir müstəviyə çıxarmaqla yanaşı, həm də cəmiyyətdə yeni nümunəvi vergi ödəyiciləri adlanan bir təbəqənin yaranmasına və nəticə etibarilə həmin vergi ödəyicilərinin sosial prestijinin artmasına səbəb olur. Çünki bu sazişin bağlanması nəticəsində gələcəkdə yarana biləcək hər hansı bir problemin qarşısını əvvəlcədən almaq, tez-tez vergi yoxlamaları ilə üzləşməmək imkanı əldə etmək mümkündür. Məsələn, vergi ödəyicilərinin və vergi orqanlarının maraqlarına cavab verən bu sazişi imzalamış vergi ödəyicilərinin vergi orqanlarına olan münasibətlərində süni şəkildə formalaşmış psixoloji gərginlik və qorxu hissi yox olur, vergi ödəyiciləri vergi öhdəliklərinə vaxtlı-vaxtında, qanunvericiliyə uyğun şəkildə əməl etməyə çalışırlar. Həmin saziş vergi ödəyicilərinin fəaliyyətinə müdaxilələrin azalmasına gətirib çıxarır. Bu da gələcəkdə vergi ödəyicilərinin vergidən yayınma risklərini minimallaşdırmaqla onların əlavə maliyyə itkilərinin qarşısını alır. Bu saziş, eyni zamanda, vergi orqanları ilə vergi ödəyiciləri arasında yaranan mübahisələrin minimuma endirilməsi və hər iki tərəf üçün mübahisələrin həllinə çəkilən inzibatçılıq xərclərinin aşağı salınması və vaxt itkisinin qarşısının alınması təmin edilir. Digər tərəfdən, sözügedən sazişi imzalayan vergi ödəyiciləri vergi orqanlarından zəruri informasiyaları almaq imkanlarını daha da genişləndirir, biznesin inkişafı ilə bağlı gələcəkdə yarana biləcək vergi öhdəlikləri barədə əvvəlcədən məlumatlı olurlar. "Vergi partnyorluğu sazişi"nin imzalanması vergi ödəyicisinin məsuliyyətini artırmaqla yanaşı, həmçinin onun özünə inamını artırır, onun vergi orqanına və dövlətə inamını gücləndirir. Bunlardan əlavə, həmin sazişin imzalanması həmçinin təsərrüfat subyektlərində bütün əməliyyatların tam və real şəkildə uçota alınma səviyyəsini, şəffaflığı və hesabatlılığı yüksəltməkdədir. Bunun nəticəsidir ki, xırda ticarətlə məşğul olan şirkətlər və sahibkarlar öz mühasibat və uçot sistemlərini düzgün qurduqlarından əməkdaşlıq etdikləri xarici tərəfdaşları qarşısında etibar və nüfuz qazanmağa və idxal-ixrac əməliyyatlarının həcmini artırmağa başlayıblar. Məhz "Vergi partnyorluğu sazişi"nin imzalanması nəticəsində vergi ödəyicilərinin daha rahat və geniş fəaliyyəti üçün yaradılan şərait dövlət-biznes münasibətlərinin qarşılıqlı etimad mühiti çərçivəsində inkişafını sürətləndirir. Bu münasibətlər ölkəmizdə sahibkarlığın inkişafı, yerli və xarici investisiyaların cəlb olunması, müasir texnologiyaların tətbiq edilməsi, yüksək keyfiyyətli və rəqabət qabiliyyətli məhsulların genişləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə, bu sazişinin imzalanması ölkə iqtisadiyyatının inkişafını stimullaşdırmaqda, vətəndaşların biznesə olan marağının artması fonunda yeni fəaliyyət sahələrinin yaranmasına təkan verməkdə, son nəticədə vergi daxilolmalarının artmasında mühüm rol oynamaqdadır. Bu sənəd həmçinin qeyri-neft sektorunda iqtisadi aktivliyin artması üçün mühüm fayda verməkdədir. "Vergi partnyorluğu sazişi" eyni zamanda Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılmasında, sağlam rəqabət mühitinin təmin edilməsində, biznesə başlama prosedurlarının sədələşdirilməsində, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsində, vergi ödəyiciləri olan sahibkarları maarifləndirilməsində, qanunvericiliyin təkmilləşdirilməsində, iqtisadi sektorda müsbət meyillərin yaranmasında xüsusi çəkiyə malikdir.
Yuxarıda sadaladıqlarımız da bir daha göstərir ki, özünün çoxşaxəli əhəmiyyətinə görə "Vergi partnyorluğu sazişi"nin imzalanması mütləq vacibdir. Amma etiraf etmək lazımdır ki, bir çox vergi ödəyiciləri bu sazişin onlara vəd etdiyi üstünlüklərini lazımi səviyyədə dəyərləndirə bilmirlər. Xüsusilə də respublikamızın ayrı-ayrı regionlarında olan vergi ödəyicilərinin "Vergi partnyorluğu sazişi" barədə ya məlumatları yoxdur, ya da çox az sayda informasiyaya malikdirlər. Təbii ki, məlumatsızlıq ucbatından vergi ödəyiciləri ilə vergi orqanları arasında müəyyən anlaşılmazlıqların yaranması hər an mümkündür. Ona görə də bu sazişin əsl mahiyyətinin cəmiyyətə və ictimaiyyətə, o cümlədən vergi ödəyicilərinə düzgün və dolğun çatdırılması, vergi ödəyicilərini bu sənədin mahiyyətinə və əhəmiyyətinə inandırmaq, eləcə də onlarda vergi orqanlarına inam aşılamaq və bu inamı daha da gücləndirmək üçün Vergilər Nazirliyi tərəfindən geniş maarifləndirmə və təbliğat işinin təkcə Bakı şəhərində deyil, ölkənin ayrı-ayrı bölgələrində təşkil edilməsi vacibdir. Bunun üçün vergi ödəyicilərinin çoxluq təşkil etdiyi rayonlarda, uçot sistemi elektronlaşdırılmış, vergi öhdəliklərini tam və ƏDV ödəyicisi olan, alqı-satqı əməliyyatlarını nağdsız qaydada həyata keçirən vergi ödəyicilərinin olduğu yaşayış məntəqələrində "dəyirmi masa"ların keçirilməsi məqsədəuyğundur. Çünki həmin məkanlarda olan sahibkarların və ümumən ictimaiyyətin diqqətini "Vergi partnyorluğu sazişi"nin əhəmiyyətinə yönəltmək, bu sahədə görülmüş işləri, qarşıda duran vəzifələri müzakirə etmək sazişinin mahiyyətinin cəmiyyətə çatdırılması, vergi ödəyicilərinin bu sahədə maarifləndirilməsi baxımından əhəmiyyətli olacaq. "Vergi partnyorluğu sazişi"nin əhəmiyyəti və mahiyyəti barədə məlumatların cəmiyyətə, ictimaiyyətə dolğun və hərtərəfli şəkildə çatdırılmasında dövlət orqanları ilə yanaşı, Kütləvi İnformasiya Vasitələrinin və qeyri-hökumət təşkilatlarının da yaxından iştirak etməli və təbliğat işlərinin əhatə dairəsi genişləndirilməlidir. Çünki maarifləndirilmə nəticsində bu sazişi imzalayanların sayının artması vergi ödəyicilərinin işgüzar fəaliyyətində aktivliyi yüksəltməklə, onların gəlirlərinin və son nəticədə isə vergi daxilolmalarının artırılmasına, ölkəmizdə biznes mühitinin daha da liberallaşdırılmasına, sahibkarlığın inkişafının sürətləndirilməsinə, nağdsız ödəniş sisteminin inkişafına, əmək münasibətlərinin leqallaşdırılmasına imkan yaradacaq. Eyni zamanda "Vergi partynorluğu sazişi" gələcəkdə ticarətin, kapitalın və işçi qüvvələrinin liberallaşdırılmasında, biznesin təşkilində və idarə olunmasında, biznes mühitinin yaxşılaşdırılmasında müsbət nəticələrin əldə edilməsi ilə nəticələnəcək.

Əli Zülfüqaroğlu

Yazı Vergilər Nazirliyinin "Vergilər" qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim olunur.