“Qarabağ”a təşəkkür borcu... Hadisə

“Qarabağ”a təşəkkür borcu...

Əli Zülfüqaroğlu

"Qarabağ" futbol klubu Çempionlar Liqasının (ÇL) qrup mərhələsində London təmsilçisi "Çelsi" ilə İngiltərədə qarşılaşdığı oyunda 6-0 məğlub olandan sonra bir çox azarkeşlər klubu məsxərə obyektinə çevirdilər. Əslində hər bir klub tənqid oluna bilər və tənqid varsa deməli inkişaf da var. Amma tənqid sağlam olmayanda və məsələyə səthi yanaşılanda bu əks effekt verir, eyni zamanda, tənqid hədəfinə çevrilən klub və oyunçuların psixoloji durumuna təsir edir, onların üzərində təzyiqi daha da artırır. Nəticədə oyunun başlama anından sonuna qədər üzərində təzyiq hiss edən futbolçular əsasən ilk 5-10 dəqiqədə olan oyun həyəcanını 90 dəqiqə ərzində boğa bilmir. Buna görə də onların tam potensialı ilə mübarizə aparması mümkünsüz olur. Bu səbəbdən də tez-tez səhvlər, konsentrasiyanın pozulması və.s kimi oyunun gedişinə mənfi təsir edən amillər ortaya çıxır.
Bütün dünyaya məlumdur ki, İngiltərə Premyer Liqası səviyyəsinə görə dünyada ikinci (İspaniyadan sonra), baxımlılığına görə isə birinci çempionat sayılır. İngiltərə çempionatı sürətli futbol, bahalı transferlər, çempionluğa oynayan komandalar, dünya ulduzlarının yer aldığı klublar, milyardlarla büdcələr, ilboyu gərgin mübarizə və.s. deməkdir. Məsələn, "Çelsi" 3 milyard avro büdcəsi olan, dünyanın ən varlı klubu "Mançester Yunayted", Messinin transferi üçün bir ara 690 milyon dollar, 1 ay öncə isə 300 milyon dollar təklif edən 1,9 milyard avroluq büdcəyə sahib "Mançester Siti", Çempionlar Liqasının 5 qat qalibi 1,3 milyard avro büdcəsi olan "Liverpul", 1,9 milyar avroluq "Arsenal" və.s kimi iddialı klublara qarşı mübarizə aparır. London klubu bu il sadalanan klublardan üstün oldu və son İngiltərə çempionudur. "Çelsi" dünyaca məşhur və milyarder Londonun, "Qarabağ" isə xaraba Ağdamın klubudur.
Bütün bu faktorları bir kənara ataraq "Qarabağ"ı qınamaq yanlış yanaşmadır.
Bizim hədəfimiz nə idi? Çempionlar Liqasının qalibi olmaqmı? Yaxud qrup mərhələsini keçməkmi? Əsas hədəf "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi idi. Unutmaq olmaz ki, "Qarabağ" zəif və gərgin mübarizədən uzaq olan Azərbaycan Premyer Liqasının təmsilçisi olaraq bunu bacardı. Nəticə nə oldu? Dünya mediası 700 komanda arasından 32-liyə düşən və ilk dəfə bu turnirdə yer alan "Qarabağ"la maraqlanmağa başladı. Bundan sonra nüfuzlu media orqanları öz istəkləri ilə erməni işğalından, Azərbaycan torpaqlarının zəbt olunmasından yazdı.
Budur "Qarabağ"ın qazandığı və ölkəyə qazandırdığı amil.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun ingilis mediasına "ermənilər torpaqlarımızı işğal edib" deməsi bizim üçün nəticədir. Bu erməni lobbisinin uzun illər apardığı və milyardlarla vəsait xərclədiyi təbliğatın bir həmlə ilə alt üst olması deməkdir.
Xarici mediada hər hansı bir yazı ilə çıxış etmək çox çətindir. Xüsusilə də ermənilərin əleyhinə olan yazılar nadir hallarda dərc oluna bilər. Bu da tanışlıq və maliyyə xərcləmək hesabına.
Xarici media orqanlarının erməni işğalı ilə bağlı yazılara münasibəti adətən belə olur. "Birtərəflidir", "qərəzlidir", "uyğun deyil" və.s. Burada əsasən erməni lobbisinin uzun illər apardığı təbliğat və digər siyasi amillər dayanır.
Amma "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə düşməklə bütün dünya mediasında Azərbaycanın tanıdılması ilə yanaşı, həm də erməni işğalı ilə bağlı çoxsaylı yazıların yayılmasına səbəb oldu. Bunlardan sadəcə bir neçəsini xatırlatmaq kifayət edir.
İngiltərənin nüfuzlu media orqanı "Independent":"Qarabağ"ın stadionu erməni bombaları ilə dağıdılıb: "Klubun Çempionlar Liqasındakı çıxışından sonra daha çox insan Qarabağın Azərbaycan torpağı olduğunu biləcək və bir daha primitiv erməni təbliğatına uymayacaq...".
İspaniyanın dünyaca məşhur "Marka"qəzeti: "Qarabağ" klubu 1993-cü ildə erməni qoşunlarının işğalından sonra Bakıya köçürülüb...".
Bütün dünyanını idman mediasının bü nəşrlərə istinad etdiyini nəzərə alsaq, o zaman təbliğatın miqyasını təsəvvür etmək o qədər də çətin deyil.
Bizim toplum olaraq hələ tam dərk etmədiyimiz və həmişə peşəkar deyil, hobbi kimi yanaşdığımız futbol budur. Futbol böyük biznesidr, eyni zamanda, siyasətdir. Məsələn, Braziliya futbolu ilə dünyada məşhurdur. "Qarabağ" qrup mərhələsinə düşməsi milyonlarla dəyəri olan təbliğat deməkdir. Bizə daha çox bu lazımdır və onu da əldə etdik. Onsuz da "Barselona", "Real Madrid", "Bayer Münhen", "Mançester Yunayted" və digər 100 illik tarixi və milyardlarla büdcəsi olan və hər il çempionluğa oynayan komandaları keçmək kimi bir hədəfimiz yox idi. Hədəf qrup mərhələsi idi və ona da çatdıq. Bir qalırdı itiriləsi heç nəyimizin olmamasını düşünərək həyəcanı yenmək...Bizə isə bu nəticələrə görə sadəcə "Qarabağ"a təşəkkür etmək düşür...